Modern.az

“Azərbaycan"da səhv edənə bəraət yoxdur

“Azərbaycan"da səhv edənə bəraət yoxdur

9 Oktyabr 2009, 18:33

DÖVLƏT QƏZETİNİN REDAKSİYASINDAN PEPORTAJ “Azərbaycan” qəzetinin redaksiyasına reportaj hazırlamağa yollananda redaktorumuz yarıciddi-yarızarafat tapşırıdı ki, bir az diqqətli olum: “Bax haa, dövlət qəzetinə gedirsən, orda çox artıq-əskik hərəkətə yol vermə, reportajı da gəlib yazanda “sirkəsini” çox tünd eləmə, hökumət adamlarıdı, sonra inciyərlər...”. Mətbuat sahəsində yeni olduğumdan “Azərbaycan”ın işçilərindən heç kimin üzünü görməmişdim, yalniz baş redaktorun və bir-iki nəfər əməkdaşın adını eşitmişdim. Ona görə də kəşfiyyat məqsədilə qəzetin internet səhifəsinə girib bir xeyli qurdalandım, amma saytı ha ələk-vələk eləsəm də, əməkdaşlardan heç birinin şəklini tapmadım. Redaksiyamızdakı həmkarlarım dedilər ki, narahat olma, “Azərbaycan”ın işçiləri çoxdu, əksəriyyəti də cavan uşaqlardı, söhbətiniz yaxşı alınacaq. Mən də onlara inanıb rahatlanaraq “silahımı” da götürüb yola düzəldim.

“Heç özlərini yormasınlar, “Azərbaycan” bağlanmayacaq” Yenə mənə tanış “Azərbaycan” Nəşriyyatı. Təkrarçılıq olmasın, mənə deyilən vaxtdan yarım saat əvvəl gəlmişdim ki, “Azərbaycan”ın planlaşdırmasında iştirak edə bilim. Neynim, mənim də seçdiyim istiqamət belədi, gərək reportaja planlaşdırmadan başlayam. Uzun sözün qısası, “Azərbaycan” Nəşriyyatının qapısında dayanan mühafizəçi polisə “Azərbaycan”dan zəng etdirəndən sonra içəri buraxıldım. İkinci mərtəbədə yerləşən redaksiyanı tapmaqda çətinlik çəkmədim. Qəbul otağında məni baş redaktorun köməkçisi Yeganə Xudiyeva qarşıladı. Elə ilk tanışlıqdaca öyrəndim ki, hələ sınaq mərhələsində olan bu xanım cəmi bir aydır ki, işə götürülüb. İşindən razılıq edən Yeganə xanım dedi ki, baş redaktor Bəxtiyar Sadıqov hər adamı köməkçi götürmür: “Yəqin pis işçi deyiləm ki, bir aydır burda oturmuşam”. Mən də ona sınaq mərhələsini uğurla keçməyi arzulayıb baş redaktorun otağına daxil oldum. “Azərbaycan”ın redaksiyası indiyədək olduğum qəzetlərin ofisindən yaxşı mənada fərqlənirdi, elə baş redaktorun otağı da. Özünüz başa düşdünüz yəqin, məncə təsvir etməyə ehtiyac yoxdu. Amma onu da etiraf edim ki, Milli Məclis kimi təsisçisi və baş redaktoru deputat olan qəzetin, elə bu cür də yaxşı redaksiyası olmalıydı. Baş redaktor Bəxtiyar Sadıqov söhbətimizə qəzetin yaranma tarixindən başladı. Dedi ki, əsası 1918-ci ildə qoyulan “Azərbaycan” sonradan bağlanıb, uzunmüddətli  fasilədən sonra bir də 1991-ci ildə bərpa olunub: “Ancaq həmin vaxt Qarabağa Xalq Yardımı Komitəsinin bu adda qəzeti nəşr olunduğundan onu “Azərbaycan” adlandırmaq mümkün olmadı. Uzun illlik fasilədən sonra fəaliyyəti bərpa olunan qəzetə ilk vaxtlar “Həyat” adı verildi. Sonradan təsisçilik parlamentə keçəndə bu nəşrin öz adı-“Azərbaycan” özünə qaytarıldı”. Bəxtiyar müəllim bildirdi ki, “Azərbaycan” rəsmi dövlət qəzeti olduğundan dövlət başçısının bütün fəaliyyəti, gördüyü işlər, keçirdiyi görüşlər, ölkə daxilində və xaricdəki tədbirlərdə iştirakı, səfərləri, imzaladığı fərman və sərəncamlar, qanun, qərar və dövlət proqramlarının qəzetdə ətraflı işıqlandırılması təbii qarşılanmalıdır. Qəzet Milli Məclisin orqanı olduğundan parlamentdə qəbul edilən qanunlar, deputatların fəaliyyəti də qəzetin səhifələrində əksini tapmalıdır: “Azərbaycan qəzetinin fəaliyyətindən narahat olan bəzi insanlar çalışırlar ki, rəsmi dövlət qəzetləri ləğv olunsun. İddia edirlər ki, guya, heç bir ölkədə rəsmi dövlət qəzeti yoxdur. Amma mən birmənalı şəkildə deyirəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində də rəsmi dövlət qəzetləri var. Ona görə də heç kim özünü yormasın, “Azərbaycan” heç vaxt bağlanmayacaq. Bu qəzet müstəqil Azərbaycanın atributudur. Əgər kimsə bizimlə rəqabət aparmaq istəyirsə, buyursunlar, yaradıcılıq müstəvisində yarışaq”. “Parçalanmış” redaksiya Baş redaktorun otağının ikinci mərtəbədə yerləşdiyini nəzərə alıb fikirləşirdim ki, bütün redaksiya kollektivi yəqin qonşu otaqlarda əyləşir. Amma Bəxtiyar Sadıqovdan öyrəndim ki, belə deyilmiş. Sən demə redaksiyanın otaqlarından 3-ü ikinci, 26-sı isə dördüncü mərtəbədə yerləşir. Söhbət əsnasında məlum oldu ki, qəzetin redaksiyasının iki mərtəbədə fəaliyyət göstərməsi baş redaktorun heç ürəyincə deyil: “Azərbaycanda söz və mətbuat azadlığı var. KİV-in təsis edilməsinin son dərəcə sadələşdirilməsindən istifadə edən bəzi adamlar qəzet açıb öz maraqlarını təmin edirlər. Çox təəssüf  ki, belə qəzetlərin bir qismi “Azərbaycan” Nəşriyyatının otaqlarını zəbt ediblər. Bu “qəzetlər” Mətbuat Şurasının “qara siyahı”sına düşəndən sonra yerləşdikləri otaqların qapılarının üzərindən öz adlarını bildirən lövhələri də yığışdırıblar. Guya ki, bu yolla maskalanırlar”. (Öz ürəyimdə Bəxtiyar müəllimə mənə növbəti reportaj üçün mövzu verdiyinə görə təşəkkür etdim. Əgər redaksiyamızda etiraz eləməsələr, gələn dəfə reportajı elə Mətbuat Şurasının “qara siyahı”sına salınan həmin qəzetlərdən bir-ikisinin redaksiyasından hazırlayaram). Maraqlıdır, “Azərbaycan” qəzeti nə vaxtadək “reket” qəzetlərlə qonşu olacaq? Hər halda, bu, rəsmi orqanın ad-sanına da yaraşmır. Bəxtiyar Sadıqov dedi ki, “Azərbaycan” qəzeti “reket” nəşrlərə görə heç vaxt “Azərbaycan” Nəşriyyatını tərk etməyəcək. Əksinə, həmin nəşrlərin özləri “Azərbaycan”dan qaçaq düşəcəklər. İntəhası bir az geci-tezi var. “Hazırda kollektivimiz dağınıq halda fəaliyyət göstərir. Bizim istəyimiz bütün kollektivin eyni mərtəbədə qonşu otaqlarda yerləşməsidir. Amma hələ ki bir mərtəbə aramızı Araz çayı kimi yarıya bölür. Ümid edirəm ki, bu “çay” tezliklə quruyacaq və biz bir-birimizə qovuşacağıq”. Başsağlığından gələn gəlir Əlimə imkan düşmüşkən, baş redaktora “Azərbaycan”da çap olunan təbrik, elan, başsağlığından gələn gəlir barədə də sual verdim. Eşitdiyimə görə, qəzet bu sarıdan pis qazanmır. Bəxtiyar müəllimin cavabı belə oldu: “Hansı qəzetin yaxşı çıxdığını əlahəzrət oxucu müəyyənləşdirir. Bunu qəzet özü bəyan edirsə, demək o yaxşı qəzet deyil. Tək abunəylə biz qəzeti yaşada bilmərik. Bizim əsas reklamımız bayram və təbriklər hesabına olur. Müxalifət qəzetləri hər şeyə həmişə tənqidi mövqedən yanaşırlar. Hətta bəzi bayramlarla bağlı qəribə iddiaları da var. Ona görə də heç kim müxalifət qəzetlərinə təbrik vermir. Arada “Xalq qəzeti” bir müddət öz nəşrin dayandırdı. Həmin dövrdə bütün başsağlığı elanları bizim qəzetə verildi. Elə o vaxtdan indiyədək çox adam başsağlığı elanları üçün “Azərbaycan”a müraciət edir. Ona görə də biz başsağlığı elanının verilməsinin qiymətini qaldırmışıq. Əvvəl 12 manat idisə, indi 20 manatdır. Kimin imkanı varsa, qəzetimizdə onun başsağlığı elanını çap edirik. Ən çox başsağlığı elanları tanınmış və ya vəzifəli şəxslərin rəhmətə gedən yaxınlarına, qohumlarına verilir. Bir sözlə, reklamdan gələn gəlirimizin 30%-ni başsağlıqlarının verilməsindən əldə edirik”.

“Azərbaycan” 7 məhkəməni udub Müsahibimə mənə maraqlı olan bir sual da ünvanladım: bildiyimə görə böyük kollektiviniz var, işçi sarıdan korluq çəkmirsiniz. Belə olan halda niyə “Azərbaycan”ın səhifələrinin yarıdan çoxu AzərTAc-ın materialları ilə doldurulur? Baş redaktor dedi ki, “Azərbaycan” rəsmi dövlət qəzeti olduğundan rəsmi dövlət agentliyinə-AzərTAc-a müraciət edir: “Bizim qəzetdə dəqiqləşdirilməmiş informasiya gedə bilməz. Bu səbəbdən də başqa agentliklərə etibar etmirik. Mən qəzetdə təkzibi qəbul etmirəm”. B.Sadıqovun sözlərinə görə, “Azərbaycan” 7 dəfə məhkəməyə çəkilib: “Ya biz məhkəməyə vermişik, ya da bizi məhkəməyə veriblər. Hamısında da qələbə bizim tərəfimizdə olub. Qəzetçilik səhvsiz mümkün deyil. Çalışırıq operativ şəkildə bu səhvləri aradan qaldıraq”.

Səhvə yol verən işçi ilk növbədə töhmət alır

Baş redaktor dedi ki. “Azərbaycan” yeganə qəzetdir ki, onun redaksiyasında 20-dən çox peşəkar jurnalist çalışır: “Bizim işçilərin əksəriyyəti BDU-nun jurnalistika fakültəsini bitirib. Elə mən də. Redaksiyada mən oldum-olmadım hamı öz işini bilir. Yaşlı nəsildən olan işçilərimiz də var. Ancaq mən onlara yaşlı deməzdim. Çünki hamısı “əjdaha” kimidi. Fərman Bağırovun yaşı 70-i keçsə də, ən cavan müxbirdən daha sürətli, daha operativ və çevikdi. Zeynal Vəfa da həmçinin. Ən stajlı əməkdaşlarımız yenə Fərman Bağırov, Zeynal Vəfa, bölgə müxbiri Əhməd İsayevdir. Maraqlıdır, rəsmi dövlət qəzetində səhvə yol verən işçini hansı cəza gözləyir? Baş redaktorun sözlərindən məlum oldu ki, redaksiyada səhvə yol verən işçi ilk növbədə töhmət alır: “Bizdə səhv edənə bəraət yoxdur”. “Azərbaycan” qəzetində ildə bir dəfə şəhid Elgün İsmayılov adına müsabiqə keçirilir. Müsabiqənin qalibi olan ən yaxşı yazarlara diplom və pul mükafatı verilir. Bəxtiyar müəllimə söhbətimizin sonunda ona bəziləri üçün maraqlı olan bir sual da ünvanladım: hələ növbəti parlament seçkisinə bir il qalsa da, indidən bilmək olarmı ki, Bəxtiyar Sadıqov deputatlığa namizədliyini verəcək? Həmsöhbətim söylədi ki, baş redaktor postuna 2002-ci il aprelin 12-də təyinat alıb: “Mənim namizədliyimi YAP irəli sürüb və millət vəkili seçilmişəm. Deputatlığımın geridə qalan müddətində seçicilərlə çoxsaylı görüşlərim olub. Gələn il parlament seçkilərində namizədliyimi verəcəyimi isə indidən dəqiq deyə bilmərəm”. Bu da planlaşdırma Bəxtiyar Sadıqovla söhbətimizi saat 10.30-da bitirmişdik ki, şöbə müdirləri planlaşdırmada iştirak etmək üçün baş redaktorun otağına toplaşdı. Qeyd edim ki, redaksiyanın 9 şöbəsi var. Əvvəlcə şöbə müdirləri baş redaktorun planlaşdırmasında iştirak edirlər, sonra da onlar öz müxbirlərinə tapşırıqlar verirlər. Planlaşdırmada baş redaktor daxil olmaqla 9 nəfər iştirak edirdi, şöbə redaktorlarının biri məzuniyyətdə idi. Redaksiya müdiri Nüşabə Qənbərli isə kənarda əyləşib iclası müşahidə edirdi. Yeri gəlmişkən, iclas başlamazdan öncə Parlament və siyasət şəbəsinin redaktoru İxtiyar Hüseynli (redaksiyada hamı ona həm də “icra aparatının rəhbəri” deyir) hamıya mənim barəmdə xəbərdar etdi: “Ehtiyatlı olun haa, bu qız gördüklərinin hamısını gedib yazır”. Onun bu xəbərdarlığından sonra baş redaktor şöbə müdirlərinə tapşırdı ki, amanın bir günüdür, redaksiyanın sirrini bu qızın yanında açmayın. Çox təəssüf, bütün işçilər sona qədər bu tapşırığa əməl elədilər. Yarım saatlıq planlaşdırma aktual mövzuların müzakirəsiylə başlayıb,  cari məsələlərlə yekunlaşdı. Bundan sonra hamı qalxdı dördüncü mərtəbəyə-iş başına. Onların kitabxanası və muzeyi də var Mən də əvvəlcə redaksiyanın ikinci mərtəbədəki kitabxanasına baş çəkdim. Kitabxanaçı Dürdanə Ağayeva dedi ki, kitabxanası olan qəzet təkcə “Azərbaycan”dır: “Biz qəzetimizin həm də elektron arxivini saxlayırıq. Otağımız kitabxana üçün çox balacadı”. Kitabxanaçı ilə sağollaşıb keçdim Bəxtiyar müəllimin təbirincə desəm “Arazın o biri tərəfinə”-dördüncü mərtəbəyə. Redaksiya “Azərbaycan” nəşriyyatının dördüncü mərtəbəsinin yarısını zəbt edib. Təkrarçılıq çıxmasın, qəzetin bu mərtəbədəki otaqlarının səliqə-səhmanı da göz oxşayırdı. Döşəməyə  xalça sərilmiş, divarlardan rəsmlər asılmışdı, mebellər, televizorlar da hamısı da ürəyin istəyən kimi. “Azərbaycan”ın mətbuat muzeyi də bu mərtəbədə yerləşir. Muzeydə də nə yoxdu ki...? Kitablar, qəzetlər,  qədimi fotoaparat... Muzey baş redaktorun təşəbbüsü ilə 2003-cü ildə yaradılıb.

Baş redaktorun 1-ci, 2-ci, 3-cü müavinləri... Baş redaktorun 1-ci müavini Amil Novruzovdan öyrəndim ki, Bəxtiyar Sadıqovun 2-ci müavini Zeynal Vəfa və 3-cü müavin Rüstəm Rüstəmov hazırda məzuniyyətdədir: “Bəxtiyar müəllim rəhbərliyə gələn gündən burada çox dəyişiklik oldu. İş şəraitimiz yaxşılaşdı, materialların dərc edilməsində yeniliklər edildi və s.”. Amil Novruzov ən fəal əməkdaşların Parlament və siyasət şöbəsində çalışdığını dedi.

Redaksiyanın hacıları

“Azərbaycan” qəzetində işləyən əməkdaşların 6-sı hacıdır. Bunlar Bəxtiyar Sadıqov, Xalid Niyazov, Flora Xəlilzadə, Bəxtiyar Əzizli, İxtiyar Hüseyinlidi. İxtiyar Hüseyinli dedi ki, əvvəllər hacılar bir-iki nəfər olanda redaksiyada həmin əməkdaşlara “Hacı” deyə müraciət edirmişlər. Ancaq sonralar “Azərbaycan”dan Həccə gedib-gələnlərin sayı çoxaldığından, daha heç kimi “Hacı” deyib çağırmırlar. “Azərbaycan”ın “ən cavan” şöbəsi

Parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli bildirdi ki, “Azərbaycan”ın ən cavan müxbirləri onun əməkdaşlarıdı: “Praktikaya gələn gənclər də bizim şöbəyə göndərilir. Redaksiyanın işinin 50-60 %-i bizim şöbənin üzərinə düşür. Tənqidi məqalələri də əsasən biz hazırlayırıq. Yeri gəlmişkən İ.Hüseynlinin bir neçə gün öncə telekanallarla bağlı tənqidi yazısının səs-küyü  hələ də çıxmaqdadır. Həmsöhbətim dedi ki, 2002-ci ilə kimi redaksiya çox bərbad vəziyyətdə olub. Baş redaktor dəyişəndən sonra çox yeniliklər edilsə də, otaqlar onlara bəs etmir. İ.Hüseynli dedi ki, bu mərtəbədə “Azərbaycan”ın qonşularından normal fəaliyyət göstərən təkcə “Kirpi” jurnalıdı. Şöbə müdirindən onu da öyrəndim ki, redaksiyada əksər işçilərin şəxsi avtomibili var: “Bizim kollektivdə hamı  normal əməkhaqqı alır, yaxşı da dolanır. Bizdə hamı maaşını kart vasitəsilə alır”. İsrar etsəm də, həmsöhbətim öz maaşının məbləğini açıqlamadı. Parlament və siyasət şöbəsinin cavan müxbirlərindən olan Elnur Hacıalıyev siyasi elmlər namizədidir. Özü dedi ki, fəaliyyət dövründə bir dəfə töhmət alıb. O da təzə işə başlayan vaxtlara tasadüf edir. Həmkarlarından fərqli olaraq Elnur maaşının məbləğini açıqladı: 400 manat və üstəgəl qanorar. “Ən cavan” şöbənin ən cavan müxbiri isə Rəşad Cəfərlidir. Qalstukdan xoşlanmayan bu müxbir haqlı olduğunu biləndə şöbə müdiri ilə mübahisəyə girməkdən çəkinmir.   İki ildir “Azərbaycan”da çalışan Rasim Bayramov və ondan sonra işə götürülən Anar Tağıyev də bu şöbənin gənc əməkdaşlarındandır.

Bu şöbədə hamı bir-birinə can deyib-can eşidir

Dövlət quruculuğu şöbəsinin redaktoru Xalid Niyazov bildirdi ki, heç kəsdən qadir olduğundan artıq iş tələb etmək düzgün deyil. Bu şöbənin çalışqan əməkdaşları arasında fərqlənənlərdən biri Samir Mustafayevdir. Müxbirlər arasında yeganə plazma monitorlu kompüterdə işləyən Samir Mustafayev redaktoru Xalid Niyazovdan, redaktor da ondan razıdır. S.Mustafayev dedi ki, onlar  ən səmimi münasibətlər qurulan şöbədə işləyirlər: “Bizim şöbədə hamı bir-birindən müsbət enerji alır”. Şöbənin həm şairi, həm də müxbiri Eldar Nəsibli Sibirel deyir ki, şeir yazmaq məqalə yazmaqdan asandır. Eldar müəllim öz şeirləri ilə hərdən həmkarlarına istirahət anları yaşadır.

Redaktorun təbirincə desək, arı kimi bütün günü çalışan Rəsmiyyə Rzalı əvvəl Mədəniyyət şöbəsinin işçisi olub: “Bəxtiyar müəllim gələndən sonra redaksiyada struktur dəyişikliyi oldu və mən bu şöbəyə keçirildim”. Yeri gəlmişkən, başqa şöbəyə keçirilməsinə baxmayaraq Rəsmiyyənin adı hələ də Mədəniyyət şöbəsinin qapısına vurulan siyahıda yer alır. Yəqin bu yazıdan sonra pozarlar. Şöbənin digər müxbiri, filologiya elmlər namizədi Rəhman Salmanlı tədbirdə olduğundan, deyilənə görə çox səmimi insan olan bu həmkarımızla tanış ola bilmədim.

“Ən qocaman” şöbə

İqtisadiyyat şöbəsinin redaktoru Raqif Məmmədov dedi ki, bölgə müxbirlərinin yazılarının 80%-i onlara göndərilir. Məhz bölgə müxbirlərinin yazılarında gedən səhv üzündən şöbə bir neçə dəfə baş redaktordan xəbərdarlıq alıb. Redaksiyada ən çox maaş alan müxbirlərdən olduğunu deyən Flora Sadıqovanın fikrincə, yaxşı jurnalist heç vaxt ac qalmır: “Redaksiyaya bişmiş gənclər gəlir. Biz onları daha da bişiririk. Qəzetdə həm yaşlı, həm də gənc jurnalistlər işləməlidir.Çünki onların bir-birinə ehtiyacı var. Mən yaxşı işləyib, yaxşı da maaş alıram”. ”Azərbaycan”ın ən stajlı müxbirlərindən biri də daha çox enerji məsələlərindən yazan Rüstəm Kamaldır. Rüstəm müəllimin sözlərinə görə, iş vaxtı baş redaktorun işçisi, işdən sonra isə dostu olurlar. Onun sözlərinə görə, “Azərbaycan”da bayram günləri xanımları təbrik etməklə bağlə ənənə formalaşıb. Əsasən rabitə və tikinti sahəsi üzrə ixtisaslaşan müxbir Raqif Şirinov da İqtisadiyyat şöbəsinin “uzaqvuran top”larından sayılır.

“Bizim məşhur olmağa ehtiyacımız yoxdu”

Bunu Beynəlxalq həyat, idman və informasiya şöbəsinin redaktoru Allahverdi Mehdiyev dedi. Yaman az danışan adama oxşayan Allahverdi müəllimdən bir-iki kəlməni güclə qopardım. Onun sözlərinə görə, şöbənin əməkdaşı tapşırığı yerinə yetirməzsə, onu mütləq cəza gözləyir. Əfv etmək yoxdu. Bu şöbənin müxbiri Rizvan Cəfərov redaktorundan razılıq etdi.  Redaksiyanın kluarlarında eşitdim ki, Rizvan Cəfərovun könlündən redaktor olmaq keçir. Özündən bu barədə soruşanda dedi elə bir şey yoxdu. Hər halda, Allahverdi müəllim ehtiyatı əldən verməyin.

“Dəmir ledi”nin şöbəsi

Redaksiyanın “Dəmir ledi”si adlandırılan, gənclərin anası, Humanitar-siyasət şöbəsinin redaktoru İradə Əliyeva həm də xeyirxah işlərlə məşğuldur. Dar məqamda həmkarlarına kömək əlini əsirgəmir: “Redaksiyada kiminsə yaxınlarının problemi olanda çalışıram gücüm çatan qədər ona yardım edim. Burda mən müəyyən məqamlarda öz sözümü deyə bilirəm. Fikirlərim daha obyektiv olur. Buna görə də gənclər məni ana kimi qəbul edirlər”. Bu şöbənin müxbiri Adilə Qocayeva işdə yox idi. Müxbirsiz şöbə

Mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadənin hələ ki, ştatda olan müxbiri yoxdu. Yəni şöbənin həm rəhbəridi, həm də yazarı. Flora xanım dedi ki, tezliklə ona ştata müxbir verəcəklər, hələlik kənardan bu şöbə ilə əməkdaşlıq edənlər var. “Azərbaycan”ın fotosalnaməsini yaradanlar

Fotoillüstrasiya şöbəsinin redaktoru Fərman Bağırovu “Azərbaycan”da ən yaşlı işçi saya bilərik. Həmkarları zarafatla ona  “Gənclər Birliyinin sədri” deyirlər.Fərman müəllimin sözlərinə görə, rəhbərlikdən tapşırıq alanda, gənclərdən geri qalmır. Şöbə redaktorunun həm müavini, həm də fotomüxbiri Ağaəli Məmmədov 7 ildir bu qəzetdə çalışır. “Azərbaycan”ın fotosalnaməsini bu iki işçi yaradıb.

Pullu şöbə

Bu şöbəni belə adlandırmaq olar. Bütün pullu reklam və elanlar, başsağlıqları bura daxil olur. Reklam və elanlar şöbəsinin redaktoru Bəxtiyar Əzizli yerində olmasa da, əməkdaşları otaqdaydı. Şöbənin əməkdaşı Xalidə Kərimova 15 ildi “Azərbaycan”da işləyir. Başsağlığı elanlarını bu xanım qəbul edir. Cəmi bir ildir qəzetin Reklam və elanlar şöbəsində çalışan Valeh Cəfərov işindən razılıq etdi: “Yəqin ki, məndən razıdırlar, narazılıq eşitməmişəm”.  “Azərbaycan” qəzetində adı mənə maraqlı gələn bir şöbə də var-Xalqla əlaqə şöbəsi. Şöbə müdiri Bahadır İmamquluyev məzuniyyətdə olduğundan otağının qapısı bağlı idi.

Mühasibatlıq səhv edə bilməz

Baş mühasib Bilqeyis Şalıyeva və mühasib Mariana Cəlilova otaqda olmasalar da onların üçüncü həmkarı Bəhiyyə Əhmədova yerində idi: “Burda hamı məni sevir, mən də hamını. Mühasibatlıqda isə hər kəs öz işini yüz faiz yerinə yetirir. Biz səhv edə bilmərik”.

“Baş qərargah”

Məsul katib Elçin Vəliyev kollektivin ən yekəxana işçisi imiş. Danışanda özündən çox razılıq etdi. Məsul katib bildirdi ki, redaksiyada ən qızğın iş onların otağında gedir: “Yaradıcı işlərdən başqa bütün işlər katibliyin üzərinə düşür. Məsul katib olmaq mürəkkəb işdi”. Elçin Vəliyevin iki müavini var, kompüter mərkəzi, dizaynerlər də məsul katibin ixtiyarındadır. Hamı bura “baş qərargah” deyir. Məsul katibin bir müavini Daşdəmir Tağıyev məzuniyyətdə, o birisi Ağahüseyin Şükürov isə iş başındaydı. Ağahüseyin Şükürov öz faliyyətlərini belə təsvir erdi: “Biz zavod kimi işləyirik. Kiminləsə də mübahisə etməyə vaxtımız olmur”.

Yazanlar və pozanlar

Axşamüstü olduğundan operator qızların otağında da qızğın iş gedirdi, klaviaturaların taqqıltısı qulaq batırırdı. Operator Rəsmiyyə Salmanova işlərinin saz getdiyini dedi. Digər operatorlar Nərminə Əzimova və Xuraman Orucovanın gözləri monitorda, barmaqları klavişləri döyəcləyirdi. Onları narahat etməyə dəyməzdi. Dizaynerlər Cəfər Kərimov, Rüstəm Babayev və Ehtiram Əliyev, qəzetin internet saytının operatoru Elay bir otaqda otururlar. Korrektor Arzu Mehdiyeva, korrektor köməkçisi Zəkurə Quliyeva, korrektor Kəmalə Rəhimova qəzetin qaralama səhifələrinin üzərini “al qana” boyamaqla məşğul idilər. "Azərbaycan"ın adlarını çəkmədiyim əməkdaşları da var-axşam növbəsində çalışanlar. Onlar gəlməzdən az öncə mən redaksuyanə tərk etdim. Bu da “Azərbaycan” barədə reportajın sonu. Yazını hazırlamağım bir neçə saat vaxt apardı. Axırıncı nöqtəni qoyanda, bayaqdan materialı gözləyən redaktorumuz Əfqan Qafarlı “neçə işarə oldu”-deyə, soruşdu. Mənim “19 min” deməyimlə onun əlləriylə başını tutması bir oldu. Nə edəydim, maşallah, ordu boyda kollektivdir, “Azərbaycan”ın yazısını 7-8 min işarəyə necə sığışdıraydım...?

 

"Azərbaycan" burdan başlayır

""Azərbaycan" heç vaxt bağlanmayacaq!"

 

Planlaşdırmada

Baş redaktorun 1-ci müavini  Amil Novruzov

 

Beynəlxalq şöbənin redaktoru Allahverdi müəllim saçını "Azərbaycan"da ağardıb

 

 Dövlət quruculuğu şöbəsinin redaktoru Xalid Niyazov

 

Mədəniyyət şöbəsinin həm müdiri, həm yazarı

 

Redaksiyanın "Dəmir ledi"si

 

"Ehtiyatlı olun, redaksiyanın sirlərini açıb-ağartmayın!"

 

Ağahüseyn Şükürov: “Biz zavod kimi işləyirik"

 Flora Sadıqova: "Yaxşı jurnalist heç vaxt ac qalmır"

"Canın üçün mən çəkdiyim şəkilə söz ola bilməz"

 

Fotosalnaməni yaradan digər fotoqraf Ağəli Məmmədov

Kitabxanaçı Dürdanə xanım: "Heç bir qəzetin bizimki kimi kitabxanası ola bilməz"

Baş redaktorun köməkçisi sınaq müddətində uğur qazanacağına əmindir 

 

İqtisadiyyat şöbəsinin "uzaqvuran topu"-Rüstəm Kamal

Beynəlxalq həyat, idman və informasiya şöbəsinin əməkdaşı Rizvan Cəfərov

İqtisadiyyat şöbəsinin şefi Raqif müəllim

.

Şöbə redaktorunun adaşı Raqif Şirinov: "Bu boyda da faks göndərərlər..?"

Eldar Nəsibli Sibirel: "Yeni kitabımın çapına bir kömək edən tapılsaydı..."

Elmlər namizədi olan müxbir

 

Müxbirlər arasında yeganə plazma monitoru Samir Mustafayevdədir

 

"Baş qərargah"ın rəhbəri Elçin Vəliyev

 

Anar Tağıyev "Azərbaycan"da yeni işçilərdəndi

 

Keçmiş mədəniyyət yazarı Rəsmiyyə Rzalı

“Ən cavan” şöbənin ən cavan müxbiri Rəşad Cəfərli

 

Korrektorlar Arzu və Zəkurə. Onlar ağ səhifələri "al qana" boyamağa başlayıblar

 

"Baaax, burda yekə bir səhv tapmışam"

 

Reklam və elanlar şöbəsinin əməkdaşı Xalidə Kərimova

 

Operator Xuramanın baş qaşımağa vaxtı yoxdu

 

Yazılar çox olsa da, operator Nərminənin kefi kökdü

 

Subaylığın daşını yenicə atan dizayner Ehtiram Əliyev 

 

Mühasib Bəhiyyə Əhmədova: "Hamı məni sevir, mən də hamını"

Reklam və elanlar şöbəsinin əməkdaşı Valeh Cəfərov: "Deməli burda reklam yerləşdirə bilərik"

 

Axşam növbəsinin korrektoru Kəmalə xanım

 

Operator Rəsmiyyə Salmanova: "İşlərimiz saz gedir"

Rasim Bayramov: "Məni belə çək"

 

Redaksiyanın mətbuat muzeyi

"Azərbaycan" elliklə

Günay Musayeva
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi