Modern.az

Deputat Aynur Quliyeva: «Vətənpərvərliklə bağlı qanun qəbul edilməlidir”

Deputat Aynur Quliyeva: «Vətənpərvərliklə bağlı qanun qəbul edilməlidir”

8 Oktyabr 2009, 16:36

- Parlamentdə "Vətənpərvərlik haqqında" Qanunun qəbul edilməsini təklif etmisiniz. Buna nə ehtiyac var? Sizcə bizdə vətənpərvərlik ruhu aşağıdır?

-  11 sentyabr hadisələrindən sonra ABŞ-da belə bir qanun qəbul edilib və nəzərinizə çatdırım ki, bu adda qanunun qəbuluna münasibət həmin ölkədə də birmənalı deyil. Qanun ABŞ-da keçid xarakterli hesab olunur və terrorla mübarizəni özündə ehtiva edir. Bəzi müddəalarda polisə geniş səlahiyyətlər verilir. Təbii ki, bizim məqsədimiz heç də polisin səlahiyyətlərini artırmaq deyil. Biz məsələyə tamam başqa prizmadan yanaşırıq. Bizdə "Vətənpərvərlik və vətəndaş tərbiyəsi haqqında" Qanunun qəbul edilməsini zəruri edən yetərincə səbəb var. Hesab edirəm ki, bu qanun bir əsas suala sistemli cavab ola bilər: müstəqil Azərbaycan dövləti öz vətəndaşını necə görmək istəyir? Bu qanuna ehtiyacı sovet psixoloїiyasından mümkün qədər uzaqlaşılması, müxtəlif xarici ölkələrdən ixrac olunan ideologiyaların təsirinin azaldılması, cəmiyyətdə fərdlərin vətəndaşlıq mövqeyinin güclənməsi zərurəti yaranır. Belə bir qanunun qəbul edilməsinin əsas məqsədi yeni nəslin tərbiyə edilməsi və yeni vətəndaş modelinin formalaşdırılması üzrə dövlət siyasətinin əsaslarını, Təhsil, Müdafiə, Gənclər və İdman nazirliklərinin, bələdiyyələrin, rəsmi kütləvi informasiya vasitələrinin fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsindən ibarət ola bilər. Qanunun əsas ruhu milli kimliyinə bağlı, milli maraqlarını qoruyan, ictimai fəallığı yüksək və müasir Qərb ölkələrindəki vətəndaş obrazını özündə ehtiva etməlidir. Təəssüf ki, bu gün bizdə hər bir dövlət strukturunun vətənpərvərlik və vətəndaşlıq anlayışlarına öz baxışı var. Bu pərakəndəlik ona gətirib çıxarır ki, müstəqil Azərbaycan vətəndaşı statusuna malik olan insanlar ən adi vətəndaşlıq mövqeyindən belə məhrumdurlar. Bu yöndə aparılan maarifçilik işləri yetərli səviyyədə deyil. Bu məsələdə KİV-in və elektron KİV-in imkanlarından istifadə olunmur, əksinə, yerli televiziya kanallarımız müəyyən istisnaları çıxsaq, vətənpərvərlik ruhunun öldürülməsinə, milli dəyərlərimizin, mənəviyyatımızın aşınmasına, deqradasiyaya uğramasına xidmət edir, vətəndaşımızı tərbiyə etmək əvəzinə tərbiyəsizlik dərsi keçirlər. Heç bir əxlaq normasına sığmayan, tamaşaçıya, dinləyiciyə heç bir müsbət yönlü informasiya verməyən, əksinə, savadsızlıq və tərbiyəsizliklə populyarlaşmağın yollarını təbliğ edən düşük şou proqramların efirlərdə meydan sulaması perspektiv üçün yaxşı heç nə vəd etmir.

- Bu sessiyanın ilk iclasında qanunvericilik planı müzakirə edilərkən, orta təhsil haqqında qanun qəbul edilməsini təklif etdiniz.

- Sevindirici haldır ki, ötən sessiya ərzində "Təhsil haqqında" Qanun nəhayət ki, qəbul olundu və artıq qüvvəyə minib. Bilirsiniz ki, bu qanun təhsilllə bağlı çərçivə qanunudur və bir sira sahəvi qanunlar da qəbul olunmalıdır. Qanunvericilik işləri planına elm və təhsillə bağlı bir çox vacib və əhəmiyyətli yeni qanun layihələrinin adı salınıb. Amma məni narahat edən odur ki, orta təhsil haqqında qanun qəbul etmədən ali təhsil haqqında qanun layihəsini müzakirəyə çıxarmaq istəyirik. Məncə, ilk növbədə orta təhsil sahəsindəki münasibətlərin qanunla tənzimlənməsi məsələsini həll etmək gərəkdir. Bilirsiniz ki, orta məktəblərimizdə xeyli problem mövcuddur ki, onların həlli yolunu tapmadan ölkədə təhsilin səviyyəsini yüksəltmək mümkün deyil. Xüsusən də rayonlarımızda vəziyyət çox acınacaqlıdır. Bir yandan yüksək standartlara cavab verən yeni məktəb binaları tikilir, o biri yandan təhsilin keyfiyyəti aşağı düşür. Bu, yolverilməzdir. Orta məktəblərimizdə çox ciddi islahatlar aparılmasına ehtiyac duyulur. Biz hələ də sovet təhsil sistemindən qopa bilməmişik. Yeniliklər çox çətinliklə qəbul olunur. Bir məktəbdə ki, direktorun yaşı 75-80-i ötüb, hansı yollarlasa diplom sahibi olub müəllim təyin olunanların savadı yoxdur, təhsilin keyfiyyətindən danışmağa dəyərmi? Öz ad-familiyasını yaza bilməyən müəllim şagirdlərə nə öyrədə bilər? Nəticədə isə ölkədə savadlıların sayı azalır. Rayonlarda elə məktəblər var ki, artıq 8-10 ildir bir nəfər də ali məktəbə qəbul ola bilmir. Artıq nəinki ali məktəb diplomu, hətta orta məktəb attestatı ala bilməyənlərin sayı sürətlə artır. Təbii ki, bu, vəzifə kimi qarşıya qoyulan "neft kapitalını insan kapitalına çevirməli" prioriteti ilə qətiyyən uzlaşmır.

 

"Modern.az" 

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir