Modern.az

Əkbər Qoşalının KƏNDİ: “Kəndimiz bir institutun araşdırmalı olduğu sirdir” - RUBRİKA

Əkbər Qoşalının KƏNDİ: “Kəndimiz bir institutun araşdırmalı olduğu sirdir” - RUBRİKA

4 Fevral 2015, 22:34

Modern.az saytının “Mənim kəndim” rubrikasında əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə şair-publisist Əkbər Qoşalı doğulub-böyüdüyü Tovuz rayonunun Qoşa kəndi, oradakı uşaqlıq illərindən danışır. Əkbər Qoşalı o yerləri, o illəri belə xatırlayır:

Mənim kəndim

- “Mənim kəndim” demək də bir az qərib gəlir mənə. Əlbəttə, mən o kənddə doğulub, orada böyüyüb və kamala çatmışam... Ancaq mən o kənddən çıxıb – haradasa 500 kilometr uzaqlarda özümə yuva qurmuşam... Doğrudur, böyük şəhərlər, adətən, mənim kimi “kəndini atıb, kəndini – özünü tutmuşlar”la dolub... bununla belə taleyini kəndə bağlayanlar, yazı-yayı, payızı-qışı kənddə yaşayanlar, ayağı torpaqdan üzülməyən də az deyil. Düşünürəm ki, onlar ürəklə “mənim kəndim” deyə bilərlər.

Şəhərlərə səpələnən kəndli balaları isə demək olar, yalnız xeyirdə- şərdə (Tanrı şər qismət eləməsin) və istirahət damarları atanda kəndə gedir. Bu və bu qəbildən olan, mənim öz-özümə verdiyim “ittiham”lar öz yerində. Deyirəm, bəlkə də həmkəndlilərimdən soruşsanız, ola bilər ki, haqqımda çox yaxşı, kəndcanlı sözlər söyləyəcəklər. Bu da mənim kiçik işlərimi böyük görmələrindən, xoş niyyətdən, o balaca dağ kəndindən çıxıb respublikada, bəlkə bir qədər də türk dünyasında tanınan bir həmkəndlilərinin olmasından qaynaqlanardı...

Bax, o balaca dağ kəndinin – Tovuzun Böyük Qışlaq səmtinin, Çatax icra nümayəndəliyinə bağlı Qoşa kəndinin adını özümə təxəllüs götürmüş, bu minvalla, özündən, adından böyük mahiyyətinə can atımımı ifadə etməyə çalışmışam...



O kənddəki uşaqlıq illəri

- Uşaqlıq illərim elə də parlaq olmayıb – gərək, doğrusunu deyim. Anamın səhhətində problemlər yaşanırdı, o üzdən günümüz gün olmurdu. Sonra qarışıq dönəmlər başladı, bir az yenidənqurma, bir az qeyri-müəyyənlik və s. Üstəlik, bizim kənd Ermənistan Respublikası kimi tanınan, əslində tarixən bizim torpaqlarımız olan, keçmiş Şəmşəddil, indi Berd adlanan rayonun Qula, Çinar kəndləri ilə uzaqdan-uzağa da olsa, həmsərhəddir. Odur ki, keçmiş SSRİ-də millətlərarası münaqişənin ilk alovlarını, onunla paralel Ermənistanın işğalçılıq siyasətinin təzahürlərini ta başlanğıcdan hiss edən yaşayış məntəqələrindən biri də biz tərəflər, Minvuqlu, Qoşa, Şıxheybət, habelə, Qaralar, Həsənli kəndləri olub. Demək istəyirəm, mənim uşaqlıq illərim qarmaqarışıq hadisələrlə “süslü” idi...



Heç zaman unudulmayan xatirələr

- Unudulmayan xatirələr, əlbəttə, var. İlk növbədə, Yenigün – Novruz bayramı ilə bağlı keçirdiyimiz, ürəyimizin sinəmizə sığmadığı günlərin ölçüyəgəlməz hiss-həyəcanını xatırlayıram.

Şair deyir: “Cocuqlar kimi şəndik”. Biz isə cocuqduq, şəndik. Bəzən səbəbsiz yerə sevinə, bəlkə elə səbəbsiz yerə də kədərlənə bilirdik. Kitab-dəftər oxuduqca, ağlımız kəsdikcə də, bu ovqat dəyişiminin təhtəlşüurla bağlı olduğuna, hansısa idrak prosesinə keçid dönəmi yaşadığımıza inan(ır)dıq...

Yadımdadır, hər il, elliklə qəbir üstə çıxardıq. Bu, bir el ayini, camaat ritualı idi, elə bil. Böyüklər üçün haqq dünyasında olanların ruhunun şad edilməsi mərasimi, biz balacalar üçünsə, Tanrı günaha yazmasın, elə bil şənlik günü idi. Təsəvvür edin, Yolayrıcı deyilən yerdə, ağaclar altında süfrələr açılır, qazanlar asılır, gəlib-gedənlərə ehsan paylanırdı. Kəndimizlə bağlılığı olan, həmin gün orada bulunmaq imkanı olan nə qədər qohum-əqrəba, qol-qanad yığışırdı ora. Bizim ailə, rəhmətlik Turac mamamgilnən – atamın bacısı ailəsi ilə və Cahangir əmimgilnən bir süfrə başına yığışardı. Zatən, hər kəs iki bir, üç bir yığışıb ehsan verərdi...

Bir dəfə, qəbiristanlıqdan qayıdanda rəhmətlik Cahangir əmimin ağ “Niva”sının böyrünü kəsdirib durmuşdum ki, kəndə enəndə mən də maşına minəcəyəm. Ancaq yaşlılara güclə yer oldu və mən təbii olaraq, qıraqda qalmalı, pay-piyada enməli oldum evimizədək... – Deyirəm, uşaqlıqdı də, heç cür qəbul edə bilmirdim ki, nə olardı, ey, məni də bir təhər götürmək olardı axı!.. O qədər dolmuşdum, özüm-özümə böyüyəndə o ağ “Niva”dan birini almağı söz verdim. İllər keçdi, baş qarışdı, araya olaylar, yollar, şəhərlər, kitablar, adamlardüşdü, yaş ötdü, o “ağ Niva” söhbəti yaddaşın “tozlu rəfində arxivləndi”... bir də, ötən il maşın alanda o olayı şiddətlə xatırladım...


O kənddəki evimiz

- Kənd evi, az qala hər il bir yeri təzələnən, bir böyrünə artırma artırılan evdir, bizim kəndin nəzərində. Bizim evimiz ölçülərinə, böyüklüyünə görə kəndimizdəki ən böyük evlərdən biridir – ikiqatlı, iki eyvanlı, kəllə artırmalı... O evdə acılı-şirinli günlərim olub.

Biz tərəflərin qışı sərt olardı o vaxtlar – Uzaqlardakı Çernobıl qəzasının təsiri ta bizim kəndə qədər gəlib çatmışdı və o iqlim dəyişikliyi olmuşdu guya. Sözüm onda deyil, qış sərt olardı, qalın qar düşərdi, elektrik xətlərində problemlər yaranardı və uzun günlər boyunca kəndə verilən elektrik enerjisi kəsilərdi. Bax, o soyuq, elektrik enerjisinin verilmədiyi günlərdə, çıraq işığında, hamının yığışdığı bir otaqda, evdəkilər yatandan sonra mən dərs oxuyardım. Anam deyərdi: “Anan ölsün, a bala, gərnəşməkdən kürəyin qat oldu, dur, yat”... Mən yenə də oxuyardım, yazardım. Bayaq dediyim o “təhtəlşüur”la “anlayırdım” ki, mənim nicatım yalnız yaxşı oxumaqdadır!.. Görünür, müəllimlərimiz də “ipimizi boş tutmurlarmış”...

Və məktəbimiz...

- Yaxşı oxumaq demişkən, məktəbimiz texniki imkanları baxımından ürəkaçan səviyyədə olmasa da, dərsi, nizam-intizamı ilə, müəllimlərin gücləri çatdığınca bilikləri aşılamaq yetənəyi, istəyi ilə örnək məktəblərdən biri idi... Rəhmətlik Qasım dayım məktəbin direktoru, Cahangir əmim direktor müavini idi. Baxmayın, biri dayım, biri əmimdi, bizə gün verib-işıq vermirdilər: oxuyun, oxuyun, oxuyun! – Nə qədər yaxşı oxusan, yenə oxumağa əlavə bir şey tapırdılar... Hər ikisnə, haqq dünyasında olan bütün müəllimlərimizə rəhmət, qalanlarına can sağlığı diləyirəm.


Borclu olduğum müəllimlər...

- Müəllimlərimizin hamısına borcluyam. Mən 8 il öz kəndimizdə, iki il də Çatax kənd orta məktəbində oxumuşam. Hər iki məktəbdə, ali

məktəb səviyyəsində müəllimlərim olub, buna qarşılıq, ali məktəbdə orta məktəb səviyyəsinə cavab verməyən dərs deyənlərimiz olub... O uzaq kimi uzaq, yaxın kimi yaxın orta məktəb illərindən Tanrıverdi Qasımovu, Zülfüqar İbrahimovu (onun haqqında yazdığım “Mənim müqtədir müəllimim” adlı məqaləm bir neçə media orqanında işıq üzü görüb), Rita Novruzovanı, rəhmətliklər Cahad Məmmədovu, Həsən Rzayevi dərin sayğı ilə xatırlayıram. Əlbəttə, adını çəkmədiklərim də sağ olsunlar, hər birinin özünə görə əməyi var üzərimizdə...

Kəndimizin özəlliyi və gözəlliyi

- Kəndimiz dəniz səviyyəsindən 1500 metr yüksəklərdə, meşələr qoynunda qərar tutub. Burada yayda diş göynədən bulaqlarımı deyim, “Dədə Qorqud” dastanı ilə səsləşən yer adlarınımı sayım, yaxud qızıl mədənlərinimi vurğulayım..? Pir, Ocaq yeri, Qalaça(lar), Ağamir, Yeddibulaq, Çıxheybət yolundakı Qoca palıd və başqaları...


Kəndimiz - əvvəllər və indi...

- Öncələr kənd daha qaynar, daha canlı idi. Qoşalılar demiş, “yerdən qalxan” çoxuydu; əkin-biçin, çalım yerləri geniş idi, çoxlu toyuq-cücə, ördək-qaz saxlanardı; hər evdən qoşulan qoyun-quzu sürüsü növbə ilə otarılırdı... İndi o qaynarlıq soğulub, elə bil... Əvəzində, neçə illərdir, çanaq antenləri, pultlu televizorlar, paltaryuyan maşınlar, soyuducular, mobil telefonlar, seriallar-filan daxil olub, kənd mühitini hüzuruna... Bu “hüzurpozma olayı” artıq bilgisayarlarla, internet və digərlərilə öz meydanını genişlətməkdədir...

Yaddan çıxmayan sevgi...

- O vaxtların sevgisi, hər halda cocuqluq sevgisidir. Deyə bilərəm, o uzaq illərdə mənim sevgim qızlardan daha artıq kitaba, kitabxanaya olub... Sonra elə o kitablar sevgi dünyasına çağırıb məni, olaylar paralel cərəyan edib və bir də baxmışam həyatın Bakı səhifəsindəyəm... Paytaxt səhifəsindən sonra isə... adətən, yeni fəsil başlayır...

Ağrılı-acılı uşaqlıq...

- Necə deyərlər, uşaq vaxtımın əlindən tuta bilsəydim, onun istəklərinə, diləklərinə yaxşı-yaxşı qulaq asardım, onunla arkadaş olardım... Doğrudur, atamla aramda yaş fərqi çox böyükdür – sanki baba-nəvə yaşı kimi... buna görə onunla arkadaşlıq imkanımız olmayıb... Ancaq o mənə görə Tanrıdan diləklərini bir gün də əsirgəməyib; mən “gənc ailə” statusu qazanıb, böyük ailəmizdən bir köynək aralananda da, palıd yarmaçası kimi kobud, möhkəm əlləri ilə, əllərimi bərk-bərk sıxıb, “a bala, sənə bir elə mal-mülk verə bilməsəm də, ÜRƏYİMİ SƏNƏ VERİRƏM!” deyib... və mən o ürəklə verilən Ürəyi hər gün köməyimdə duran görmüşəm...



Bu gün sizi darıxdıran kənd...

- Açığı, indi öz yaratdığım mühitə o qədər öyrəşmişəm, nəinki kəndimizdə, ümumən dünyanın harasında, kiminlə oluramsa-olum, üç-dörd gündən sonra öz küməm üçün darıxıram. Kəndə gedən kimi qohum-əqrəbaya baş çəkir, ev-eşiyimizin iş-gücü ilə ilgilənir, sonra geri dönmə havasına girirəm. “A bala, quş ötgünü kimi gəlib-gedirsən...” tənəsini eşitsəm də, “qalıb, neynəyəsiyəm!?” ritorikası ilə geri, bəlkə də irəli dönürəm – Abşeron yarımadasına... – dağlardan dənizə...

Heç kəsə demədiyiniz sirr... Təbii ki, kəndlə bağlı

- Əgər o heç kəsə deyilməmiş sirdirsə, qoy elə sirr olaraq da qalsın. Ancaq onu da deyək ki, bizim kənd, bəlkə də yalnız Tovuz üçün deyil, bütün Azərbaycan tarixi üçün yararlı olacağına şübhəm olmayan, hələ öyrənilib, tədqiq edilməmiş etnoqrafik yaddaşı, elə Etnoqrafiya və Arxeologiya İnstitutunun araşdırmaları ilə üzə çıxacağı günü gözləyən, dağda-daşda, torpaq altda, su dibində, ağac kökündə yatan həqiqətləri ilə bir sirdir...



Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?