Modern.az

Ömrünü elmə həsr edən fədakar ziyalı

Ömrünü elmə həsr edən fədakar ziyalı

16 Mart 2015, 13:55

Aydın Şirinov 1938-ci il martın 21-də Qəbələ rayonunun Həmzəlli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra fəlsəfəyə maraq göstərərək AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olub, ADPU-nin fəlsəfə kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləyib. 2004-cü ildən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. 150-dən artıq elmi məqalənin, 4 monoqrafiyanın, eyni zamanda fəlsəfəyə dair müxtəlif dərs vəsaitlərinin müəllifidir. Tədqiqatları əsasən sosial fəlsəfə problemlərini əhatə edir. İdrak nəzəriyyəsi və fəlsəfə tarixinə dair məqalələrin də müəllifidir. 

Alman ənənəsinə görə məhz filosof intellektuallığın əsl nümunəsi hesab olunur. Burada filosof hər şeydən əvvəl ictimai sima olduğundan o, ictimai diskussiyaların yaranması təşəbbüsündə olmalı, onları idarə etməli, ən başlıcası isə onlarda fəal iştirak etməlidir. Filosof bir qayda olaraq mübahisə doğuran, cəmiyyəti narahat edən aktual problemlərə diqqəti cəlb etmək missiyasını öz üzərinə götürür. Belə filosoflardan biri də Aydın Şirinovdur.

Aydın Şirinovun adı çəkilərkən ilk növbədə tənqidçi-filosof anlamı yada düşür. Amma tənqidçi ifadəsi kimsəni çaşdırmasın. Aydın müəllim öz elmi yaradıcılığını bütövlükdə ayrı-ayrı filosofların əsərlərinin tənqidinə həsr etməyib, əksinə daha çox öz millətini düşünən, onun problemlərini araşdıran və tənqid vasitəsilə ona doğru yol göstərməyi bacaran ziyalıdır. Eyni zamanda, qlobal müstəvidə baş verən hadisələrə özünəməxsus fəlsəfi izahlar verməyi bacaran bir filosofdur. O elə filosoflardandır ki, daim həqiqəti axtarır, onu tapır və ifadə etməyi bacarır. Onun fəaliyyətinə nəzər yetirdikdə dünya şöhrətli Nobel mükafatçısı Haynrix Böllün “Ədalətli Daniel” əsəri yada düşür. Əsərin qəhrəmanı Danielin “Kaş bu dünyada ədalət olaydı...” fikri Aydın Şirinovun mövqeyi ilə üst-üstə düşür. Aydın Şirinovun da yaradıcılığında insanlar arasında haqsızlığın aradan qaldırılması üçün ədalətli cəmiyyətin qurulması nüanslarına geniş yer verilir. Çünki ədalətli cəmiyyət - yüksək sosial təminatlı, real amal və istəklərə əsaslanır.

Tanınmış filosofun yaradıcılığında tənqid və tənqidi yanaşma həmişə müşahidə olunur. Özünün bildirdiyi kimi, sağlam tənqid olmayan yerdə inkişaf da ola bilməz. O, müəllifi olduğu “Sosial zaman və sosial məkan” əsərində “tənqid nədir və necə olmalıdır” sualına belə cavab verir: “Tənqid sosial zaman və sosial məkanla bağlı olan fəlsəfi anlayışdır. Sosial zaman və sosial məkan dəyişdikcə tənqidin də məzmunu, istiqaməti dəyişir. Tənqid zamana təsir edərək onu dəyişdiyi kimi, zaman da tənqidə təsir edərək onun  məzmun və istiqamətində dəyişikliklər edir. Beləliklə, tənqid cəmiyyəti inkişaf etdirən, onu irəli aparan çox mühüm intellektual vasitələrdən biridir. Demokratiyanın əsas prinsiplərindən biri olan söz azadlığı isə bilavasitə tənqidi düşüncə ilə bağlıdır. Tənqid söz azadlığının əsas qayəsini təşkil edir”.

Professor eyni zamanda təhqirə qarşı çıxaraq, tənqiddə mədəniyyətin vacibliyini qeyd edir və əsassız tənqidi qəbul etmir. Bu baxımdan tənqidi tənqidbazlıqdan, tərifi isə tərifbazlıqdan fərqləndirən professorun gəldiyi qənaət belədir: “Tənqidbazlıq daha çox nihilizm, skeptisizm yaymaqla özünü göstərmək, “mən də tənqid edə bilərəm” psixologiyası ilə bağlıdır. Tənqidbazlar həmişə hətta təmiz əməllərdə və dəyərli fikirlərdə də nə isə çatışmayan, xoşa gəlməyən bir cəhət axtarır və bu cəhətdən yapışaraq hər bir şeyi pisləməyə başlayırlar. Yersiz, ucuz tərif isə yaltaqlıq, düşüklük, heç nədən hörmət qazanmaq, hamı üçün yaxşı adam olmaq görüntüsünü yaratmaq istəyidir, əslində acizlik əlamətidir. Bəzi hallarda buraya qohumbazlıq, nə isə ummaq, nəyəsə nail olmaq istəyi kimi hallar da daxil ola bilər. Bəzən isə tərif etmə mövcud olan konyukturadan da irəli gəlir”.

Aydın Şirinovun elmi fəaliyyətindən dahi mütəfəkkirlərimiz Mirzə Fətəli Axundov, Mirzə Cəlil yaradıcılığının qoxusu gəlir. Professor Mirzə Fətəli yaradıcılığına böyük dəyər verir, həmişə onun  əsərlərindən sitatlar gətirir. O, həmişə qeyd edir ki, Azərbaycanın yeni tarixində iki şəxsiyyəti dahi hesab etmək olar. Onlardan biri Mirzə Fətəli, digəri isə Üzeyir Hacıbəyovdur. Bu fikirlə razılaşmamaq olmur. Hər iki şəxsiyyət xalqımızın milli şüurunun oyanmasında, öz milli kimliyini dərk etməsində, musiqimizin, mədəniyyətimizin dirçəlişində renesans etmiş dahilərdir. Axı o böyük şəxsiyyətlər də bir zaman öz millətinin çatışmazlığını, geriliyini çəkinmədən tənqid edirdilər. Müəyyən bir zaman keçməsinə baxmayaraq, onların əsərləri öz aktuallığını itirməyib, ona görə ki, tənqidlər yerində və düzgün edilib. Məsələn, Mirzə Fətəli öz fəlsəfi və bədii əsərlərində sədəqəyə göz dikən, aldatma və qorxutma yolu ilə əhalini soyub talayan, tüfeyli həyat keçirən müsəlman ruhanilərini, rüşvət alan dövlət məmurlarını ən şərəfsiz adamlar adlandırıb. Mirzə Fətəli yaradıcılığında onlarla belə tənqidlərə rast gəlmək olar ki, hələ də öz aktuallığını itirməyib. Belə şəxsiyyətlərin rolu tənqidin faydalı olmasını dərk edərək onu öz əsərlərində əks etdirməsidir. Aydın Şirinov da haqlı tənqidin hər zaman vacib olduğunu xüsusi vurğulayır, öz əsərlərində fəlsəfi kontekstdə müxtəlif tənqidlər edərək, eyni zamanda tənqidin öz mahiyyətini də açıqlayıb. O, həmçinin qeyd edir ki, tənqid dahilərin əsas silahıdır və buna görə də onlar çox vaxt təqiblərə də məruz qalırlar. ”Müəyyən hallarda dahilər öz ömürlərindən sonra başa düşülürlər, sağlıqlarında isə hətta təhqir olunurlar. Çünki onların fəaliyyət və ideyaları yaşadıqları dövr üçün marginal hadisə kimi görünür. Müxtəlif intriqalara söz-söhbətlərə məruz qalırlar. Azərbaycan filosofu M.F.Axundovun şəxsi həyatı və yaradıcılığı buna gözəl misaldır”. Zənnimizcə, Aydın Şirinov da müəyyən təsirlərə baxmayaraq öz əsərlərində həqiqəti açıq və ya sətiraltı mənalarla ifadə etməyi bacarmışdır. Onun əsərlərini oxuyan hər bir oxucu qeyd etdiklərimizin əyani şahidi ola bilər.

Aydın Şirinov həmişə prinsipial mövqeyi ilə seçilir, nəyəsə nail olmaq üçün öz ideyalarının əleyhinə heç vaxt çıxmayıb. Buna misal olaraq, onun fəlsəfə elmləri doktorluğu dissertasiyasının müdafiəsindən imtina etməsini göstərmək olar. Həqiqəti axtaran filosof özü də bəzən haqsızlıqla qarşılaşır. Amma yenə geri çəkilmir, çoxları kimi əgər o da öz mövqeyindən çəkilsəydi nəinki elmlər doktorluğunu, hətta daha böyük titullar, mükafatlar əldə edərdi. O, əsl elmi fəaliyyəti diplomla yox, özünün istədiyini, layiq olduğunu çoxsaylı əsərləri ilə sübut edib. Tarixdə müxtəlif titullardan, mükafatlardan imtina etmiş, kifayət qədər böyük şəxsiyyətlər olub. İnanırıq ki, Aydın müəllimdə Nobel mükafatından imtina edən Sartr əqidəsi var. Onun üçün mükafatlar, diplomlar, ordenlər o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki filosof  üçün əsas olan azad düşünmək və düşündüyü kimi yazmaqdır.

Qocaman professorun tarixi hadisələrə yanaşması da həmişə maraq doğurur. Xüsusilə qeyd etmək lazımdır ki, o, tarixi hadisələrə fəlsəfi izahlar verərkən Hegelin “Tarixin fəlsəfəsi” əsərinə daha çox əsaslanır. Bu isə tarixi hadisələrin gerçək səbəblərini öyrənmək baxımından çox əhəmiyyətlidir. Çünki tariximizdə uydurulmuş miflərdən azad olub, reallıqları dərk etmək gələcək inkişafın əsasıdır. Məhz professor Aydın Şirinov da hadisə və proseslərə, heç bir ideoloji təsirlərə məruz qalmadan obyektiv izahlar verməyi bacaran filosoflardandır.

Çox sevindirici haldır ki, sevimli professor ömrünün 77-ci  baharını qeyd edəcək. İnsan üçün ömür doğulandan ölənədək olan fiziki mövcudluq zamanıdır. Amma  zamanı sosiallaşdırmaq, ondan səmərəli istifadə etmək, öz yaradıcılığı ilə tarixdə iz qoymaq hər bir alimə qismət olmur. Bu baxımdan Aydın Şirinov öz şəxsiyyəti, ləyaqəti ilə, eyni zamanda elmi yaradıcılığı ilə elmi ictimaiyyət arasında böyük nüfuz sahibi olub. Başqa cür ifadə etsək, o, zamanı tək özü üçün deyil, minlərlə insan üçün sosiallaşdıran bir şəxsiyyət olub. 77 yaşı tamam olması münasibətlə, hər birimiz sevimli professora can sağlığı, uzun ömür, yaradıcılığında uğurlar arzulayırıq.

 

Fəlsəfə üzrə fəlsəfə doktoru Ağasəlim Həsənov

elmi işçi, İlham Soltanov

AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi