Modern.az

Avtomobili olan jurnalistlər və yol polisləri: münasibətlər necədir?

Avtomobili olan jurnalistlər və yol polisləri: münasibətlər necədir?

14 Sentyabr 2010, 12:33


Meqafonla deyilən «Sağa ver saxla!» sözünü yollarda tez-tez eşitmək olar. Söhbət yol polislərindən gedir. Sürücülər yol polisləri barədə heç vaxt birmənalı fikir səsləndirmirlər. Əksər hallarda onları ya rüşvətxorluqda, ya da qaydaları pozan sürücülər arasında ayrı-seçkiliq qoymaqda ittiham edirlər. Amma bütün bunlarla yanaşı yol polisinə bəraət qazandıranlar, onları təhlükəli iş icraçıları adlandıranlar da var.
İnsaf naminə qeyd etmək lazımdır ki, yol polislərinin hamısı barədə mənfi fikir söyləmək ədalətsizlik olar. Onların arasında da qanunların aliliyinə hörmət edən, qayda pozucularının hamısına bir gözlə baxan əməkdaşlar az deyil. Bəzən yol polislərini başqa insanlardan fərqli xüsusiyyətlərə malik olan xüsusi tipli adamlar hesab edilir.
Maraqlıdır, avtomobili olan jurnalistlər yol polislərilə necə yola gedirlər, onlar da cərimə ödəyirlərmi? Yol polisnin haqsız davranışı ilə üzləşən media nümayəndələri dar məqamda jurnalist vəsiqəsindən istifadə edirlərmi?  
Modern.az-ın əməkdaşı bu suallarla avtomobili olan jurnalistlərə müraciət edib.
  
“525-ci qəzet”in əməkdaşı Rufik İsmayılov: “Təzə-təzə sükan arxasında oturanda bəzən bilməyərəkdən yol hərəkəti qaydalarını pozmişam. Məsələn, stop xəttinin tapdalanması, qoşa xəttin görünməməsi səbəbindən yol hərəkəti qaydalarını pozmuşam, ötmə əməliyyatı edərkən qəza şəraiti yaratmışam. Belə hadisələr çox yox, 3-4 dəfə baş verib 7 aylıq sürücülük dövründə. Yol hərəkəti qaydalarını pozarkən yol polisinin əməkdaşları məni saxlayıblar. Bu zaman da mən tabesizlik nümayiş etdirməmişəm, adi bir vətəndaş kimi sənədlərimi təqdim eləmişəm. Sağ olsunlar, bir sıra  hallarda mənim mətbuat işçisi olduğumu biləndən sonra hörmət edən də olub. Amma hər kəs qanun qarşısında bərabərdir, cəzam nə olubsa, onu yazıblar. Məni yol polisi saxlıyan zaman heç də jurnalistəm deyə, onun gözünə girmirəm ki, özümü bununla sığortalıyım. Qanun hər kəs üçün eynidi. Qarşımda duran yol polisi əməkdaşı mənə deyə bilər ki, “nə fərqi var, jurnalist olmursan, lap məmur ol. Qanun hər kəs üçün eynidi, onu pozmaq olmaz, pozursansa məsuliyyət daşımalısan”.  

“Üç Nöqtə” qəzetin əməkdaşı Xalid Vahidoğu: “Üç aydı maşın sürürəm. Bu üç ay ərzində yol hərəkəti qaydalarını heç pozmamışam, ona görə ki, yol hərəkəti qaydalarını kifayət qədər öyrənmişəm və sürücülük vəsiqəsini almaq üçün 6 dəfə imtahan vermişəm. Yol hərəkəti qaydalarına çalışıram riayət edim. Bircə dəfə radara düşmüşəm, onda da bildirmişəm ki, ünvana göndərsinlər cərməni ödəcəyəm. Yol polisi yaxınlaşdı mənə, dedi ki, sürət həddini aşmışam, mən də bildirdim ki, əgər sürət həddini aşmışamsa, göndərsin müvafiq unvana, cəriməni orada ödəyim. Bugünə kimi jurnalist vəsiqəsindən istifadə etməmişəm”.  

“Qafqazinfo”
portalının əməkdaşı Elnur Məmmədli: “Bir il yarımdı maşın sürürəm. Çalışıram ki, yol hərəkəti qaydalarını pozmayam, amma hərdən məcburiyyət qarşısında qalanda pozuram, elə situasiyalar yaranır ki, adam pozmağa məcbur olur. Yol hərəkəti qaydalarını pozarkən cərimə ödədiyim vaxt da olub, amma əksər hallarda yol polisləri bizə hörmət edirlər. Çox vaxt çalışıram ki, jurnalist olduğumu bildirməyim, bir-birimizlə dil tapaq, jurnalist olduğumu biləndə hörmət edirlər. Amma bu bütün hallarda olmur, çox vaxt cərimə ödəyirəm. Ən çox ödədiyim cərimə 20 manat olub”.  

“Ekspress”
qəzetininin əməkdaşı İntiqam Məmmədli: “Bakı şəhərində üç ildən çoxdu maşın sürürəm. Ümümilikdə götürəndə mən 1980-ci ildən bəri maşın sürürəm. Çalışıram yol hərəkəti qaydalarını pozmayım. Bakı şəhərində, eləcə də respublikamızın digər rayonlarında yol polisi sürücüləri saxlayanda onun qaydaları  pozub-pozmadığına baxmır. Onlar çubuqlarını qaldırırlar, kimisə saxlayırlar, sonra özləri başlayırlar onlarla dil tapmağa. Mən çalışıram ki, yol hərəkəti qaydalarını pozmayım. Məni saxlıyanda da yol polisi özünü təqdim edir, mən də özümü. Və dərhal soruşuram ki, neynədim? Bəzən nəsə deyirlər, bəzən isə deməyə söz tapmırlar, “bağışla” deyib yola salırlar. Jurnalis vəsiqəm karıma çox gəlib, İki dəfə cərimə ödəmişəm, onda da iki dəfə sürətə görə radara düşmüşdüm. Doğurdan da qaydanı mən pozmuşdum. Ödədiyim məbləğ bir dəfə 20 manat, o biri dəfə 30 manat olub”.  

“Yeni Musavat”
qəzetinin əməkdaşı Elşad Məmmədli: “10 ildən artıqdı maşın sürürəm. Çox nadir hallarda olub ki, yol hərəkəti qaydalarını pozum. Bir dəfə təcili işim çıxdi rayona getməli oldum, onda maşını çox sürətlə sürürdum, radara düşdüm. Qanunun tələb etdiyi şəkildə sürücülük vəsiqəmi verib, cərimə çeki adım,  getdim rayona, sonra gəldim cəriməni ödədim, balımı yazdırdım, sürücülük vəsiqəmi götürdüm.
Bəzən yollarda tıxac yarananda artıq hər bir cürücü qaydaları pozmağa məhkumdu ki, tıxac açılsın və yaxud yol polisi göstəriş verir ki, “eybi yoxdu, sür tıxac açılsın”. Əgər kiçik xəta eləmişəmsə, heç bir problem olmayıb yol polisi ilə aramızda. Ya yerindəcə cəriməni ödəmişəm, ya da ki, sürücülük vəsiqəmi götürülüb, sonra gedib cəriməni ödəmişəm. Çalışıram ki, bu məsələdə adi vətəndaşlardan fərqlənməyim. Mən çox nadir hallarda jurnalist vəsiqəmdən və jurnalist adımdan istifadə edirəm. Çünki bəzi hallarda bu həm işdədiyim qəzetə və ya mənə həmin situasiyada uğur gətirmir. Yol polisi bəzən haqsız olaraq məni saxlayıb, heç bir qaydanı pozmadığım halda deyib ki, “siz qırmızı işıqda keçdiniz”. Amma mən faktiki özümə arxayın idim ki, həmin anda yaşıl işıq yanıb-sönürdü. Belə haqsızlıq olanda mən ona jurnalist olduğumu və bu qanunsuzluğa görə cavab verdiyini xatırlatmışam. Bu zaman bəziləri üzr istəyib, bəziləri isə deyib ki, bilməməzlikdən saxlayıblar.  
Bir dəfə məni yol polisi sürət həddini aşdığıma görə saxlamışdı. Sənədləri yoxlayanda üzümə baxdı və mənə bildirdi ki, “siz fılan qəzetdə işləmirsiz ki? Mən səhf eləmirəmsə yazılarınızı oxuyuram”. Mən etiraf eləmişəm, ondan sonra yol polisinin əməkdaşı mənimlı hal-əhval tutub, jurnalistlərin durumuyla maraqlanıb və bildirib ki, özü də 90-cı illərdə jurnalist işləyib”.  

“Azərbaycan” qəzetinin əməkdaşı  Rəşad Cəfərli: “İki ildi maşın sürürəm. Yol hərəkəti qaydalarını pozmuşam, cəriməsini də ödəmişəm. Bir dəfə rayondan gələndə sürət həddini aşdığıma görə avtomatik radara düşmüşəm, üç bal yazmışdılar.
Bir dəfə də giriş qadağan olunan yerə bilmədən sürmüşəm, onda da dövlət yol polisinin əməkdaşları reyd aparırdılar, aşağıda Prezident Aparatın binasının  yanında tıxac idi, təsadüfən girdim qadağan olunan əraziyə, üç bal yazdılar. Cəriməm olub, ödəmişəm, “ay jurnalistəm, vəziqəm budur” deməmişəm, belə şeylərlə o qədər də aram yoxdu. Jurnalist vəsiqəsini göstərməy yeri yoxdu. Mənim xoşum gəlmir jurnalist vəsiqəmdən sui-istifadə etməkdən.
Birinci dəfə radara düşəndə 20 manat ödəmişəm, saatda 30 kilometrdən artıq keçdiyimə görə, ikinci dəfə isə 35 manat cərimə ödəmişəm”.  

APA
-nın baş direktorun müavini Nurşən Quliyev: “İki ilə yaxındı maşın sürürəm. Mən yol hərəkəti qaydalarını pozarkən qanun çərçivəsində yol polisilə məsələ həll olunur. Mən heç vaxt jurnalist vəsiqəmi təqdim eləmirəm. Cərimə olunmuşam, cərimənin məbləği 50 manat olub, onu da ödəmişəm”.  

“Xalq Cəbhəsi”
qəzetinin redaktoru Mahir Həmzəoğlu: “5 ildi maşın sürürəm. İnanmıram ki, Azərbaycanda kimsə yol hərəkəti qaydalarını pozmaya. Bəzən bilməməzlikdən də yol hərəkəti qaydalarını pozursan. Bilmədən, tələsdiyimdən olub ki, yol hərəkəti qaydalarını pozmuşam, cəriməni də ödəmişəm. Ancaq bilərəkdən heç vaxt qaydaları pozmamışam. Əgər yol polisi haqlıdırsa,  mənim qaydamı pozduğumu subut edirsə, o halda qanunun müəyyən elədiyi qaydada cəriməmi ödəyirəm. Ən çox ödədiyim cərimə 22 manat olub.
Amma bəzən qaydanı pozmursan, yol polisi səni saxlıyıb yoxlayırlar. Belə halda bütün sənədləri tələb edirlər, sənədlərimi verəndə eyni zamanda jurnalist  vəsiqəmi də verirəm. O halda heç bir problem olmur. Yol polislərinin ayda bir-iki dəfə reydləri olur, onda hamını saxlayırlar. Sənədlər qaydasında olanda, avtomobil texniki baxışdan keçibsə, heç bir problem olmur. Mənim maşınımda texniki nasazlıq yoxdu, 2006-ci ilin maşınıdı. Jurnalisti yol polisi saxlayırsa, əgər o jurnalist vəsiqəsini təqdim edirsə, mən ona pis baxmıram.
Ümumilikdə mən yol polislərindən narazı deyiləm”.  

“Bizim Yol”
qəzetinin əməkdaşı Pərviz Həşimli: “Mən 5 ildi maşın sürürəm. Mən heç vaxt şüurlu şəkildə yol hərəkəti qaydalarını pozmamışam. Rayona gedəndə gizli kameralara, yəni radara düşmüşəm, onda da cəriməsini ödəmişəm. Mənim Baş Dövlət Yol Polisi İdarəsində polis dostum var, ciddi bir məsələ ortalığa çıxanda, ona zəng edirəm, o mənə bu işdə köməklik edir. Mənim jurnalist vəsiqəm təəssufl ki, heç yoxumdu. Bir dəfə evakuator maşınımı aparmışdı, onda 22 manat cərimə ödəmişəm”.

Mail Ağaxanov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu