Modern.az

Tanınmış jurnalist Zülfiyyə Əhmədli: “Jurnalistikaya heç vaxt qayıtmaram”

Tanınmış jurnalist Zülfiyyə Əhmədli: “Jurnalistikaya heç vaxt qayıtmaram”

7 Sentyabr 2010, 15:59

Modern.az Azərbaycan mətbuatında tanınan imza sahibləri olan və uzun müddətdir KİV-də imzası göranməyən jurnalistlər barədə məlumatları oxuculara çatdırmaqda davam edir. Bu dəfə eks-jurnalist Zülfiyyə Əhmədlini axtarıb tapdıq. Qeyd edək ki, Z.Əhmədli vaxtilə mətbuatda kriminal sahədən yazan ən tanınmış qələm sahiblərindən biriydi. Onun kriminalla bağlı yazılarında mənbənin adı çəkilməsə belə, fakların etibarlılığına heç kim şübhə etmirdi.

Zülfiyyə Əhmədli (indi Əbusəttar) 1975-ci il sentyabrın 25-də Zəngilan rayonunun Genlik kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1997-ci ilin avqust ayında «Çağ» qəzetində müxbir vəzifəsindən başlayıb. 1998-ci ilin əvvəllərində ANS telekanalında efirə gedən «İç xəbər» proqramında reportyor-stajor kimi fəaliyyətini davam etdirib. Həmin ilin may ayında yenidən mətbuata - «Azadlıq» qəzetinə qayıdıb. 2004-cü ildək bu qəzetdə çalışıb, Həmin ildə öz ərizəsi əsasında «Azadlıq» qəzetində tutduğu vəzifədən azad edilib və təxminən bir il «525-ci qəzet»də işləyib. Mətbuatda daha çox kriminal və insan hüquqları sahəsində hazırladığı araşdırma yazılarla tanınıb. Bəzi mətbu orqanlarda və ədəbiyyat dərgilərində şeirləri dərc olunub.

- Zülfiyyə xanım, siz vaxtilə mətbuada imzası tanınan jurnalistlərimizdən biriydiniz. Sonra gözlənilmədən “Zülfiyyə Əhmədli” imzası qeybə çəkildi. Necə oldu ki, aktiv jurnalistikadan getdiniz? Bunun səbəbi nə ilə bağlı oldu?

- Jurnalistikadan uzaqlaşmaq gələcək həyat yoldaşımın mənim qarşımda qoyduğu başlıca şərt idi. Həmin vaxt «525-ci qəzet»də çalışırdım. Heç düşünmədən işdən çıxmaq üçün ərizə yazdım. Xeyli müddət idi ki, jurnalistikada qalıb-qalmamaq barədə tərəddüd edirdim, qəti qərar verə bilmirdim. Bu şərt mənim üçün göydəndüşmə oldu və istər işimdə, istərsə də şəxsi həyatımda yeniliklərə start verdi. - Bildiyimizə görə, mətbuatdan həm də incik ayrılmısınız, sonradan jurnalistikaya qayıtmaq barədə fikirləşmədiniz ki?

- Mən mətbuatdan deyil, konkret şəxslərdən incimişdim. Həmin şəxslər isə «Azadlıq» qəzetinin rəhbərlərindən olduqları üçün mənim sərbəs şəkildə yaradıcılıqla məşğul olmağıma əngəllər yaradırdılar. Son zamanlar yazılarıma əl gəzdirilirdi, bəzi yazılarım hətta dərc olunmurdu. Yazılarımda hansısa bir maraq axtarmağa başlamışdılar. Yaradıcı işlərdə bu cür müdaxilələr keçmir. Məni tanıyanlar bilirlər ki, mən xırda bir yazını hazırlayanda belə, ona can qoyurdum, nə qədər həyəcan keçirirdim. Mən həmişə, hələ orta məktəbdə oxuduğum illərdən bəri «Azadlıq» qəzetini sevmişəm. Bir kənd yerində böyüyə-böyüyə hiss edirdim ki, ömrümün bir hissəsi bu qəzetlə bağlı olacaq. 1990-cı ildə «Azadlıq» qəzetində dərc olunmuş məktubuma görə az qala atam işsiz qalacaqdı… Bu qəzetdən ayrılmaq çox çətin idi.

Jurnalistikaya qayıtmaq barədə heç düşünmürəm və yəqin ki, bu hal bir daha baş verməyəcək. 

- Mətbuatla əlaqələri birdəfəlik kəsmisiniz? Keçmiş həmkarlarınızdan kimlərləsə əlaqələrinizi saxlayırsınızmı?

- İndiki işimdə rejimə tabeyəm. İşdən sonra da yalnız ailəmin, uşaqlarımın qayğıları ilə  məşğul oluram. Mətbuatda bir sərbəstlik var deyə, münasibətlər qurmaq, əlaqələri davam etdirmək, dost-tanışlarla görüşmək daha asandır. Mətbuatdan ayrılandan sonra  əlaqə saxladığım konkret adamlar var. Gec-gec də olsa, bir-birimizdən hal-əhval tuturuq, bəzən imkan edib görüşürük də.   - Hazırda nə işlə məşğulsunuz? İndiki işinizdən razısınızmı? - 2006-cı ildən N.Tusi adına Klinikada kadrlar üzrə inspektor vəzifəsində çalışıram. Burada gördüyümüz işlərdən tutmuş davranış qaydalarına qədər hər şey rəsmidir. Bəzən adamın bu rəsmiyyətçilikdən nəfəsi çatmır elə bil. Amma düşünürəm ki, əgər belə bir sahədə sərbəstlik, azadlıq olsa, əməllicə anarxiya olar. -  Heç jurnalistika üçün darıxmırsınız ki? Olurmu ki, hərdən içinizdən nəsə yazmaq gəlsin? - Bəzən elə yazılar oxuyuram ki, yazmaq üçün darıxdığımı hiss edirəm. Yaxud elə hadisələr görürəm ki, yazmadığıma təəssüflənirəm. Bu yaxınlarda Zamin Hacının bir köşəsini oxudum. Mən də həmin məsələyə müəllif kimi yanaşar, eyni münasibəti bəsləyərdim. Bir anlıq yazmadığım üçün kövrəldim də. Zaminə həmin yazıya görə təşəkkür etdim. İçimdə o qədər yazmadığım mövzular qaldı ki….

-  Hansı mətbuatı izləyirsiniz?

- Jurnalistikadan uzaqlaşandan sonra daha çox ədəbiyyatla maraqlanıram. Amma  gün ərzində izlədiyim bir neçə mətbuat orqanı, informasiya agentliyi olur. Mütəmadi şəkildə izlədiyim isə «Yeni Müsavat» qəzetidir. 

- Siz krimial sahədən yazan və bu sahədə imzanızı təsdiqləyən jurnalist olmusunuz. Bugünkü mətbuatda kriminal yazıların səviyyəsi barədə nə deyə bilərsiniz? - Bu gün kriminal mövzuda yazılan yazıların əksəriyyəti informasiya xarakterlidir. Elə bil,  hamısı da bir-birlərindən köçürüblər. Bitkin, tam xəbərlərin özü də azlıq təşkil edir. Çox nadir hallarda araşdırma yazılara rast gəlirəm ki, onların da səviyyəsi qənaətbəxş deyil. Mən yazılarda daha çox müəllifin tərəfsizliyinə üstünlük verirəm. Digər bir tərəfdən, bütün bucaqların mövqeləri öyrənilmədən, ortaya qoyulmadan  hadisələri analiz etmək yazının çəkisini aşağı salır. «Qarşı tərəfi tapmadım»,-deyib bir tərəfli təhlillər aparmaq düzgün deyil, hətta qarşındakının nə deyəcəyi sənə əvvəlcədən məlum olsa belə. Tərəfləri öz dilləri ilə danışdırmaq, lazım olanda onları öz dilləri ilə ifşa etmək daha maraqlıdır. Həm də yazıda sözükeçən bütün tərədlərin mövqelərini öyrənmək jurnalistin vəzifə borcudur. Bu cür yarımçıq yazılarla heç vaxt aram olmayıb. İşlədiyim müddət ərzində heç bir siyasi partiyanın, heç bir siyasi qurumun üzvü olmamışam. Bu amilin özü də yazılarıma təsir edirdi. Siyasi mənsubluq,  bir növ, jurnalistin sərbəstliyini əlindən alır. «Azadlıq» qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli mənim araşdırma yazılarımı həmişə yüksək dəyərləndirərdi və onların Rusiya mətbuatındakı yazıları xatırlatdığını deyərdi. 

- Dediniz ki, mətbuatdan getmənizə həm də ailə qurmağınız səbəb olub. Yəqin sizi tanıyan keçmiş həmkarlarınız üçün də maraqlı olar Zülfiyyə xanımın neçə övladı var, həyat yoldaşı kimdir... - 2005-ci ildə ailə həyatı qurmuşam. Həyat yoldaşım Fəxrəddin Əbusəttar Dənizçilik Akademiyasını bitirib. İki övladımız var.  Qızımızın adı İlayda ( su pərisi deməkdir), oğlumuzun adı isə Xəlildir.

 

 

Əfqan Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir