Modern.az

AKP daxilindəki mübarizə pik HƏDDƏ: Davudoğlunun baş müşavirindən Ərdoğana İTTİHAM

AKP daxilindəki mübarizə pik HƏDDƏ: Davudoğlunun baş müşavirindən Ərdoğana İTTİHAM

29 Mart 2015, 11:20

 

Türkiyədə parlament seçkiləri öncəsi başlayan siyasi mübarizə iqtidar daxilinə də sıçrayıb və bunun təzahürləri artıq müşahidə edilməkdədir.

Bir müddət öncə baş nazirin müavini Bülənt Arınçla Ankara Böyük Şəhər bələdiyyəsinin sədri Melih Gökçek arasında baş verən qalmaqal hakimiyyət içərisində ciddi fikir ayrılıqları olduğunu ortaya çıxardı.  

Qeyd edək ki, Bülənt Arınçın kürd problemi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid etməsi Melih Gökçekin qəzəbinə səbəb olmuşdu.  

Bir neçə gündür Türkiyə gündəmini zəbt edən hakimiyyət daxilindəki qarşıdurmaya yeni rəng verilib.  

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin baş müşaviri Hüseyn Çelik iqtidar daxilindəki mübarizəyə görə prezident Rəcəb Tayyib Ərdoğanı günahlandırıb.  

O, Türkiyə prezidentini verdiyi sözə əməl etməməkdə ittiham edib.  “Cənab prezidentimizin bizə öyrətdiyi bir şey var idi. O, “Yoldaşlar, özümüzün daxili məsələlərimizi mediada, bazarda danışmayacağıq” deyirdi. Biz də buna sıx bağlı idik. Lakin son hadisədə cənab prezident medianın önündə bu məsələni başlatdı. Baş nazirin müavini Bülənt Arınç “Kaş ki, cənab prezidentimiz bunu ictimaiyyət ilə paylaşmaq yerinə, baş nazirlə bölüşəydi” söyləyə bilərdi”,-deyə Hüseyn Çelik bildirib. 


AKP rəsmisi onu da deyib ki, təmsil etdiyi partiya mələklərdən ibarət olan bir qurum deyil:   “İsmət, günahsızlıq, xətasızlıq sifəti peyğəmbərə xasdır. Prezidentimiz başda olmaqla heç birimiz ismət sifətinə sahib deyilik”.  

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın kürd probleminin həlli ilə əlaqədar hökumətin təşkil etdiyi  “İzləmə heyəti”ndə xəbərsiz olmasını deməsi Bülənt Arınçın narazılığına səbəb olmuşdu.

Bundan sonra Melih Gökçek Bülənt Arınçın istefası tələbi ilə çıxış etmişdi. 

Türkiyə hakimiyyətində yaranan çatlar prezidentlə baş nazir  Əhməd Davudoğlu arasında yaranan gərginlik kimi xarakterizə edilir.    

Aqşin Kərimov            


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir