Modern.az

Azərbaycanda jurnalistlər həmrəydirlərmi? (sorğu)

Azərbaycanda jurnalistlər həmrəydirlərmi? (sorğu)

Media

8 Sentyabr 2010, 16:35

Bu gün - 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür. Bu əlamətdar tarix 1958-ci ilin mayında Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində qəbul edilən qərara əsasən keçirilir. Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü çex jurnalisti Yuliuse Fuçikenin 8 sentyabr 1943-cü ildə hitlerçi faşistlər tərəfindən qətlə yetirilməsinin xatirəsinə təsis olunub.

Əksər xarici ölkələrdə qələm əhli həmrəylik nümayiş etdirərək Jurnalistlərin Beynəlxalq Həmrəyliyi gününü qeyd edirlər. Bəs Azərbaycanda necə, jurnalistlər həmrəydirlərmi?

Modern.az saytı bu sualla media nümayəndələrinə müraciət edib.

 

Üç Nöqtə” qəzetinin redaktoru Punhan Əfəndiyev: “Düzünü desəm, heç bir həmrəylikdən söhbət gedə bilməz, hərə bu dəqiqə özü üçün çalışır. Desəm ki, 100 faizlik həmrəylik var jurnalistlər arasında, bu, ağ yalan çıxar. Mən onu görmürəm, sözün doğrusu, indi elə bir vəziyyət yaranıb ki, hər mətbuat orqanı yalnız özünü düşünür, digər mətbuat orqanlarının əməkdaşlarına o qədər də dəstək vermək niyyətində deyil. Mən belə təsəvvür edirəm. Mənə görə jurnalistlər arasında həmrəylik yoxdu”.

 

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli: “Mən hesab edirəm ki, Azərbaycanda jurnalistlər ötən əsrin 90-cı illərinin ortalarında daha həmrəy idi, qələm əhli arasında münasibət onda daha yaxşı idi. Son dövrlər Azərbaycan jurnalistləri arasında həmrəylik o qədər də hiss olunmur. Bu da qəzetlərin, elektron KIV-lərin, xəbər portallarının hələ də ayrı-ayrı siyasi qüvvələrin nəzarəti altında olmasından irəli gəlir. Azərbaycanda sırf peşə ilə bağlı jurnalist həmrəyliyi yoxdur”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Ruhiyyə Hüseynova: “Azərbaycan jurnalistləri bir-birinə həmrəy deyillər. Mənim fikrimcə, istənilən problemdə jurnalistlər eyni fikrə gələ bilmirlər. Hər kəs istəyir ki, onun fikri əsas olsun, həyata keçsin. Bu baxımdan əminəm ki, biz jurnalistlər həmrəy deyilik”.

 

Mərkəz” qəzetinin baş redaktor müavini Nicat Sadıqlı: “Azərbaycan jurnalistlərinin yüksək səviyyədə həmrəy olduqlarını deyə bilmərəm. Amma ümümilikdə götürəndə ayrı-ayrı məsələlərdə Azərbaycan jurnalistləri arasında həmrəylik var. Tutaq ki, müəyyən problemlərin həlli üçün yazı yazanda həmrəylik nümayiş etdirirlər ki, müəyyən tədbirlər olur, o tədbirlərdə iştrak baxımdan həmrəylik var, layihələr həyatə keçiriləndə jurnalistlər bir-birlərinə dəstək verirlər. Ümümilikdə böyük mənada Azərbaycan jurnalistlərinin həmrəyliyi var, amma mənə elə gəlir ki, bu, indi o qədər də yüksək səviyyədə deyil. Təxminən 10 il bundan əvvəl daha həmrəy idilər jurnalistlər”.

 

“Azadinform” İnformasiya Agentliyini direktoru Niyaz Niftiyev: “Son illər həmrəylikdən danışmaq qismən də olsa  mümükündü. Bir neçə il bundan əvvələ nəzər yetirsək, əlbəttə jurnalistlər arasında bir parçalanma, siyasi bölünmə müşahidə olunmaqdadır. Bu da jurnalistlərin siyasi proseslərə daha çox müdaxilə etmələri, siyasi proseslərdə iştrakları ilə bağlı idi. Amma son illər butun problemlər aradan qaldırılır. Bu, mənim subyektiv fikrimdir. Bu gün jurnalistlərin təbəqələrə bölünməsi problemi var, amma elə də güclu deyil. Hesab edirəm bu gün qismən də olsa jurnalistlərin həmrəyliyi təmin olunur. Ümid edirik ki, gələcəkdə bu həmrəylik daha yüksək formada özünü birüzə verəcək. Bunun üçün baza da, potensial da var və jurnalistlər bu potensialı düzgün qiymətləndirməyi bacaracaqlar. Əslində, buna cəmiyyətin də ehtiyacı var. Çünki jurnalistlər nə qədər həmrəy olsalar, onların istehsal etdiyi xəbərlərdə qərəz olmaz, subyektivlik olmaz, daha çox obyektivlik olar”.

 

“Yeni Müsavat” qəzetinin redaktoru Famil Cəfərli: “Birincisi jurnalist çoxdu, hamını bir-birinə həmrəy etmək olmaz. Azərbaycan jurnalistlərinin həmrəyliyi deyəndə, peşə həmrəyliyi bütün sahələrdə var, bizdə isə daha çoxdur. Çünki biz sözlə, fikirlə daha çox əlləşirik. Bizim işimiz elədi ki, bizi həmrəy olmağa məcbür edir. Bu, dünyanın hər yerində belədir, tək bizdə yox. Təbii ki,  mən mətbuatın azad hissəsini nəzərdə tuturam. Cəmiyyətdə siyasi yönümdə iqtidar, müxalifət var, bu, özünü jurnalistikada da göstərir. Bir var iqtidar jurnalistləri, bir də var müxalifət jurnalistləri. İqtidar jurnalistləri ilə müxalifət jurnalistlərinin söz azadlığı, demokratiya, haqq-ədalət, qanunçuluq kimi məsələlərə münasibətlərində çox ciddi fərqlər var. Mən iqtidar jurnalistləri arasında elələrini tanıyıram ki, onların ürəyi bizim yanımızdadır. Belələrini özümə həmrəy hesab edirəm. Onlar ki, ruhən həmrəydilər, onları qəbul edirəm. Ancaq belələri çox azdır. Deyə bilərəm ki, azad qələm sahiblərinin hamısı həmrəydilər. Jurnalistlərə basqı, təzyiq olanda, onlar həbs ediləndə, qalxırlar, deyirlər ki, bu belə olmasın. Bunun özü həmrəyliyin ən böyük nümünəsidir. Çox aydın şəkildə bölünmüş iki cəbhə var, ancaq ortada nala-mıxa vuranlar da var. Əsasən həmrəy saya bilərik azad sözün yanında olan jurnalistləri. Bizdə deyilənə görə10 minə yaxın jurnalist var, onların içində “reket jurnalistlər” də var, mən onlarla necə həmrəy ola bilərəm..?”.

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Azərbaycan jurnalistləri prinsipal məqamlarda hesab edirəm ki, həmrəydilər. Təbi ki, fikir ayrılıqları hər zaman  olub. Ən əsası odur ki, ölkə üçün, millət, Azərbaycan vətəndaşları üçün cəmiyyətin inkşafı ilə bağlı bir çox məsəllərdə əksər mətbuat, media nümayəndələrinin baxışları üst-üstə düşür. Bu baxımdan mən Azərbaycan mətbuatında kiçik istisnalar olmaqla şərti ilə dəyərli inkşaf olduğunu düşünürəm. Azərbaycan mətbuatını həmrəy hesab eləmək olar. Ölkə inkşaf etdikcə, cəmiyyət inkşaf etdikcə cəmiyyətin siyasi, mədəni  səviyyəsi, intellektual səviyyəsi yüksəldikcə, bu həmrəylik daha da möhkəmlənəcək. Bunun üçün də müəyyən bir zaman lazımdı”.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Ümumilikdə  götürdükdə, Azərbaycan jurnalistləri arasında həmrəylik yoxdur. Ancaq müəyyən qruplar arasında həmrəylik var. Bunlar da iqtidar mətbuatı və yaxud müxalifət mətbuatı, yaxud dostlar qrupundan olan təbəqədir. Bu da onu göstərir ki, Azərbaycan mətbuatında bir təbəqələşmə gedibdi. Bu, həm siyasi, həmi sosial cəhətlər üzərində qurulubdur. Bu, təkcə müdafiə ilə bağlı deyil, hansısa jurnalistə, mətbuat orqanına qarşı basqı varsa, onu müdafiə etmək yox, həm də lobbiçilik üzərində həmrəylik qurulub. Hazırda Azərbaycan jurnalistləri arasında həmrəyliyin olduğunu demək olmaz. Qabaqlar Redaktorlar Birliyi deyilən bir qurum var idi. Müəyyən məsələlər ortaya çıxanda birlik üzvləri toplanırdılar. Artıq xeyli müddətdir ki, Redaktorlar Birliyi də toplanmır. Sonuncu iclasın nə vaxt keçirildiyi də artıq yaddan çıxıb. Bunun ucbatından bu gun deyə bilərik ki, Azərbaycan jurnalistləri arasında peşə həmrəyliyi yoxdur”. 

AzərTAc-ın baş direktor müavini Dağbəyi İsmayılov: “Azərbaycan jurnalistləri həmrəydilər, mən deyərdim. Ümumilikdə götürəndə, vətən, torpaq, ölkə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə, dövlətçilik məsələlərində həmrəydilər. Ola bilsin xırda-para məsələlərdə fikir ayrılığı olur, butun sahələrdə olduğu kimi jurnalistikada da bu var. Jurnalistika elə bir vəziyyətdədir ki, jurnalistikadan xəbəri olmayan, jurnalistika təhsili olmayan adamlar da gəlib daxil olublar bu sahəyə, onlar jurnalistikanı tamam başqa bir istiqamətdə görürlər. Bu mənada fərqli mövqelər ola bilər. Jurnalistika elə bir sahədir ki, orada vahid mövqe,  ümümi prinsipal məsələlər də ola bilər, amma fərdi məsələlərdə hərənin öz şəxsi nəzər nöqtəsi var. Məncə, həmrəylik, münasibət olmalıdır. Qüsurları tənqid edəndə onu sağlam qarşılamaq lazımdı, emossional münasibət bildirmək lazım deyil”.

 

“Kaspi” qəzetinin baş redaktor müavini Nurəddin Heydərli: “Tam demək olmaz ki, Azərbaycan jurnalistləri həmrəydilər. Xüsüsən də özlərinin sosial problemlərinin həlli məsələlərində bu həmrəyliyi görmürəm. Bütün problemləri qaldırırlar, önə çəkirlər, bunun arxasınca getmək məsələsi gələndə parçalanma müşahidə olunur. Bu baxımdan da mən jurnalistlərin həmrəyliyini görmürəm. Üzdə ola bilsin ki, biz bir-birimizi müdafiə edirik, ancaq gerçəyə gələndə biz biri-birimizi müdafiə etmirik”. 

“525-ci qəzet”in əməkdaşı Pərvanə Sultanova: “Mən təəssüf edirəm ki, Azərbaycan jurnalistləri arasında həmrəylik yoxdur. Bu özünü son dövrlərdə daha çox bürüzə verir. Modern.az saytındakı bəzi yazılara yazılan şərhlərdən mən gördüm ki, jurnalistlər az qala bir-birini didir, parçalayır. Jurnalistlərin həbsi zamanı vahid fikir görünmür. İstər-istəməz jurnalistlər işlədiyi yerin mövqeyindən, qəzetin mövqeyinə uyğun  çıxış edir, siyasi mövqe sərgiliyirlər. Mən çox istəyərdim həqiqətən də jurnalistlərimiz həmrəy olsun, onda kənardan da bizə hansısa bir qeyri-obyektiv yanaşma olmaz. Bəzən deyirlər ki, jurnalistlər qeyri peşəkardır, əgər biz həmrəy olsaq, bu cür fikirlər də bizə qarşı yönəlməz”.

 

 

Modern.az saytının əməkdaşı Xaqani Səfəroğlu: "Azərbaycanda jurnalistlər arasında həmrəylik çox zəifdir. Bunun səbəbləri daha çox jurnalistin öz hüquqları uğrunda mübarizə aparmamasıdır. Həm də bu işi boynuna götürmüş jurnalist təşkilatlarının fəaliyyəti  “toy generallarını” xatırladır.  İndi mediada jurnalist həmrəyliyi çox aktual məsələdir.  Həmrəy olmağı tələb edən xeyli problemlər var". 

Mail Ağaxanov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi