Modern.az

Şansını itirmiş deputatlar...(sorğu)

Şansını itirmiş deputatlar...(sorğu)

3 Sentyabr 2010, 12:49

Gələn həftə Azərbaycanda parlamet seçkilərinə rəsmən start veriləcək. Seçkilər yaxınlaşdıqca mümkün namizədlər barəsində müxtəlif informasiyalar dövrüyyəyə buraxılır, Milli Məclisin hazırki üzvlərindən də əksər deputatların seçilməyəcəkləri barədə məlumatlar yayılır, mətbuatda “qara siyahılar” dərc edilir. Hakimiyyət kluarlarında gəzən söz-söhbətlərə görə, Milli Məclisin hazırki üzvlərindən bəzilərinə növbəti seçkilərdə şans verilməyəcək, yəni onların “qələmı qırılıb”. Modern.az saytının əməkdaşı parlamentdə akreditə olunan jurnalistlərdən Milli Məclisin hazırki üzvlərindən kimlərin şansını itirmiş deputatlar olduğunu soruşub.

"

Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Məncə ən şansız deputatlar səhhətinə görə Murtuz Ələsgərovdur, bundan başqa Nizami İskəndərovun adını da çəkə bilərəm. Əkrəm Əylisli özü deyib namizədliyini verməyəcək. Vaqif Səmədoğlu seçkilərə getməz mənə elə gəlir, çünki o özünə hörmət qoyan adamdır və ona da çox təyziqlər olur. Elə bilirəm ki, o getməz. İmamverdi İsmayılovu ən şansız deputatlardan sayıram. Bu onun hazırki dairəsindəki vəziyyətdən məlumdur”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Bu şans məsələsi ilə bağlı jurnalistlər subyektiv fikir söyləyə bilərlər. Çünki son sözü deyən, namizədi şanslı, şanssız edən seçicilərdir. Ən şanssız namizəd elə təbliğat qurar ki, ən şanslı namizəd olar və əksinə. Seçki texnologiyası çox mürəkkəb və çoxşaxəlidir”.   

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “ Baba Tağıyevi ən şanssız deputat hesab edirəm. Çünki onun nə potensialı var, nə də ki, aktivliyi”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Miri Qəmbərov - yaşı ötüb, seçicilər ondan narazıdır. Murtuz Ələsgərov - siyasi fəaliyyəti tükənib, xidmətinə görə dövlət tərəfindən kifayət qədər mükafatlandırılıb. Zeynəb Xanlarova - Azərbaycanı dünyada tanıtmaq üçün yeni incəsənət xadiminə ehtiyac var. Əhəd Əhmədov - seçicilərinin qarşısında inamını itirib”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Eşad Paşasoy: “Murtuz Ələsgərov, Cəlal Əliyev, Adil Əliyevi şansız deputatlar sayıram. Birinci iki nəfər yaşları ilə bağlı şansızdılar. Cəlal Əliyev səhhətiylə bağlı bir neçə iclasda olmayıb. Murtuz Ələsgərovun isə son vaxtlar səhhəti yaxşı deyil. Keçmiş polis rəisinin qardaşı, Adil Əliyevin də şansı azdır. Sonra şansızların siyahısına Baba Tağıyev, Vaqif Səmədoğlu, Tahir Süleymanov və Maqsud İbrahimbəyovu daxil etmək olar”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Nizami Xudiyev, Xəlilbəy Günəşovu ən şanssız deputatlardan hesab edirəm. Nizami Xudiyev öz partiyasında belə nüfuzdan düşüb. Xəlilbəy Günəşovun isə heç danışdığını görməmişəm”.

“Hüriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Miri Qəmbərov, Vidadi Məmmədovu şanssız deputatlardan sayıram. Vidadi Məmmədov hətta yeriməkdə belə çətinlik çəkir. Səhhəti imkan vermir bu adam tam işləsin. Miri Qəmbərovun yaşı ötüb və səhhəti heç də yaxşı deyil. Mən yalnız bu iki deputatı deyə bilərəm”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Mən konkret ad çəkmək istəmirəm, amma onu deyə bilərəm ki, ötən 5 il ərzində passiv olan deputatlar bu il seçilməyəcək. Yəni o deputatlar ki, onlar heç fəallıq göstərməyib, seçiciləri ilə maraqlanmayıb və Milli Məclisdə fəallıq göstərməyiblər, deməli şanslarını da itiriblər”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Ədalətli olar ki, millət vəkillərini seçicilər seçsin. Mən ad çəkmək istəmirəm, dediyim kimi, kimin şanssız olduğu barədə proqnoz vermək seçicilərin işidir.”

 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Şanssızların sırasında Maqsud İbrahimbəyovu göstərmək olar, onun qardaşının Rusiyada çıxan məqaləsi buna əsas səbəb olacaq. Bu siyahıya Miri Qəmbərov da daxildir. O, çox qocalıb. Vasif Əliyev, Səfər Məmmədov, Murtuz Ələsgərov, Aydın Həsənov, Əhəd Əhmədov, Vidadi Məmmədov, Məjlum Şükürov da məncə növbəti seçkilər üçün şansızdırlar”.

 

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Əhəd Abıyev, Əhəd Əhmədov, Lalə Abbasova, Gülər Əhmədova, Məjlum Şükürov məncə növbəti seçkilər üçün şanssızdırlar”.

 

“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Şanssız deputat kifayət qədər var. Bu deputatlar öz fəaliyyətində çox passivlik göstəriblər. Ad çəkmək istəmirəm. Sadəcə, onların çox olduğunu vurğulayıram”.

 

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Əsas şansını ititən deputatlar Miri Qəmbərov, Zeynəb Xanlarova və Rüfət Quliyevdir. Məncə 50 faiz deputat yerində qalacaq”.

 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Məncə Əhəd Abıyev, Əhəd Əhmədov, Miri Qəmbərov, Maqsud İbrahimbəyov, Əkrəm Əylisli, Vasif Əliyev, Xəlilbəy Günəş və Cəlal Əliyev gedəcək”.  “Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Seçkinin tam demokratik keçiriləcəyinə inanmıram. Bu, mənim şəxsi qənaətimdir. Ona görə də kimlərinsə deputat seçilib-seçilməyəcəyi barədə proqnoz vermək istəməzdim.  Əminəm ki, ədalətli seçki olsaydı, elə indiki parlamentdə əyləşənlərin əksəriyyətinin yerinə  fərqli insanlar olardı.

Digər tərəfdən, eşitdiyimə görə, artıq parlamentdəki yerlər uğrunda siyasi alver başlayıb. Və indiki tərkibdən xeyli adamın növbəti dəfə deputat kürsüsü qazanmayacağı haqda fikirlər də səslənir. Amma konkret ad çəkə bilmərəm”.

 

 

 Vüqar AĞAMALIOĞLU

 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi