Modern.az

Latviyanın sabiq prezidentini Bakıda deputatlar qarşılayıb

Latviyanın sabiq prezidentini Bakıda deputatlar qarşılayıb

13 Sentyabr 2010, 00:31

Latviyanın sabiq prezidenti (1999-2007), BMT Baş Katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli gələcəyi üzrə Ekspertlər qrupunun sədr müavini Vayra Vike-Freyberqa "YES Azərbaycan" Beynəlxalq Məşvərət Qrupunun dəvəti ilə şənbə günü Bakıya gəlib. Bu barədə qrupun üzvü Rövşən Muradov məlumat verib.

Qonağı millət vəkilləri Qənirə Paşayeva və Gülər Əhmədova, Latviyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri, "YES Azerbaycan"ın nümayəndələri qarşılayıb.

Qənirə Paşayeva qonağa Azərbaycanda gedən iqtisadi inkişaf, ölkədə qadınların aktiv fəaliyyəti haqqında ətraflı məlumat verib.

Vike-Freyberqa Azərbaycana 2005-ci ildə Latviyanın Prezidenti olaraq etdiyi səfərin xoş təəssüratlar saxladığını və gənclərin dəvəti ilə  yenidən bu ölkədə olmaqdan məmnunluq keçirdiyini, ölkələrimiz arasında inkişaf edən əlaqələrin olmasını vurğulayıb.

***

Ölkəmizdə səfərdə olan BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 12-də Təzəpir məscid kompleksində olub.

Xanım Vayra Vike-Freyberqa Təzəpir məscidi ilə tanış olub.

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub.

Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.

Bildirilib ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla, 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb.

Latviyanın sabiq Prezidentinə 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxana haqqında da məlumat verilmişdir.

Qonağa xatirə hədiyyələri təqdim olunmuşdur.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis iştirak edib.

Millət vəkili Qənirə Paşayeva qonağa  Prezident İlham Əliyev və Azərbaycanın birinci xanimi, Heydər Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq ilə bağlı görülən işlər barədə məlumat verib. Azərbaycanda müxtəlif etnik və dini qrupların mehribanlıqla bir arada yaşadığını deyən millət vəkili Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva tərəfindən dini icmalara göstərilən diqqətə toxunub və son illərdə Azərbaycanda məsçidlərlə yanaşı, kilisə və senaqoqların tikilməsi və təmir olunması barədə məlumat verib. Millət vəkili Azərbaycanın tolerantlıq, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq sahəsində örnək ölkələrdən biri olduğunu vurğulayıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu