Modern.az

Sabiq prezident Muğam Mərkəzində olub

Sabiq prezident Muğam Mərkəzində olub

13 Sentyabr 2010, 23:26

Azərbaycanda səfərdə olan BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 13-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsini ziyarət edib.

Millət vəkilləri Qənirə Pasheyva, Gülər Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, "YES Azərbaycan" nümayəndələri Rövşən Muradov və Azər Hüseynov Vayra Vike-Freyberqaya 20 yanvar faciəsi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, minlərlə günahsız dinc azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi, Xocalı soyqırımı, 1 milyondan artıq azərbaycanlının 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün həyatı yaşaması, Ermənistanın bu gün də böldəgə vəziyyəti daha da gərginləşdirən addımları və s. barədə ətraflı məlumatlar veriblər.

Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib və Azərbaycana dövlət səfərindən keçən müddət ərzində Bakının çox dəyişdiyini, surətlə inkişaf etdiyini, gözəlləşdiyini vurğulayıb. Yeni qurulan bayraq meydanını da seyr edən xanım Vayra Vike-Freyberqa onun Bakıya xüsusi gözəllik verdiyini vurğulayıb.

***

Xanım Vayra Vike-Freyberqa sentyabrın 23-də Muğam Mərkəzində olub.

Qonağı millət vəkilləri Qənirə Paşayeva və Gülər Əhmədova müşayiət ediblər. Xanım Vayra Vike-Freyberqaya məlumat verilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılıb. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır.

Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Qonağa Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də məlumat verilib.

Muğam Mərkəzində muğam ifaçılarının ifalarını dinləyən xanım Vayra Vike-Freyberqa bu gözəl musiqiyə heyran qaldığını və konsertdən böyük zövq aldığını deyib. Azərbaycanın musiqi alətləri olan tar və kamanla maraqlanan qonağa muğam musiqisi ilə bağlı məlumatlar verilib. Muğam ifaçılarını təbrik edən və onlarla söhbət edən qonaq onlarla və mərkəzin kollektivi ilə şəkil çəkdirib və mərkəzi çox bəyəndiyini vurğulayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?