Modern.az

Qarabağdan ən çox hansı deputatlar danışıb? (sorğu)

Qarabağdan ən çox hansı deputatlar danışıb?  (sorğu)

1 Sentyabr 2010, 18:52


Erməni vəhşiliyinin, Qarabağ gerçəkliyinin dünya çapına çıxarılmasında millət vəkillərimizin üzərinə daha böyük vəzifə düşür və onların bu istiqamətdə işləmələri üçün daha çox şəraiti var. Deputatların bu fazadakı fəaliyyəti ilə bağlı Modern.az saytı Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü asrasında sorğu keçirib. Həmkarlarımıza “Qarabağdan ən çox hansı deputatlar danışıb” sualı ünvanladıq. 

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Hesab edirəm ki, bu deputatlar daha çox beynəlxalq qurumlarda təmsil olunanlardır. Rafael Hüseynov, Qənirə Paşayeva və Gültəkin Hacıbəyli Avropa Şurasında, Bahar Muradova, Eldar İbrahimov və Azay Quliyev ATƏT PA –da ciddi işləyirlər.  Rövşən Rzayev və Fuad Muradov bu məsələ ilə bağlı Avropa ölkələrinin parlamentləri ilə böyük uğurlar əldə ediblər”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Ümumiyyətlə, mən hesab edirəm, hər bir deputatın borcudur ki, Qarabağ məsələsini gündəmdə saxlasın. Həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar səviyyəsində Dağlıq Qarabağ məsələsi ilə bağlı şıxışlar etsin. Məncə Milli Məclisdə Qarabağ məsələsini qaldıran deputatlar kifayət qədərdir. Eyni zamanda beynəlxalq təşkilatlarda olan deputatlarımız beynalxalq səviyyədə qaldırırlar”.

“Xəbərlər” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Bu deputatlardan Qənirə Paşayeva, Elmira Axundova, Ziyafət Əsgərov, Bahar Muradova, Sabir Rüstəmxanlını göstərmək olar”.

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Deyərdim ki, beynəlxalq səviyyədə, beynəlxalq təşkilatlarda təmsil olunan millət vəkilləri bu məsələdə fəal iştirak edirlər. Gülər Əhmədova məncə bu deputatlardan ən öndə gedənidir. O Qarabağ məsələsini bütün görüşlərində qaldırıb”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “3-cü çağırış parlamentin deputatlarından Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Zahid Oruc, Rəbiyyət Aslanova, Gövhər Baxşəliyeva, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə, Səməd Seyidov, Rafael Hüseynov, Bahar Muradova, Siyavuş Novruzov, Azay Quliyev, Qudrət Həsənquliyev, Ziyafət Əsgərov, Eldar İbrahimov, Fuad Muradovun adını çəkə bilərəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Qarabağ məsələsi milli məsələ olduğundan bunun üçün bütün deputatlar çalışırlar. Amma bəzilərinin buna imkanı daha genişdir. Avropa Şurası Parlament Assambleyasında təmsil olunan millət vəkilləri, ATƏT Parlament Assambleyasında təmsil olunan millət vəkilləri, NATO Parlament Assambleyasında təmsil olunan millət vəkilləri, daha çox danışmaq, məsələ qaldırmaq imkanına malikdir. Bəzi millət vəkillərinin adlarını çəkərdim, amma bunu onların xüsusi üstünlüyü kimi qəbul etmək olmaz. Çünki bu onların işidir”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Deputatlardan xariclə əlaqəsi daha çox olanların adlarını çəkmək olar. Bu sırada Ziyafət Əsgərov, Bahar Muradova, Qənirə Paşayeva, Qüdrət Həsənquliyevi və Sabir Rüstəmxanlını göstərə bilərəm”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva: “Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komutəsinə üzv deputatlar: Bahar Muradova, Qənirə Paşayeva bu sahədə daha çox çalışır”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Bahar Muradova, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov, Gültəkin Hacıbəyli, Qənirə Paşayevanı göstərmək olar. Avropa Şurasında Gültəkin xanım və Qənirə xanımdır. Orda həmişə Qarabağ məsələsin qaldırırlar. ATƏT Parlament Assambleyasında Bahar Muradovayla, Azay Quliyevdir. Həmişə bu məsələni qaldırırlar. NATO Parlament Assambleyasında Ziyafət Əsgərov və Qüdrət Həsənquliyevdır. Fuad Muradov da bu sahədə ciddi işləyir”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Ziyafət Əsgərov, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Azay Quliyev öz fəaliyyəti ilə seçilir”.

“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Bu sırada Qənirə Paşayevanın adını  ilk olaraq çəkmək istərdim. O çox yaxşı bir taktika seçib. Azərbaycanda olan diplomatları Tovuza aparır. Qarabağa sərhəd olan regionlara aparır, onları işğal faktoru ilə birbaşa tanış edir. Şərt deyil ki, hansısa beynəlxalq təşkilatda çıxış edəsən. Onlar bu təəssüratları öz ölkələrinə aparırlar, öz ökələrindəki tanışları ilə paylaşırlar. Mənə elə gəlir ki, bu çox yaxşı üsuldur. Qənirə xanım bu haqda xarici mətbuta da müsahibə verir. Türkiyə mətbuatında diskussiyalarda, debatlarda iştirak edir. Bu da yaxşı bir üsuldur. Mən Qənirə xanımın fəaliyyətini önə çəkərdim”.

“Media forum” portalının əməkdaşı İmdad Əlizadə: “Deputatların hamısı Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda tanınmırlar. Ona görə də bütün deputatların xarici təşilatlarda Qarabağ məsələsini qaldırmaq imkanı eyni deyil. Amma eyni zaman da xarici təşkilatlara ezam kimi göndərilən deputaların da hamısı eyni səviyədə fəaliyyət göstərmirlər. Beynəlxalq təşkilatlara üzv olan deputatlardan Qarabağ məsələsini ən çox gündəmə gətirənlər Qənirə Paşayeva, Azay Quliyev, Zahid Orucu demək olar. İslam Konfransı Parlament Assambleyasında Sabir Rüstəmxanlını demək olar. Rövşən Rzayev və Fuad Muradov da bu sahədə xüsusi fəallıq göstərən deputatlarımızdandırlar”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Əslində, Qarabağ münaqişəsi Azərbaycanınn prioritet məsələsi olduğundan, hesab edirəm ki, hər bir deputat bu sahədə əlindən gələni etməlidir. Amma təəssüf edirəm ki, millət vəkillərimizin elələri var ki, bu məsələdən tam kənardırlar. Konkret Qarabağ məsələsini beynəlxalq müstəviyə çıxaran deputatlara gəlincə, bu sırada Rövşən Rzayev, Bahar Muradova, Qənirə Paşayeva, Azay Quliyev, Gültəkin Hacibəyli, Fuad Muradov və Eldar İbrahimovun adını xüsusilə çəkmək istərdim. Vahid Əhmədov isə Quba kütləvi məzarlığının tanınmasında böyük addımlar atıb”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Tez-tez beynəlxalq tədbirlərdə iştirak edən deputatların əksəriyyəti Qarabağ məsələsini qaldırırlar. Amma bu işi Qənirə Paşayevadan daha çox və bacarıqla görən yoxdur deyəsən. Daha sonra Ziyafət Əsgərov, Eldar İbrahimov, Sabir Rüstəmxanlı, Fuad Muradov, Azay Quliyevin adlarını çəkə bilərəm”.

Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər