Modern.az

Bahar Muradova müxalifət deputatlarından razıdır

Bahar Muradova müxalifət deputatlarından razıdır

1 Sentyabr 2010, 16:13

Milli Məclisin beş illik fəaliyyəti dövründə parlament müstəvisində iqtidar-müxalifət münasibətləri normal səviyyədə keçib. Modern.az bildirir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova  deyib.

“Hər halda, ötən dövrlərdəki hay-küylü müzakirələrin, bəzən digər hərəkətlərin də qoşulduğu diskussiyaların şahidi olmadıq. Sadəcə, bir neçə kiçicik halı nəzərə almasaq, normal, sivil, konstruktiv müzakirələrin şahidi olduq. Hər kəsin öz fikrini azad şəkildə ifadə etmək imkanını müşahidə etdik, eyni zamanda, parlamentdə azlığın fikirləri eşidildi, həmin fikirlərin qəbul edilməsi isə, bu, artıq parlamentin hər bir üzvünün münasibəti ilə bağlı olan məsələdir. Əsas odur ki, biz yuxarıda sadaladığım fəaliyyət sahələri üzrə, iqtidar-müxalifətə fərq qoymadan hər kəsin iştirakının təmin olunmasına çalışdıq”- deyən Bahar xanım vurğulayıb ki, kimlərin bu tribunadan necə istifadə etməsi artıq onların öz işidir.  
Deputat bildirib ki, Milli Məclisin rəhbərliyi hər  kəsin öz imkanını ortaya qoyması, öz mövqeyini ifadə etməsi, parlamentarizm işinə öz töhfəsini verməsi üçün lazım olan bütün addımları atıb.

Üçüncü çağırış parlamentin beşillik fəaliyyətinə toxunan MM sədrinin müavini kimi Bahar Muradova bildirib ki, Məclisin işinə qiymət kənardan olmalıdır. “Bunu Azərbaycan xalqı, Azərbaycan seçiciləri, Azərbaycan ictimaiyyəti, Azərbaycan mediası və sair edə bilər. Mən isə özüm-özümüzə konkret rəqəmlə qiymət vermək istəməzdim”.

Bununla yanaşı B.Muradova qeyd edib ki, parlament bu beş il ərzində qarşısına qoyduğu məqsədlərə maksimum şəkildə nail olub. “Biz bu müddət ərzində ölkədə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar, parlamentin cəmiyyətdə rolunun artırılması istiqamətində çox ciddi uğurlara imza atdıq, MM-in beynəlxalq əlaqələrini ciddi şəkildə genişləndirdik və qanunverici orqanın həm ölkədə, həm də dünyada gedən proseslərə operativ, çevik münasibət sərgiləməsi üçün lazım olan bütün hərəkətləri etdik. Bununla yanaşı, parlamentarizm ənənəsinin möhkəmlənməsi üçün, parlament - ictimaiyyət əlaqələrinin, parlament – mətbuat münasibətlərinin təkmilləşdirilməsi istiqamətində çox ciddi işlər gördük”-deyə Milli Məclisin sədr müavini vurğulayıb ki, beş il parlamentin həyatında, onun fəaliyyətinin bütün istiqamətlərində uğurlu beş il kimi dəyərləndirilməlidir.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir