Modern.az

Tovuz aşıqlarının konserti olub

Tovuz aşıqlarının konserti olub

6 Sentyabr 2010, 16:14

Sentyabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Tovuz aşıqlarının konserti keçirilib.

 

“Saz götürüb, bu meydana gəlmişəm” adlı konsertin təşkilatçılarından olan millət vəkili Qənirə Paşayeva çıxışında aşıq sənətinin bu günündən, inkişafından söhbət açıb. Deputat Azərbaycanın folklor nümunəsi olan aşıq sənətinin inkişafında Tovuz aşıqlarının da xüsusi rolu olduğunu vurğulayıb. Millət vəkili onu da qeyd edib ki, Tovuz aşıqları sonuncu dəfə Filarmoniyada 25 il əvvəl konsert proqramı ilə çıxış ediblər.

 

Professor Məhərrəm Qasımlının aparıcılıq etdiyi konsertdə səhnəyə ilk olaraq “Pöhrə” uşaq ansamblı çıxıb. Daha sonra Tovuzun 30-a qədər ən yaxşı aşığı öz ifaları ilə tamaşaçılara xoş anlar yaşadıb. Məmməd Bozalqanlı, Mahmud Mahmudov, Məhsəti Əsraflı, Günel Qurbanova, Firudin Hüseynov, Azər Xanlaroğlu, Şəhriyar Kərimov və başqaları sevilən aşıq havaları səsləndiriblər. Aşıq sənətinin ən məşhur nümayəndələrindən olan Aşıq Zülfiyyə və Aşıq Samirənin ifası isə tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Gecədə diqqət çəkən məqamlardan biri də aşıqların geyimilə bağlı olub. Belə ki, ənənəvi geyim tərzindən fərqli olaraq, kişi aşıqları sadə köynəkdə və kostyumda, xanımlar isə milli geyim üslubunda tamaşaçıların qarşısına çıxıblar.

 

Qeyd edək ki, konsert Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə baş tutub. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi