Modern.az

Tanınmışlar ilk dərs günlərini necə xatırlayırlar?

Tanınmışlar ilk dərs günlərini necə xatırlayırlar?

Reportaj

15 Sentyabr 2010, 10:28

Sorğumuzda iştirak edən tanınmış simalar arasında ilk dərs gününü unudanlar da, “Əlifba” dərsliyini satanlar da, ibtidai məktəbdən xaric edilənlər də var.

Məktəbdə çalınan ilk və son zəngin səsində nəsə qəribə bir nostalji olur. Düzdü, məktəbdə oxuyan şagirdlər üçün bu səs hələ heç nə deməsə də, ömrün bəlli bir məqamına çatan insanlarda bu mis parçasının səsi sanki çoxdan baş vermiş şirin bir nağılın melodiyası kimi səslənir.
İlk dərs gününü yəqin ki, hamı xatırlayır. Yaşanan ömrün bütün anlarında bu xatirə sənin yadına düşür - ilk müəllimin, ilk parta yoldaşın, ilk eşitdiyin sözlər.... Çiynində məktəb çantası valideynlərinin əlindən bərk-bərk yapışaraq böyük, işıqlı bir binaya ilk dəfə daxil olduğun həmin gün həmişəlik yaddaşa həkk olur.
 Bu gün yeni dərs ilinin ilk günüdür. Modern.az bu günlə bağlı indi tanınmış olan şəxslərə “ilk dərs gününü necə xatırlayırsınız” sualı ilə müraciət etdi.
Sualımızı cavablandıran zaman tanınmışlar ömürlərinin tələsə-tələsə, gur, dinamik iş günlərini yaşayırdılar. Kimi hansısa tədbirə gedirdi, kimi qonaqları qarşılamağa hazırlaşırdı, kimi seçkilərə....
Amma elə bil ki, sehirli bir söz eşidirmişlər kimi sualımızdan bir an duruxub, səslərinin tonunu dəyişdirdilər, kövrək və nostalji notları ilə O GÜNÜ xatırladılar. Qayğısız, xoşbəxt, dəcəl vaxtlarından həvəsələ söz açdılar.

 “Əlifba kitabını satıb puluna armud aldım”

Millət vəkili Vaqif Səmədoğlu: “Birinci sinifin ilk günləri idi. Partada yanımda bir sarışın oğlan oturmuşdu. Diqqətlə müəllimənin ağzına baxırdı. Ona dedim ki, bəsdi də oxuduq. Portfellərimizi götürüb getdik gəzməyə.
Məktəbimizin yanında göy bazarı var idi.  Gördüm ki, burda piştaxtada yaxşı, yetişmiş armud satırlar.  Cibdə də pul yoxdu.  Satana dedim armud neçəyədi, dedi filan qiymətə. Məktəbdə bizə verilən “Əlifba” kitabımı çıxartdım başladım bazarın qabağında qışqırmağa- “Əlifba!”, “Əlifba satıram!”.  Kitabı satdım. Mənimlə dərsdən qaçan sinif yoldaşım Ziyanı da məcbur elədim ki, o da kitabı satsın. Bu kitabın puluyla adama üç dənə armud alıb yeyə-yeyə gəldik evə.  Armudun ikisini özüm yemişdim, birinidə gətirib verdim anama.

Məktəbə məni böyük dayım oğlu aparmışdı. Amma məktəbdən özüm qayıdıb gəlmişdim.
İlk müəllimim Rəna müəllimə olub. Uşaqlıqda arzum qoca kişi olmaq olub. Səmimi deyirəm, hamı təyyarəçi, tankçı olmaq istəyirdi. O zaman müharibə təzə qutarmışdı, təyyarəçi, tankçı olmaq arzuları buradan yaranmışdı.  Mən isə qoca kişi olmaq istəyirdim. İstər uşaqlıqda istərsə də cavanlıqda istəməmişəm ki, mənə desinlər bunu eləmə bunu elə.

İlk əzbərlədiyim şeir atamın  “Bakının sayrışan ulduzlarından, çadrasız, boyasız şən qızlarından” ilə başlanan “Rəhbərə salam” şeiri olub. Əslində  “türk qızları” idi, amma demirdilər. Bundan başqa, Səməd Vurğunun “Azərbaycan”,  Süleyman Rüstəmin  “Çapayev” şeirini əzbərləmişdim.  Mən bu şeirləri Mircəfər Bağırovun, Teymur Quliyevin iştrakı ilə keçirilən hökümət konsertlərində oxuyurdum.  Yadıma gəlir, qara gödək şalvarda ağ köynəkdə, pionerə keçəndən sonra qara uzun şalvarda, ağ köynəkdə, al pioner qalustuku taxıb Opera Teatrında o qədər bağıra-bağıra şeir demişəm ki... Mircəfər Bağırov mənə dəfələrlə əl çalıb”.

“Məni ibtidai məktəbdən xaric elədilər”

Millət vəkili Sabir Rustəmxanlı: “İlk dəfə məktəbə getməyimi həyatımın ən sevincli anı kimi  xatırlıyıram.  O vaxtı 5 yaşım var idi mənim. 5 yaşında ilk dəfə məktəbə getdiyim gün dərs kitablarını da aldırmışdım. Qonşuluqda yaşayan qohumların və məndən yaşda böyük olanların yanında artıq oxumağı yazmağı öyrənmişdim və hesab edirdim ki, mən məktəbə getməyə hazıram.
Valideyinlərimə hörmət edərək  məni 5 yaşda məktəbə yazdılar. Bir - iki ay məktəbə getdim. Amma sonra yaşım az olduğuma görə məni məktəbdən xaric elədilər. Yadımdadı, xaric olduğum gün ağlaya-ağlaya geri qayıtmışdım, bu hadisəni həyatımda çox ciddi faciə kimi qəbul eləmişdim.

Bizim məktəb kəndin solğun kasıb evləri arasında sanki bir məbədə bənzəyirdi. 30-cu illərdə çaydan daş daşıyaraq kəndin çox görkəmli bir yerində ağ və məktəb tələblərinə uyğun çox gözəl bir bina tikilmişdi. İşıqlı, geniş dəhlizi, böyük otaqları, iri pəncərələri olan məktəb binası kəndin ən uca binası idi və görkəmli bir yerdə yerləşirdi. Məktəb hamımızı çəkirdi və çox istəyirdim ki, o binada oxuyam. Amma baş tutmadı. Bir il keçəndən sonra 6 yaşında çox böyük təkidlə nəhayət istəyimə nail oldum.

Birinci sinfə mən anamla getmişəm. İlk müəllimim isə Məmməd müəllim olub. O bizim kəndə Lənkəranın Sarı adasından gəlmişdi. Yoldaşı Nina xanım miliyyətcə rus idi və məktəbdə rus dili dərsini deyirdi. Məmməd müəllim gözəl tar çalırdı. Onun aşağı siniflərdə tar çalaraq uşaqlara öyrətdiyi mahnılar indinin özündə də qulağımdadı. Uşaqların xəyallarını yaşadığı mühitə, dağlara, daşlara, kəndin üstündən keçən durna qatarlarına, yazın gəlişinə cəlb edən çox qəribə gözəl mahnılar öyrədirdi. Mən ilk müəllimimi bu cür xatırlıyıram.

5-ci sinifə qədər kim olmaq istədiyim barədə fikirlərim yadımda deyil.  Amma o yadımdadı ki, məktəbdə “bacarıqlı əllər” kitabı var idi. Orada təyyarə, gəmi modeli düzəltmək üçün çertiyojlar verilmişdi. 5-6-cı sinifdə mən təyyarə modeli düzəldirdim və qəribədi ki, balaca təyarələr uçurdu.  Gəmi düzəldirdim, kəndin içində balaca göl var idi, orda üzürdü.  Nəsə yaratmağa, qurmağa böyük həvəsim var idi. Kitab oxumağı da çox sevirdim və ədəbiyyat, kitablar məni daimi bir sehirli qüvvə kimi cəlb edirdi. 5-ci sinifdə bizim məktəbə Qazaxın Yuxarı Salahlıdan, Səməd Vurğunun kəndindən bir nəfər gənc müəllim gəlmişdi. Cavad müəllim. Cavad müəllim mənim ədəbiyyat müəllimim olandan sonra mənim bütün fikirlərimi tamamilə ədəbiyyata doğru istiqamətləndirdi.

Yadıma gəlir, Səməd Vurğunun mənə ilk kitab hədiyyəsini o vermişdi.

Bizim kənddə bir neftçi var idi Ağaxan Məlikov. Koroğluya oxşayırdı, uzun bığları var idi. Pirallahı adasında yaşayırdı. O da gələndə cibində həmişə Aşıq Ələsgərin yaşıl cildli bir kitabını gətirirdi. Beləliklə Aşıq Ələsgər və Səməd Vurğun - bu iki kitab, bir də ədəbiyyat müəllimim məni ədəbiyyatçı olmağa həvəsləndirdilər.

Mən kənddə 7-ci sinifi qutarmışam.  Bizim məktəb 30-cü illərdə orta məktəb idi. Amma mən orada oxuyanda təzədən onu 7 illik məktəb elədilər. Sonrakı 4 ili rayon mərkəzindəki orta məktəbə getmişəm. Həmən məktəbdə də Yardımlının bütün kəndlərindən gəlmiş uşaqlar var idi. Biz məktəbin yanındakı internatda qalırdıq, şənbə-bazar kəndə evə gedirdik. O zamankı dostlarımdan qalır və onlarla əlaqəm var. Demək olar ki, hər həftə zəngləşirik, görüşürk”.

Rasim Balayev ilk dəfə məktəbə getdiyi günü unudub

Azərbaycanın xalq artisti, kinoaktyor Rasim Balayev: “Vallah ilk dəfə məktəbə getməyim mənim yadımdan çıxıb. Çoxdan olub bu...  Yadımdan çıxıb. Məni 1-ci sinifə ilk dəfə bir qohumum əlimdən tutub apardı.

1954-çü ildə birinci sinifə getmişəm, 6 yaşımda... O vaxt məktəbə 7 yaşda götürüdülər. Mən isə 6 yaşda məktəbə getdim. Yadımdadı... bizi sıraya düzdülər, gül verdilər. İlk müəllimim Arifə müəllimə, Fəridə müəllimə olub. Orta məktəbdə ilk əzbərlədiyim şeir də yadımda qalmayıb. Amma orta məktəbdə yaxşı oxumuşam.
Uşaqlıq arzum... Yox kosmonavt olmaq istəməmişəm..Uşaq vaxtı lap əvvəllər şofer olmaq istəmişəm. Sonra kinoya tez-tezə gedərdik,  havayı, tez-tez filmlərə baxım deyə kinonun böyüyü olmaq istəmişəm... Nə bilim, gündə bir sahəni seçirdik. Məktəbdə dəcəl olmamışam, ancaq çox sakit də olmamışam. Yaxşı

voleybol, futbol oynayırdım. Dərsdən qaçdığım vaxtlar da olub.
Uşaqlıq dostlarıma gəlincə, bəzilərilə əlaqəm var, çünki hərəsi bir tərəfdədi, rayona gedəndə bəzən görüşürük. Müəllimlərimdən çoxları dünyasını dəyişib, amma mənə dərs deyən müəllimlərdən bir neçəsi qalıb. Aradabir onlarla görüşürəm.

Bir filimdə müəllim obrazı yaratmışam. O da gənc müəllim obrazı. Gedir kəndə darıxır şəhər üçün...
Məktəb illəri mənim üçün əlçatmaz bir məqamdı indi...Xatırlayanda bir kino lenti kimi göz önündən keçir...”.

“Sentyabrın 1-də məktəbə gedə bilmədim”

Millət Vəkili Aynur Quliyeva: “İş elə gətirdi ki, sentyabrın 1-də mən məktəbə gedə bilmədim. Ona görə ki, həmin yay biz Kəlbəcərə, orda yaşayan qohumlarımızın evinə qonaq getmişdik.
3 ay yayı biz Kəlbəcərdə qalası olduq və dərs başlayandan bir neçə gün sonra biz evimizə qayıtdıq.  Sentyabrın 1-ni görməsəm də bir neçə gündən sonra valideynlərim məni məktəbə apardılar. Sinfə daxil olanda artıq bütün şagirdlər öz yerlərini tutmuşdular. Məni müəlliməmə təqdim elədilər.
İlk andan məndə Sevil müəlliməyə, mənim ilk ibtidai sinif müəlliməmə qarşı çox gözəl bir hiss yarandı. O qadını bu günə kimi anam qədər çox sevirəm.
Məni qabaq sırada əyləşdirdilər. Onda hansı hərfi keçdiyimizi xatırlamıram. Amma yadıma gəlir ki, bir dərs əvvəl keçilən “A” hərfini həmin o müəllimə mənə təzədən öyrətməyə başladı. Dəftərimdə böyük “A” hərfi və kiçik  “a” hərfini bir neçə sıra yazdı və mənə tapşırdı ki, evdə bu hərfləri yazmağı öyrənim.

İlk məktəbli formam da yadımdadı. O vaxtı bütün Azərbaycanda dükanlarda “Valadarkanın” tikdiyi məktəbli formaları satılırdı.
O vaxtı Rusiyaya tez-tez gedib gələn atam  mənə çox gözəl bir məktəbli forması alıb gətirmişdi. Formanın gözəlliyi onda idi ki, materialı çox keyfiyyətli idi, çox gözəl də tikilmişdi. Bir ağ rəngdə, bir qara rəngdə önlüyu var idi.  Mən də forslana-forslana hər gün o önlüyün birini taxıb məktəbə gedirdim. Bütün sinif yoldaşlarım arasında mənim geyimim xüsüsi fərqlənirdi.

Əlimdən tutub mənə yazı yazmağı öyrədən Sevil müəlliməmi həddindən artıq sevdiyimə görə uşaq vaxtı mənə elə gəlirdi ki, müəllimlikdən gözəl, əhəmiyyətli peşə yoxdu.
Ona görə də müəllim olmaq istəyirdim və 4-cu sinifə qədər bu arzu, bu istək mənə hakim oldu. O qədər müəlliməmə bağlanmışdım ki, onun kimi yazır, onun kimi özümü aparmağa çalışırdım, onun kimi yerimək istəyirdim, onun kimi danışmaq istəyirdim, onun kimi gülmək istəyirdim... Amma bir az böyüyəndən sonra məndə diktor olmaq arzusu yarandı. Bir müddət bu arzu ilə yaşadım. 6-7-ci siniflərdə artıq jurnalist olmaq haqqında qəti qərara gəlmişdim və bu arzum sonralar da dəyişilməz olaraq qaldı.

İlk öyrəndiyim şeir “Əlifba” kitabında olan şeirlər idi - “Keçi”, “Xoruz”, “Uşaq və buz”... Bu şeirlərin hamısını əzbər bilirdim. Uşaqlıqda məni özünə çəkən bir misra var idi... Səməd Vurğunun “Bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən...”. Bu misralar mənim o qədər xoşuma gəlmişdi ki, oturub bu misra ilə başlayan bir inşa yazdığımı xatırlayıram. Bu misraları kitabda oxuyandan sonra fikirlşirdim ki, nə yaxşı SSRİ kimi nəhəng bir dövlətdə yaşıyırıq, bizim ölkəmizdə əmin-amanlıqdı. Müharibədən söhbət gedə bilməz, bizim ölkədə heç vaxt müharibə olmayacaq.
Heç vaxt biz “müsəlləh əsgərəm mən də bu gündən” demək məcburiyyətində qalmayacağıq... Sonralar, Dağlıq Qarabağda müharibə başlayanda həmin inşa və misralar yenə yadıma düşdü.. Təccüblənirdim ki, gör mən nələr düşünmüşəm”.

“Bizə demişdilər ki, məktəbdə müəllimlər uşaqları şkafa salır”

Millət Vəkili Pənah Hüseyn:  “İlk dərs gününü çox yaxşı xatırlayıram. Məni birinci sinfə atam apardı. Evdən məktəbə qədər necə getmişəm, o da yadımdadı, hətta hansı uşaqlara yolda rast gəldiyimi də xatırlayıram. Qonşumuzdakı uşaqlardan biri mənə demişdi ki, məktəbdə müəllimlər uşaqları şkafa salırlar. Getdik gördük ki, şkafa salan yoxdu. Digər qonşumuz var idi, onu da böyük uşaqlar qorxutmuşdular ki, məktəbə getsən, şkafa salacaqlar... Üç gün sonra onu ağlaya-ağlaya gətirdilər sinfə.. Partadan qalxıb dedim ki, heç qorxub eləmə, bizi heç kim şkafa sala bilməz, hər şey əladı.
Mən 1972-ci ildə Sabirabadın Qaraqaşlı 8 illik məktəbini, 1974-cü ildə də Quruzma kənd orta məktəbini bitirmişəm. İlk müəllimim Həsən müəllim olub. Çox yaxşı müəllim idi.
Məktəbə təzə paltarda getmək mühüm idi. Şübhəsiz ki, ailəmizin imkanı daxilində hər il məktəbə gedəndə mütləq hər şey təzələnirdi.

Orta məktəbdə oxuduğum uşaqlarla indi də əlaqəm var. Düzdü, 5-6-sı artıq rəhmətə gediblər, deyəsən artıq yaşlaşmışıq. Ayrıca özümüz üçün yığışıb məktəb illərini yad edirik. Sonuncu dəfə keçirdiyimiz tədbirə müəllimlərimizi də çağırmışıq. 

Orta məktəb müəllimlərimlə mütəmadi əlaqə saxlayıram  Bunların içərisində vəfat edənlər də, sağ olanlar da var. Sevimli müəllimlərim Tahir müəllim, Ədalət müəllim olub. Ədalət müəllim indi də kəndimizin məktəbində direktordur. Mən uşaqlıqda şuluq, eyni zamanda intizamlı uşaq olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Uşaqlıq arzum...Uşaqlıqda aya gedib orada komminizm qurmaq istəyirdim. Mən hesab edirdim Yer kürəsi artıq qurtarıb, o biri ulduzlara getmək lazımdı. Arzularım çox olub... Onların çoxuna çatmışam...Əlbəttə,  çatmadıqlarım da var".

“İlk dərs günü geydiyim kostyum yadımdadı”

Millət vəkili Əli Məsimli: "Məktəb həyatı hər bir uşağın həyatında yeni bir mərhələnin başlanğıcıdır. Həmin mərhələ də o vaxtlar sentyabrın 1-i başlayırdı. Ailəmin, özümdən böyük qardaşlarımın həyəcanı yadımdadı. Sentyabrın 1-də parta arxasında oturanda səndən böyüklərin müəllim barədə danışdıqlarını canlı sürətdə görürsən. Bu hisslər heç vaxt təkrar olunmur. Orta məktəbdə yaxşı oxumuşam. Müəllimlərlə gözəl münasibətim olub. İlk dərs günü geydiyim kostyum da yadımdadı. Mənim formam digər uşaqlardan səliqəsinə görə fərqlənirdi. Uşaqlar yaxşı oxuduğuma qibtə edirdilər. Məktəbdə keçirilən hüsnxətt sərgilərində qoyulan yazıların əksəriyyəti mənimki olurdu. Həmişə saçlarım vaxtında vurulurdu, evdən səliqəli çıxırdım.
İlk müəllimim Mina xanım olub. Həm səmimi, həm də tələbkar idi. Ən sevdiyim müəllimə isə rus dili müəlliməm Tamara xanım idi. O zaman “Azərbaycan pioneri” qəzetinə abunə olmaq 1 manat 8 qəpik idi. Bu abunə məcburi idi. Amma Tamara  müəllimə bu  8 qəpiyi bizə qaytarırdı. Təəssüf ki, cavan yaşında rəhmətə getdi. Biz onu müəllimliyin simvolu kimi qəbul edirdik.  
Uşaqlıq arzum? Mən uşaqlıqda hüquqşünas olmaq istəyirdim. Amma atamın dostu məni iqtisadçı olmağa meylləndirdi. Açığı iqtisadçı olmağa o qədər də həvəsim yox idi. Amma oxuyandan sonra bu sahəyə həvəsim yarandı. Uşaq vaxtı əzbərlədiyim şeir çox olub. Ancaq “Azərbaycan” şeirini daha çox sevirdim. “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” misralarını təkrar etməkdən doymazdım.

“Mənim 1 sentyabrım olmayıb”

Millət vəkili Fəzail İbrahimli:  “Sentyabırın 1-ni müxtəlif müstəvidə xatırlamaq olar. Mənim 1-ci sinifə 6 ay gec getmişəm. Belə demək olarsa, mənim 1 sentyabrm olmayıb. Dayım məktəbdə direktor idi. 6 yaşım olanda  məni vaxtından qabaq aparmışdı məktəbə.
Məktəb bizim evimizin yanında idi. Mən də 6 yaşında uşaq məktəbin qabağında dayanıb seyr edirdim. Dayım həyətə çıxanda  məni həyətdə gördü, çağırdı yanına. Məni apardı saldı sinfə. Oturdum 1-ci sinifdə oxuyan uşaqlarla. Uşaqlar hərfləri yazırdılar. Gördüm ki, yazı taxtasında hərfləri yazan zaman uşaqlar çətinlik çəkirlər. Mən hərfləri yazmaq üçün icazə istədim. Bütün hərfləri yazdım. Dayım dedi ki, hər gün gəl otur sinifdə. Amma yanvara qədər mənim adım jurnalda olmayıb. Yanvarda məsələm həll olundu.
Həmin dövrlərdə sentyabr 1-i bizə ən müqəddəs gün kimi gəlirdi.

Lap uşaqlıqdan müəllim olmaq istəmişəm. Biz o vaxtı müəllimlərimizi görəndə başımızdakı papağı çıxarırdıq. 8-ci sinifdən təxminən içərimdə bir tərəddüd yarandı ki, mən həkim olacağam. Bu bir müddət mənim içimdə yatdı, sonda yenə də müəllim olmaq qərarımı verdim. İçərimdə bir il, iki il həkim olmaq istəyi yaşayıb.

Adi kənd uşaqları kimi geyinirdim. Xüsusi  təmtəraqlı geyim o vaxtı heç yox idi.  Mənim məktəb üçün zövqlə alınmış xüsüsi kostyumum olmayıb. Kənd uşaqlarının gündəlik geydiyi geyimlərdən istifadə edirdim. Təbii ki, səliqə- səhmanıma fikir verirdim. Biz çoxuşaqlı ailə idik. Atamız imkanı çatan şeylərdən bizə alırdı. Yaşadığım kəndin uşaqlarından fərqli geyimim olmayıb. Hətta qonşumuzun tək  övladı var idi, o da fərqli geyinmirdi. Bizim vaxtda geyim xüsusi önəm çəkmirdi. Yaxşı paltarla bağlı istəyim olub..

6-cı sinifdə qardaşım mənə kostyum hədiyyə gətirmişdi. İstəyirdim ki, tez sentyabr gəlsin, onu geyinim. İlk əzbələdiyim şeir yadımda deyil. Orta məktəbdə öyrəndiyim şeirlər, poemalar indiyə kimi yadımdadır. İndi cəhd edirəm öyrənməyə, çox pis alınır”.       

“Məktəbə çantamı babam aparırdı”

APA –nın baş direktoru Vüsalə Mahirqızı: “Məni ilk dəfə məktəbə babam aparıb. Babam respublikada tanınan müəllimlərdən biridir. Bizim ailədə hamı müəllimdir. 4-cü sinifə qədər babamla birlikdə məktəbə gedirdik. Anam da müəllimədir, evə anamla qayıdırdıq. 4-cü sinifə qədər çantamı babam aparırdı. Hətta birinci sinif paltarımı da o almışdı. Mən onun böyük nəvəsi idim, məni çox istəyirdi. Məktəbdə uşaqlar zarafatla deyirdilər ki, buna bax, çantasını babası aparır. Sonradan mən özüm aparırdım.
İlk dəfə məktəbə geydiyim ağ kofta, qara yubka olub. İlk çantam da yadımda idi, qıpqırmızı idi.  İbtidai sinif müəlliməm Nailə müəllimə olub. Ucar rayonunun Lək kəndində. Onunla hələ də əlaqələrimiz var. Mən məktəbdə sinif nümayəndəsi olmuşam və qabaqda otururdum. Axıra kimi də sinif nümayəndəsi olmuşam.

Arzum.... Həmişə jurnalist olmaq istəmişəm. Həmişə güzgünün qabağında məşq edərdim. Çünki, bizim üçün ilk jurnalistika televizya idi. Sadəcə anamın arzusu ilə Filologiya fakültəsinə qəbul olmuşdum.
Sinif yoldaşlarımla elə də əlaqələrim yoxdur, amma Anar adında sinif yoldaşım var idi, onunla əlaqə saxlayırdım. Çox təssüf ki, o rəhmətə gedib. Bəzən rayona gedəndə sinif yoldaşlarımla görüşürük. Mən hələ məktəbə getməzdən əvvəl 50-yə yaxın şeir bilirdim. Oxumağı, yazmağı bilirdim. Mənə elə gəlir ki ən yaxşı bildiyim şeir “Ana” şeirdir. Hansı ki, “Əziz ana, can ana...” sözləri ilə başlayır. Orta məktəb illəri unudulmazdır”.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!