Modern.az

“Kiçik Nobel” alan yeganə azərbaycanlı - Angela Merkelin namizədi, Misir Mərdanovun tələbəsi - ARAŞDIRMA

“Kiçik Nobel” alan yeganə azərbaycanlı - Angela Merkelin namizədi, Misir Mərdanovun tələbəsi - ARAŞDIRMA

12 Mart 2015, 15:30

O, 1970-ci ildə ildə Zaqatala rayonundakı Şıxəli Qurbanov adına orta məktəbi qızıl medalla bitirən ilk məzun idi. Həmin məktəbdə o zaman qərara gəlmişdilər ki, bu qızıl medal  sonradan daha böyük mükafatlara çevriləcək. Həqiqətən belə oldu. Savadlı riyaziyyatçı kimi formalaşan bu alim elm tarixində çox nüfuzlu Beynəlxalq “Humboldt” mükafatına layiq görülən ilk azərbaycanlı oldu. “Humboldt” elm sahəsində Nobeldən sonra ikinci nüfuzlu mükafat hesab edilir və “Kiçik Nobel” adlanırdı. Bu mükafata layiq görülənlər çox keçmədən əsas Nobeli əldə edirdilər. Dünya elmində “Humboldt”dan Nobelə keçid alan 40-a yaxın alim var. Mükafatın bir özəlliyi də odur ki, onu alan şəxs avtomatik olaraq təsisçi dövlət - Almaniyaya dəvət edilir. Haqqında danışacağımız azərbaycanlı alim də 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında çalışarkən bu mükafata layiq görülüb və Almaniyaya dəvət edilib.

Modern.az saytı 1991-ci ildən bu yana Almaniyanın Ştutqart, Berlin, Hamburq kimi böyük şəhərlərin ali məktəblərində dərs deyən, hazırda həmin ölkənin ən böyük elmi mərkəzlərindən birində (Münhen Elmi-Tədqiqat Mərkəzində Dinamik sistemlər şöbəsində) şöbə müdiri kimi çalışan, keçmiş sovet dövründə 6 elmi jurnalın redaksiya heyətinin üzvü olan yeganə alim Məsud Əfəndiyevdən bəhs edəcək.

“Yeddi dil bilirəm”

“ABŞ-ın məşhur Priston Universiteti, Kurant İnstitutu da daxil olmaqla, onlarca universitetdə silsilə mühazirələr oxuyuram. Təvazökarlıqdan uzaq da olsa, deyim ki, mühazirələrimdə heç vaxt dil problemi ilə qarşılaşmıram. Çünki yeddi dil bilirəm və necə deyərlər, auditoriyanın dili ilə danışıram. Ən önəmli fakt da odur ki, hər konfransda çıxış öncəsi məruzəçinin tərcümeyi-halı təqdim olunur və orada Azərbaycandan olduğum qeyd olunur.

1991-ci ildən Almaniyada yaşayıram. Bu vaxta kimi şəxsi əlaqələrim hesabına 50-dən çox azərbaycanlı alimi Almaniyaya dəvət eləmişəm. Onlar Almaniyada elmi mübadilə keçiblər və təbii ki, aldıqları məvacib alimlərin Azərbaycanda bir neçə il elmi fəaliyyətlərini davam etdirməsi üçün maddi dəstək olub. Bununla yanaşı, 40-a yaxın tələbənin Almaniyada təhsilinə köməklik göstərmişəm. Bu işlər, təbii ki, elmi mübadilə ilə yanaşı, həm də Azərbaycanın təbliğinə də xidmət edir”.

Məsud Əfəndiyevin bu sözlərindən onun elmlə bərabər, ictimai sahədə də səmərəli xidmət etdiyini görmək olar. Ən maraqlısı odur ki, Almaniyanın Münhen Elmi-Tədqiqat Mərkəzində Diferensial tənliklər şöbəsinin müdiri kimi çalışan alim bu gün də Azərbaycan vətəndaşıdır. Ailəsində də Azərbaycan qayda-qanunları hökm sürür. Amerika, Yaponiya, Rusiya və başda Almaniya olmaqla Avropa ölkələrinin əksəriyyətində yeddi dildə mühazirə oxuyan Məsud Əfəndiyev öz orijinallığı ilə seçilir:

“Onu da deyim ki, 19 ildir Almaniyada yaşamağıma baxmayaraq, Azərbaycan vətəndaşıyam. Mənə illər öncə Almaniyada qeyd-şərtsiz yaşamaq icazəsi verilib. Buna görə Almaniya hökumətinə böyük minnətdarlığımı bildirirəm. Əlbəttə, istəsəydim Almaniya vətəndaşlığı ala bilərdim. Almanlar böyük xalqdır, dünya şöhrətli ədəbiyyat, incəsənət, elm xadimləri var, bu ölkədə normal elmi fəaliyyətim üçün mənə hər bir şərait yaradılıb. Amma Azərbaycan alimi olaraq tanınmaq mənə daha xoşdur”.

Misir Mərdanov: “O, mənim tələbəm olub”

Almaniya və Azərbaycan arasında əlaqələrin inkişafı üçün çalışan, onların təcrübələrindən bizlər üçün istifadə etməyi düşünən Əfəndiyev demək olar hər il Azərbaycana gəlir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında Mexanika-Riyaziyyat İnstitutunun direktoru kimi çalışan professor Misir Mərdanov təhsil naziri olarkən bu sahə ilə bağlı keçirilən konfransların birində Məsud Əfəndiyevin onun tələbəsi olduğunu fəxrlə qeyd edib: “Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində 2 il təhsil alıb. Həmin illərdə mən ona diferensial tənliklərdən dərs demişəm”.

Bu faktı önə çəkməkdə əsas məqsəd odur ki, alimin sonrakı fəaliyyəti əsasən diferensial tənliklər sahəsi ilə bağlı olub. M.Əfəndiyev Misir Mərdanovun hazırda direktoru olduğu institutda çalışarkən differensial tənliklər sahəsindəki araşdırmalarına görə “kiçik Nobel”i qazanıb.

Həmin konfransda Məsud Əfəndiyev Azərbaycan leyhinə maraqlı  bir çıxışla yadda qalıb:

“Sol təmayüllü məşhur Amerika yazıçısı Con Steynbeq bir dəfə Moskvaya gəlir. Onu yüksək səviyyədə qəbul edirlər. Görüşlərdə onu yazıçılar, digər şəxslər müşayiət edir. Bir neçə gündən sonra yazıçı xahiş edir ki, kütlə içərisində olmaq üçün ona bir qədər sərbəstlik versinlər. Xahişinə əməl olunur. Camaatın arasına çıxan yazıçı tezliklə özünə yoldaşlar tapır, bir restorana gedib yeyib-içir, ingilis dilində mahnı oxuyurlar. Onların nə oxuduğunu başa düşməyən restoran sahibi ehtiyat üçün bu barədə müvafiq orqanlara məlumat verir. Gəlib yazıçını aparırlar. O, Amerikanın ən tanınmış yazıçısı olduğunu desə də, sıravi orqan işçiləri buna əhəmiyyət vermirlər. Yazıçı, nəhayət, onu rəislərinin yanına aparmalarını xahiş edir. Rəisə də Amerikanın məşhur yazıçısı olduğunu bildirəndə, o, ayağa qalxıb “Xoş gəlmisiniz, yoldaş Heminquey”, - deyə Steynberqi qucaqlayır.
Mən istərdim Azərbaycanı xaricdə təmsil edən yazıçılar, alimlər, incəsənət xadimləri o qədər çox olsun ki, bizləri də səhv salsınlar”.
 (“Azərbaycan müəllimi” qəzeti, 28 avqust, 2009-cu il).

Elmə gətirdiyi yeniliklər – “Biomatematika”

Antik dövrdə Aristotelin fəlsəfənin tərkibindən ayırıb müstəqil sahəyə çevirdiyi ayrı-ayrı elmlər XXI əsrin intellektual inqilabında yenidən inteqrassiya olunmaq çağını yaşayır. Bir elm o biri elmlərlə birləşərək müstəqil bir nəzəriyyəni, hətta elm sahəsini əmələ gətirir ki, bunlardan da biri  “biomesmetics” (biologiya və riyaziyyat elmlərinin qarşılıqlı şəkildə əlaqəsi zamanı yaranan xüsusi səhə-red.) sahəsidir. Məsud Əfəndiyev də dünyada bu istiqamətdə çalışan ən aktiv və ən tanınmış adamlardan biridir.  Amerikada beynəlxalq “İnternational Journal Biomathematies and Biostatisics” jurnalınnı redaktoru olan Əfəndiyev riyaziyyatın biologiya, ekologiya tibb sahəsində tətbiqi ilə məşğul olur. Alim həmin müsahibəsində bu fakta da toxunur:

“Bu sahədə problemlər bəşəriyyətin gələcəyini təhdid edir və buna görə də onların həlli yolları tapılmalıdır. Son 10-15 ildə güclü mikroskopların köməyi ilə insan sağlamlığı üçün təhlükə törədən bakteriyaların özlərinə koloniya qurduğu, insanlar kimi cəmiyyət yaratdığı müəyyən olunub. Bu, elmdə biofilm adlandırılır. Həmin biofilmlər onlara xarici təsiri azaltmaq üçün özlərinə, bir növ, qala qururlar. Antibiotiklər ayrı-ayrı bakteriyalara dərhal təsir etdikləri halda biofilmlərə o qədər də təsir edə bilmir. Diffuziv təsir nəticəsində koloniyaların yalnız üz təbəqəsi məhv edilir, alt qatda olan bakteriyalar isə müəyyən vaxtdan sonra yenidən hərəkətə başlayırlar. Riyazi modellər ən müxtəlif təsirlər nəticəsində bakteriyaların artım dinamikası, ətraf mühitin, antibiotiklərin onlara təsiri və s. kimi çoxlu sayda amillər nəzərə alınmaqla qurulur və bakteriyalara qarşı optimal mübarizə yollarının tapılmasına kömək edir. Mənim bu barədə bir çox məqalələrim dərc olunub”.

Kansler Merkel məhz onu seçdi

Bir neçə il bundan öncə Almaniyanın kansleri Angela Merkel Yaponiyaya işgüzar səfəri zamanı elmi-texniki əməkdaşlığa aid memerandum imzalayıb. Sənədə əsasən, hər iki ölkənin müxtəlif elm sahələrinə aid 12 alim bir nümayəndə heyəti yaratmalı və həmin elm sahələrində layihələrin həyata keçirilməsi ilə məşğul olmalı idi. Merkelin də razılığı ilə Almaniya tərəfdən olan işçi qrupuna rəhbər Məsud Əfəndiyev seçilib.

Alimin ailəsi

Alim özü ailəsi haqqında bunları deyib:

“Xaricdə adət-ənənələrin qorunub-saxlanması diaspor siyasətində çox mühüm amildir. Burada həyat yoldaşının hansı millətdən olması faktoru önəmlidir. Xüsusi vurğulamaq istəyirəm ki, həyat yoldaşım Tamilla xanım azərbaycanlıdır və diasporla bağlı müxtəlif tədbirlərdə musiqi ilə bağlı böyük işlər görür. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, hazırda Ştutqartda Musiqi Akademiyasında çalışır. İki övladım var. Oğlum Fərid Ştutqart Universitetinin siyasi-iqtisadi fakültəsində təhsil alıb, qızım Məryəm isə Ştutqartda Artur Şiller adına gimnaziyada oxuyur”.

Elmlə bərabər diaspor fəaliyyəti ilə də məşğul olan və bu fəaliyyəti Azərbaycanın adına bağlayan alim inanırıq ki, nə vaxtsa “bioligiya (yaxud tibb) sahəsində Nobel mükafatının laureatı olacaq. Axı, Nobelə gedən yol “kiçik Nobeldən” keçir...





Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?