Modern.az

Xəzərin hüquqi statusu – tərəflər nə istəyir?

Xəzərin hüquqi statusu – tərəflər nə istəyir?

İqtisadiyyat

7 Mart 2015, 09:52

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdlr. Təsadüfi deyil ki, uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır.

Keçmişdə Xəzər dənizi SSRİ və İranın daxili su hövzəsi hesab olunurdu. Beynəlxalq hüquq doktrinası da SSRİ - İran razılaşmasını qəbul edirdi. Bu müqavilələr 1921-ci il fevralın 26-da və 1940-cı il martın 25-də imzalanan “SSRİ və İran arasında ticarət və dənizçilik haqda müqavilə” hesab olunur. Bu gün Xəzərin yekun statusu hələ müəyyən olunmadığı üçün 1921 və 1940-cı illər müqavilələri hələ də qüvvəsini itirməyib.   1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoyur. Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya Xəzərin bölünməsi ilə bağlı fərqli mövqe sərgiləməsi məsələni qəlizləşdirib.  

Azərbaycan – Xəzər dənizinin qərb sahilində yerləşir. Azərbaycan Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da  və 2003-cü il fevralın 27-də Azərbaycan və Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanıb.

2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.

Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddur.

Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla Kəpəz yatağına görə mübahisə edir.  Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.  

Qazaxıstan – Xəzər dənizinin quru sərhədindən başlayaraq orta xətt boyunca müəyyən olunmasının tərəfdarıdır. Qazaxıstan 2003-cü ilin mayında Azərbaycan və Rusiya ilə imzaladığı müqavilələr əsasında Xəzər dənizinin 64 faiz sərhədini müəyyən edib. Rusiya ilə mübahisəli mövzusu olan Xvalınoe, Mərkəzi və Qurmanqazı neft yataqları iki ölkə tərəfindən birgə istismar olunur. Xəzər dənizinin 29 faizi Qazaxıstana məxsusdur.  

Rusiya – Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Xəzər dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. Xəzər sahillərinin 16 faizi Rusiyaya məxsusdur.

Türkmənistan – Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya təcrübəsində orta xəttin “xüsusi vəziyyətlər” nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu “xüsusi vəziyyətlər”

1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.    

İran – Xəzərin cənub və bir qədər də cənub-qərb sahillərini əhatələyir. Xəzər dənizinin İran sahili 900 kilometrdir. Xəzəryanı ölkələr arasında ən radikal mövqe İrana məxsusdur. Bu ölkə Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyir. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edir.

İsam 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır.

Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir. Xəzər sahillərinin 14 faizi İrana məxsusdur.      

Bundan başqa, Xəzərin dəniz, yaxud göl kimi tanınması da sona qədər həllini tapmayıb. Bu məsələ ona görə vacibdir ki, Xəzərin göl sayılacağı halda ona göllər haqda, dəniz sayılarsa isə dənizlər haqda beynəlxalq konvensiyaların müddəaları şamil ediləcək. 20 ildən artıq müddət ərzində tərəflər Xəzərin statusunu müəyyən edə bilməsələr də, mövqelərdəki yaxınlaşma hiss olunur.    

Vüqar İsmayılov      


Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir