Modern.az

Tanınmış adaşlar - Əli Nağıyevlər: Onları necə qarışıq salırlar? - FOTO

Tanınmış adaşlar - Əli Nağıyevlər: Onları necə qarışıq salırlar? - FOTO

20 Fevral 2015, 23:36

Azərbaycanın siyasət, mədəniyyət, ədəbiyyat, idman, ictimai və digər sahələrində ad və soyadları eyni olan bir çox tanınmış simalar var. Bəzən onlar haqqında hər hansı məlumat veriləndə bir çoxları bu adaşları ayıra bilmir, qarışıq salır, yalnız şəkillərinə baxandan sonra söhbətin kimdən getdiyini ayırd edə bilir. Tanınmış adaşları bəzən hətta media da səhv salır: hansısa KİV-də xəbər dərc olunur, diqqətsizlik üzündən yazı və onunla birlikdə təqdim edilən şəkildə hər iki adaş görünür. Bir sözlə, adaşlar jurnalistləri də çaşdırır.

Modern.az saytının “Tanınmış adaşlar” rubrikasında onlardan bəhs olunur...

Rubrikamızın ilk yazısnın Əli Nağıyevlərə həsr etdik... O Əli Nağıyevlər ki, hər ikisi uzun müddət dövlət orqanlarında müxtəlif vəzifələr tutublar. Biri hazırda işsiz, o birisi vəzifə başındadır... Adladı və soyadları eyni olan Əli Nağıyevlər bir neçə dəfə mediada qarışıq salınıb, birindən yazı veriləndə o birinin şəkli ilə təqdim olunub...

Milli təhlükəsizlik nazirinin sabiq müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hazırki rəis müavini Əli Nağıyev adaşı ilə müqayisədə media qarşısına az-az hallarda çıxıb. Buna baxmayaraq kifayət qədər tanınan simadır. Şəklini çoxları görməsə də, adı vəzifəsilə birgə hallananda çox adam söhbətin kimdən getdiyini anlayıb. Həm müxalifət, həm iqtidar, həm də müstəqil media onun adını müxtəlif zamanlarda müxtəlif məsələlərdə hallandırıb.

4 il öncə elə bu zamanlar milli təhlükəsizlik nazirinin müavini postunu tutan general-mayor Əli Nağıyev ölkə başçısının 11 aprel 2011-ci il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad edilib. O zaman çoxları bunu onun “vurulması” kimi qiymətləndirsə də, bir ay sonra - 2011-ci ilin mayında Əli Nağıyev yeni vəzifəyə təyin edildi.
Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə general-mayor Əli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə aparıldı. Geenral indi də görəvini yerinə yetirməkdədir.

Onun adaşı hakim Yeni Azərbaycan Partiyasını yaradan məhşur 91 nəfərdən biridir. Vaxtilə YAP-da ikinci şəxs-sədr müavini olmaqla yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində də çalışan Əli Nağıyev o zaman “qılıncının dalı da, qabağı da kəsən” məmurlardan biri sayılırdı. Yeni Azərbaycan Partiyasının nüfuzlu liderlərindən olan Ə.Nağıyev düz 10 il nazir kürsüsündə əyləşdi.

Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə gəl­mə­sin­də, YAP-ın qu­rul­ma­sın­da mü­hüm xid­mət­lə­ri olan Əli Na­ğı­ye­v ha­kim ko­man­da­da iddialı fiqur sayılırdı. Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postunda olarkən dəfələrlə səs-küy doğuran açıqlamalar vermişdi. Onun Təhsil Nazirliyinin ünvanına sərt çıxışı isə geniş rezonans doğurmuşdu. Bəzi məlumatlara görə, hakim komandada Əli Nağıyevi istəməyən bir sıra yüksək çinli məmurlar İlham Əliyev prezident seçiləndən sonra onun “vurulması”na çalışırdılar və buna nail ola bildilər. Hələ 2005-ci ildə ölkədə dövlət çevilişinə cəhd ittihamı ilə vəzifədən çıxarılan nazirlər arasında onun adı da hallansa da, bu, sonradan təsdiqini tapmadı.
İlham Əliyev hakimiyyətə gələndən bir neçə il sonra – 2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad etdi.

2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixdə isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı. Diplomatik işdən geri çağrılan sabiq nazir indi sərəncamdadır və onun yenidən hansısa vəzifəyə təyin olunub-olunmayacağı məlum deyil. Bəzi məlumatlara görə, Ə.Nağıyevə Milli Məclis aparatında ortabab bir vəzifə təklif olunub, amma o, bundan imtina edib. Hazırda işsizdir. Vaxtilə YAP-ı quranlardan olan Ə.Nağıyev hazırda partiyanın sıravi üzvüdür.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir