Modern.az

Parlament həvəskarlar yığıncağı deyil...

Parlament həvəskarlar yığıncağı deyil...

9 Sentyabr 2010, 13:46

Modern.az  saytının suallarını 72 saylı Yardımlı-Masallı

seçki dairəsindən deputat Sabir Rüstəmxanlı cavablandırır.

 

 

- Sabir bəy, üçüncü çağırış Milli Məclis başa çatmaq üzrədir. Siz 3 çağırışdır ki, deputatsınız. Üçüncü çağırış Milli Məclislə əvvəlki çağırış parlamentləri nə ilə fərqləndirərdiniz?

- Mənim fikirimcə, ən fəal və gərgin iş görən parlament 1990-cı ilin parlamenti oldu. Onda ölkədə vəziyyət çox ağır idi, inqlabi vəziyyət idi. SSR-dən qopma, müstəqillik aktının qəbul olunması, bir çox sərt addımlar, qanunlar təzədən yazılırdı. Bayraq, gerb, əlifba islahatı, təhsil sitemində dəyişiklik... Bütün bunlar çoxlu suallar doğururdu və təcrübə də yox idi. Hər şeyə sıfırdan başlanılırdı. Qalan dövrlər nisbətən sakit və bir-birindən fərqlənməyən dövrlərdir. Qalan dövrlərdə deputatlar arasında kobudluq, bir-birinə qarşı yaraşmayan münaqişələr olsa da, külli halında münasibətlər yaxşı keçib. Daha dözümlü münasibətlər olub. Sonuncu çağırışda da deputatlar çox çalışdılar. Beynəlalxalq müstəvidə görüşlər, fəal şəkildə  Azərbaycanın təmsilçiliyini regional parlamentlərdə və beynəlxalq qurumlarda təbliğ etdilər. Amma bəzi deputatlar da ağızlarına su alıb oturdular. Əvvəlki illərdən fərqli olaraq bu dəfə elə deputatlarımız oldu ki, əllərini heç ağdan-qaraya vurmadılar. Bu parlamentdə mənim yadımda qalan o oldu ki, Türkdili Ölkələrin Parlament Assambleyası yaradıldı. Bu parlamentin tarixinə düşəcək çox parlaq bir səhifədir.

- Bu parlamentdə sizin fəallığınız o qədər də görünmədi. O biri deputatların əksəriyyəti isə heç görümmədi. Bu, nə ilə bağlıdır?

- Bu parlamentdə fəallıq bir az aşağı düşmüşdü. Bilirsiniz, bu nə ilə bağlıdır? Qanun yaradıcılığında getdikcə ixtisaslaşma gedir. İqtisadiyyatla bağlı qanunlar ətrafında daha çox iqtisadçılar danışır. Mədəniyyətlə bağlı qanunlarda bu sahənin ixtisasçıları danışır. Bizim qəbul etdiyimiz qanunlar daha çox iqtisadiyyat yönümlüdür, təsərrüfat yönümlü qanunlardır. Ona görə də bu sahədən başı çıxanlar danışmalıdır. Qaldı cari məsələlərin müzakirəsi zamanına, insan bir şeyi neçə dəfə deyə bilər. Bir çox məsələlər var ki, onu dəfələrlə demişik və indi  təkrar etməyə ehtiyac yoxdur. Bu gün bir çox millət vəkillərinin hay-küylə dediyi məsələlər vaxti ilə deyilib. Bir hissəsi həyata keçib, bir hissəsi keçməyib, bu, ayrı məsələdir. Yalnız çıxışı səmərə verə bilənlər çıxış etməlidir və yalnız çıxış etmək xətrinə yox, o, çıxışın cəmiyyət üçün əhəmiyyətli olacağına inananda şıxış etməlidir. Bəli, əvvəlki illərə nisbətən daha səbirli olmuşuq.  Bilirsiniz, insan yaşa dolduqca məsələlərə daha səbrlə yanaşır.

- Növbəti parlamentin tərkibin necə görmək istəyərdiniz?

- Bilirsiniz, parlament həvəskarlar yığıncağı deyil. Mətbuatda gedir ki, parlament gəncləşəcək, parlamentdə qadınların sayı artacaq. Bu çox yaxşıdır, gənclər yetişməlidir. Amma deyək ki, qadın olmaq müəyyən statusda üstünlük qazandırmır. Mən istərdim ki, parlamentimiz daha çox iş bacarığı qazansın, peşəkarların sayı artsın. Yəni ziyalılar, hüquqşünaslar, beynəlxalq münasibətləri bilənlər, diplomatlar və s. parlamentdə olmalıdır. Azərbaycanın əlaqələri genişlənir, Parlamentlərarası əlaqələr və beynəlxalq münasibətlər komitəsinin üzvü kimi diqqət verirəm, Azərbaycan İslam Konfaransı Təşkilatının Parlament Assambleyasından başlamış MDB, Qara dəniz, Avropa Parlamenti, Türkdilli Ölkələrin Paralament Assambleyası və digər beynəlxalq qurumlarda təmsil olunur. Dostluq qrupları var. Bu qurumlarda Azərbaycanı təmsil etməyə səriştəli adamlar olmalıdır. 125 adam elə də çox deyil və bu qurumların arasında böləndə görəcəksiniz ki, səriştəli deputatlar çatmır. Ona görə bu boşluqları doldurmaq üçün bacarığı olan ölkəni ləyaqətlə təmsil edə bilən, qanunvericilik səriştəsi olan, qanunları bilən, qanun yaradıcılığında səmərəli fəaliyyət göstərə bilən adamlar seçilməlidir.

- Namizədliyinizi irəli sürəcəksinz?

- Namizədliyimi verəcəm. İndi deputat olduğum dairədən yenə deputat olmaq istəyirəm. Bununla ikinci dəfədir ki, bu   dairədən namizədliyimi irəli sürürəm.

- İkinci dəfə bir dairədən  namizədlik vermək bir qədər çətin deyilmi, insanların rəğbəti baxımından...

- Bilirsiniz, hər şey qiymətləndirilməlidir. Ancaq deputatın səlahiyyət çərçivəsi də nəzərə alınmalıdır. Azərbaycanda hansı deputatların hansı fəaliyyəti var, nə iş görə bilirlər? Şübhəsiz, Yardımlıda və Masallıda son illər nə qədər işlər var, hamısında iştirak etmişəm. Bəzi işlərdə təşəbbüskar olmuşam. Ən ciddi seçilən məsələlərdə, məktəb tikintisindən, yol tikintisindən tutmuş  iqtisadiyyatın bəzi sahələrindəki başlanğıclara qədər. Mən deyərdim ki, Azərbaycanda çox az deputat mənim qədər məktub alır, mənim qədər şikayət alır. Çünki Yardımlı dağ rayonudur, onun problemləri çox olur. Mənim qədər də müxtəlif idarələrə məktublar yazan deputat tanımıram. Mənim köməkçim var o, digər millət vəkillərinin köməkçiləri və özləri ilə əlaqə saxlayır. Seçicilərimiz hər şeyi hiss edirlər. Azərbaycan daxilində və beynəlxalq səviyyədə nə işlər görülüb, hamısından xəbərdardırlar.

- Siz millət vəkilliyindən əlavə böyük missiyanın daşıyıcısısınız. Bütöv Azərbaycan məsələsi ilə bağlı parlamentdə özünüzü qane edən iş görmüsünüzmü? Bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasında hansı xidmətləriniz var?

- Ümumiyyətlə, bu məsələyə parlamentdə ehtiyatla yanaşırlar. İranla mehriban qonşuluq münasibətlərini gərginləşdirmək istəmirlər. Amma gec-tez bu məsələ gündəmə gələcək. Nə qədər qonşuluq münasibətlərimiz olsa da, 35 milliyon qardaşımız güneydə yaşayır. Onlara qarşı müxtəlif vəhşiliklər etməklə onların hüquqları pozulur. XXI əsrdə adamların asılması, daş-qalaq edilməsi, hər cür zorakılığa məruz qalması nə İslama sığan bir şeydir, nə də sivilzasiya qaydalarına. Ona görə də Azərbaycan bu işə gec-tez qarışacaq, amma qeyri-hökümət təşkilatı olaraq, Dünya Azərbaycanlıları Konqresi olaraq bu işi görürük və BMT-dən başlamış dünyanın müxtəlif ölkələrinin parlamentlərinə qədər. Dünyanın əksər ölkələrində görüşlər keçiririk. Mən xaricdə hətta rəsmi televizya verlişlərində çıxış edəndə, müxtəlif aydiyyatı olmayan proqramlarda da müxtəlif vasitələrdən istifadə edib Azərbaycanın bu dərdlərin dilə gətirirəm. Onu da deyim ki, mənim millət vəkili olmağım Dünya Azərbaycanlıları Konqresinin işinin qurulmasına müəyyən müsbət təsir göstərir. Əslində, bu dəfə də deputat seçilmək arzumun bir hissəsi də elə bununla bağlıdır. Millət vəkili olaraq, bu məsələdə dünyada müəyyən iş aparmağa bu status mənə kömək edir. Amma məlumdur ki, bu məsələləri mən Milli Məclisdə Güneydən gələnlərimizin miqrasiya problemləri, orda insan haqlarının pozulması və bu kimi məsələlərlə bağlı həmişə sözümü demişəm. Bəzi halda da Milli Məclisi bu işlərə qatmaq istəmirik. Özümüz öz işimizi görürük.

- Deputatlıq sizə bu işdə kömək edir, vurğuladınız, bəs, sizin vaxtınızı almır ki?

- Bu, Qeyri-Hökümət Təşkilatıdır. Müəyyən iş planı tutulur. Qurultay iki ildən bir keçirilir. Bu iki ildə iş planı tutulur və işlər bu plan üzrə görülür. Ötən iki ildə DAK-ın əvvəlki 8-9 ildə gördüyü işi görmüşük. Bunlar bir-birinə kömək edir. Maneçilikdən çox kömək edir. Bəzən də müəyyən səfərləri görüşləri eyniləşdirirsən.

- Biz həmişə odlu-alovlu danışan bir Sabir Rüstəmxanlı tanıyırdıq. Amma illər keçir, isan yaşlanır, bundan sonra parlamentdə bunun tam əksi olan Rüstəmxanlı görəcəyik, bunu necə qəbul edirsiniz?

- Deyə bilərsiniz ki, 1988-ci illər mitinqlərində kürsüdən düşməyən Sabir Rüstəmxanlı vardı. Vəziyyət dəyişib. Hadisələr eyni vəziyyətdə qalmır, yəni istər-istəməz, o  şey ki, alovlu danışmağı tələb edir, alovlu danışırsan. O dövlətin müstəqilliyi idi. Ölkənin imperiyadan qopması idi. İndiki parlament isə daha çox qanun yaradıcılığı ilə məşğul olur. Qanun yaradıcılığına odlu, alovlu çıxış lazım deyil.

- Azərbaycandakı seçicilərin başqa ölkələrin seçicilərilə fərqi və oxşarlıqları haqda nə deyə bilərsiniz?

- Dünya balacadır və adamlar da hamısı biri-birinə oxşayır. Xalqın öz xarakteri, siması var. Millətimizi nəcib bir xalq kimi sevirəm. Onun yüksək mədəniyyət yaradıcılığı, yüksək humanizmi, yüksək insani dəyərlərə qiymət verməsi göz qabağındadır. Amma təssüf ki, müstəqilliyinin uzun müddət olmaması dövlət işinə biganəlik, öz hüququnu müdafiə edə bilməmək, öz haqqı uğurunda mübarizə apara bilməmək də var bizdə. Müqavimətsizlik, şərə qarşı mübarizə apara bilməmək, öz torpağının ağası kimi özünü aparmamaq... Bunlar hamımızı narahat edir. Seçkilərə biganəlik, laqeyidlik hakim kəsilib az qala.

- Xanımınızın da namizəd kimi seçkiyə qatılacağı söylənilir...

- Bəli, belə bir fikir var. Mənim xanımım deputat olmasa da, bizim deputatlardan daha çox işlədi. Mən onu deputatlığa layiqli namizəd kimi dəyərləndirirəm. Ancaq bir məsələ də var ki, ya ailənin başçısı ya da xanımı, ikisindən biri namizədliyini verməlidir. Ona görə də bu məsələni ailəmizdə müzakirə edəcəyik.

 

 

 

 

          Mail AĞAXANOV  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər