Modern.az

“YAP-ın siyahısının necə müəyyənləşəcəyi bizə məlumdur”

“YAP-ın siyahısının necə müəyyənləşəcəyi bizə məlumdur”

8 Sentyabr 2010, 19:48

Arif Hacılı: “Hakim partiyadan sürpriz siyahı gözləmirik”

 

 

Bu gün iki müxalifət partiyasının imzaladığı “AXCP-Müsavat” adlı seçki bloku gündəmin əsas müzakirə mövzusuna çevrilib. Blok yaradılsa da, bir sıra məsələlər hələ açıq qalır. Razılaşdırılmayan dairələr hələ qalır. Blokun təsisçilərindən olan Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı Modern.az-a müsahibəsində bir sıra məqamlara toxundu.

 

- Sizin 30 saylı Suraxanı seçki dairəsindən namizəd olacağınız barədə məlumatlar nə dərəcədə əsaslıdır?

 

- Suraxanı dairəsindən bizim blokun vahid namizəd siyahısında adı olan Vurğun Əyyub idi. Ləkin bir neçə ay əvvəl onu Türkiyənin Qars Unversitetinə dərs deməyə dəvət ediblər. Ancaq onun seçkilərdə iştirak məsələsi aydınlaşmamışdı. Yalnız dünən o, partiya strukturlarına seçkilərdə iştirak etmək üçün Bakıya gələ bilməyəcəyi barədə məlumat verib. Yəqin ki, o dairədən mənim namizəd olacağım haqda söhbətlər buradan qaynaqlanır. Mənə bir neçə dairədən, o cümlədən Suraxanı dairəsindən namizədliyimi irəli sürmək təklifi verilib. Mən bu təklifləri dəyərləndirirəm. Partiya strukturalarında və başqanla müzakirə edirəm. Anca mənim 30-cu dairədən namizəd olacağım barədə hələlik qərar yoxdur.

 

- Başqa hansı dairələrdən sizə təklif gəlib?

 

- Müxtəlif dairələr var. Zaqataladan olan iki dairədən, 45 saylı Abşeron seçki dairəsindən,  Bakıda 36 saylı seçki dairəsindən və s. Yerlərdən təkliflər var. Ancaq hesab edirəm ki, Bakı şəhərindən seçkilərdə iştirak etməyim daha məqsədəuyğyndur. Çünki mən partiyanın seçki işinin təşkilində iştirak edəcəyəm. Bu, işləri uzlaşdırmağa kömək edəcək.

 

- Bu gün elan edilmiş AXCP-Müsavat blokunda partiyaların əməkdaşlığı yalnız seçki gününə qədər nəzərdə tutlub, yoxsa seçkidən sonra birgə hərəkət planı da olacaq?

 

- Seçki blokunun yaradılması qərara alınıb. Yəqin ki, seçki prosesi bizim üçün seçkidən sonrakı davranışlarımızın müəyyən testi olacaq. Əgər seçki kampaniyası dövründə müttəfiq partiyalar normal şəkildə öz fəaliyyətlərini qura bilsələr, kampaniya dövründə müəyyən inteqrasiya prosesi baş versə, şübhəsiz bu əməkdaşlıq seçkidən sonra da davam etdirilə bilər.

 

- Bir sıra müşahidəçilərin fikrincə, blok o qədər də uğurlu namizəd siyahısı ortaya qoya bilməyib. Sizin namizəd siyahınız “qələbə formulunu” əhatə edirmi?

 

-  Hələlik YAP-ın namizədlər siyahısı məlum deyil. Ancaq ortalıqda olan bütün namizədlər siyahısını bizim siyahılarla heç bir halda müqayisə etmək olmaz.  AXCP-Müsavat blokunun siyahısı müqayisəolunmaz dərəcədə güclüdür. Burada Milli Mclisdə vətəndaşları layiqli təmsil edəcək namizədlər müəyyənləşib.

 

- YAP-dan necə, sürpriz siyahı gözləmirsiniz?

 

- Hakimiyyət siyahısı barədə təxmini təəssüratlarımız var. Çünki YAP-ın indiki parlament çoxluğunun qabiliyyətinə və cəmiyyətdəki nufuzuna kifayət qədər bələd olduğumuz üçün deyə bilərik ki, AXCP-Müsavat blokunun siyahısı digər bütün siyasi blokların siyahısından üstün olacaq. YAP-dan qeyri-adi sürpriz siyahı gözləmirik. Çünki bu gün hakimiyyətin ümumi prinsiplərinə bələdik. Hansı prinsiplər əsasında parlament siyahısının müəyyənləşəcəyi bizə məlumdur.  Ona görə də hesab edirik ki, qeyri adi –siyahı olmayacaq.

 

- Blokun razılaşdıra bilmədiyi  dairələrin taleyi necə olacaq?

 

- Müzakirələr bundan sonra da davam edəcək. Seçki Məcəlləsi buna imkan verir. Blok elan edildikdən sonra da müzakirələri aparmaq fikrindəyik. 90-dan əlavə yeni vahid namizədləri  müəyyən edib MSK-ya təqdim etmək niyyətindəyik.

 

- Milli Məclisdə neçə yer götürmək fikriniz var?

 

- Biz parlament seçkilərinə qanunverici hakimiyyət uğrunda mübarizə imkanı yox, bütövlükdə ölkədə siyasi şəraiti demokratiyanın xeyrinə ciddi şəkildə dəyişdirmək imkanı kimi baxırıq. Biz ölkədə bütövlükdə siyasi vəziyyətin demokratik prinsiplərin xeyrinə dəyişdirilməsinə cəhd göstərəcəyik. Əgər minimum demokratik seçkilər keçirməyə nail olsaq, qeyd edilən hədəflərə nail ola biləcəyik. 

 

 

Xaqani SƏFƏROĞLU

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi