Modern.az

“Eyni dairədə bir partiyadan 2 namizəd harda görmüsünüz?"

“Eyni dairədə bir partiyadan 2 namizəd harda görmüsünüz?"

15 Sentyabr 2010, 14:04
 Yeni Azərbaycan Partiyasının icra katibinin müavini deyir ki, seçkiyə qatılan hər bir siyasi partiya, hər bir namizədi rəqib sayırlar

- Mübariz müəllim, artıq ayın 7-dən parlament seçkilərinə rəsmən start verilib. Ancaq əksər siyasi partiyalar, seçki bloklarından fərqli olaraq, hakim partiyanın vahid namizədlər siyahısı hələ də ictimaiyyətə  açıqlanmayıb...  

- Əvvəla, YAP istənilən vaxt seçki prosesinə hazırdır. Bunu demək üçün də bizim əsasımız var. YAP-ın 520 min nəfərdən yuxarı üzvü var və hazırda partiyanın yalnız ilk təşkilatlarının sayı 8 mindən yuxarıdır. YAP-ın rayon-şəhər təşkilatlarının qərargahlarında çalışan, eyni zamanda, birbaşa partiyanın büdcəsindən əmək haqqı alan işçilərin sayı 500 nəfərdən yuxarıdır. YAP-ın rayon-şəhər təşkilatlarının hər birində seçkiyə məsul olan şəxslər var, o cümlədən partiyanın İcra Katibliyində seçki ilə bağlı xüsusi qrup fəaliyyət göstərir və biz seçkiyə hazırlığı hər seçkidən sonra başlayırıq.
Məşhur bir kəlam var: deyir, seçkiyə nə vaxt başlamaq lazımdır, cavab verir ki, seçkinin bitdiyi günün səhərisi. Bu, həqiqətən də belədir. Hər bir siyasi təşkilat, partiya əgər seçkini yalnız seçki kampaniyası dövründə həyata keçirməyə cəhd göstərirsə, onun uğur qazanacağı o qədər də proqnozlaşdırıla bilməz. Seçkiyə daim hazırlaşmaq lazımdır. Seçkiyə daimi hazırlıq, birincisi, təşkilatı seçkiyə hazırlıq səviyyəsində saxlamaq, ikincisi, beynəlxalq aləmdə, xarici dövlətlərdə keçirilən seçkiləri və onlarda tətbiq olunan yenilikləri mənimsəmək, üçüncüsü, cəmiyyətin əhval-ruhiyyəsini mütəmadi olaraq öyrənərək bu barədə müvafiq addımlar atmaq, bununla bağlı hazırlıq işlərini həyata keçirmək və sairdən ibarət olmalıdır. Demək istəyirəm ki, YAP-da seçkiyə hazırlıq məsələləri mütəmadi xarakter daşıyır və ötən müddət ərzində biz çox ciddi işlər görmüşük...  

- Hansı işləri?
 

- Təxminən bir ildir ki, YAP parlament seçkiləri ilə əlaqədar müvafiq tədbirlər həyata keçirir, son altı ayda isə bununla bağlı sistemli şəkildə müəyyən etdiyimiz proqram əsasında müxtəlif xarakterli tədbirlər düzənləmişik. Partiyanın ilk təşkilat sədrləri ilə görüşlər, rayon-şəhər təşkilatlarında müxtəlif çeşidli seminarlar, seçkiyə qatılacaq fəallarla görüşlər, rayon-şəhər təşkilatları rəhbərlərinin respulika toplantıları, gənclərlə ayrıca görüşlər keçirilib, bu təşkilatlarda ideoloji-təbliğat işləri ilə məşğul olan qruplar arasında müəyyən işlər aparılıb və sair. Mən bu görüşlərin hamısını sadalayaraq vaxt aparmaq niyyətində deyiləm, demək istəyirəm ki, bütün bunlar seçkiyə hazırlıq məqsədi ilə edilib. Ona görə YAP seçkiyə tam hazırdır. Bu yaxınlarda mətbuatda səsləndirdiyim bir fikri yenə də təkrar etmək istəyirəm ki, namizədləri müəyyənləşdirərkən həmin namizədlərin partiyadakı əsas fəaliyyəti və seçicilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məsələlərinə diqqət yetiririk. Eyni zamanda, həmin şəxslərin - onlar YAP-ın parlamentdəki təmsilçiləri, Milli Məclisin üzvləri, yaxud da yenidən namizəd olacaq şəxslər ola bilər - o bölgədə, o əhatədə olan nüfuzu və əhali içərisində onlara veriləcək dəstək məsələləri də diqqət mərkəzindədir.
Mən, eyni zamanda, YAP-ın namizədlər siyahısının açıqlanması adı altında mətbuatda gedən ajiotajı, doğrusu, bir az başa düşmürəm. Hər bir partiyanın seçki siyasəti, taktikası, strategiyası var və hər bir partiya seçkiyə gedəcək namizədlərini, nümayəndələrini, yəqin ki, zamanında müəyyənləşdirir, açıqlayır.  

- Yuxarıda siyahı məsələsi ətrafında ajiotajın yaranmasını başa düşmədiyinizi bildirdiniz. Amma bu ajiotajın yaranmasının əsas səbəblərindən biri də odur ki, YAP rəhbərliyinə daxil olan şəxslər, bəziləri istisna olmaqla, eyni zamanda, parlamentdə təmsil olunan YAP-çı millət vəkillərindən növbəti dəfə seçkilərdə iştirak edib-etməyəcəklərini soruşanda, onlar haradasa tərəddüd keçirdiklərini bildirir və yaxud öz tərəddüdlərini büruzə verirlər...
 

- Mən buna tərəddüd deməzdim. Jurnalistlər millət vəkillərinə sual ünvanlayır ki, "Növbəti seçkiyə qatılacaqsınızmı?"- şəxsən mən YAP-ın üzvüyəm, partiya üzvlüyü isə o deməkdir ki, Nizamnamə çərçivəsində qarşıya qoyulan vəzifələrə, tələblərə əməl etməliyəm - onlar da partiyanın rəsmi qərarı olmadan hansısa bir formada fikir söyləyə bilmirlər, doğru da edirlər. Onlar fikirlərini söyləmirlər, bu o demək deyil ki, onlar bilmirlər seçkiyə gedəcəklər ya getməyəcəklər, sadəcə, rəsmi açıqlama olmadığından öz fikirlərini bildirmirlər və bu da çox normal bir prosesdir.  

- Səhv etmiriksə, YAP-ın parlamentdə 64 təmsilçisi var. Belə olan halda, həmin 64 millət vəkili və parlamentdə YAP-ın, iqtidarın siyasətini dəstəkləyən digər şəxslər, bitərəflər, partiyalı insanlar YAP-ın növbəti namizədlər siyahısına salınacaqlarmı? Qeyd edək ki, son günlər mətbuatda yer alan siyahılarda həmin şəxslərin bəzilərinin adları yoxdur...
 

- Bu haqda yeni fikir söyləməyəcəyəm. Yenə bugünlərdə mətbuatda səsləndirdiyim bir fikri təkrar bildirmək istəyirəm ki, YAP öz namizədlərini irəli sürəcək, eyni zamanda ola bilsin ki, bəzi dairələrdə hakim partiya Azərbaycan üzrə tanınmış, Azərbaycan xalqı, seçiciləri tərəfindən böyük dəstəyə malik olan birətəf insanları, o cümlədən Azərbaycanın elm, mədəniyyət və digər sahələrində böyuk uğurlar qazanmış şəxslərin namizəd olduğu dairələrdə onları dəstəkləsin. Yəni, bu, əvvəllər də olub, indi də ola bilər, bu dəfə də istisna deyil.  

- YAP-lı - bitərəfli parlamentdə təxminən nə qədər yer tutmağı hədəfləmisiniz?  

- Bizim bitərəflərlə əlaqədar iddiamız yoxdur. Biz YAP olaraq, parlamentə maksimum şəkildə partiya üzvlərimizin seçilməsi uğrunda mübarizə aparacağıq.  

- Məqamı düşmüşkən, son günlər müxalifət düşərgəsində bir neçə seçki bloku yaranıb. Siz bu bloklaşmalara necə yanaşırsınız və eyni zamanda, YAP özü hansısa bloklaşmaya gedə bilərmi?
 

- YAP 1993-cü ildən seçkilərə qatılır və bu partiyanın praktikasında bloklarla seçkilərə getmək praktikası yoxdur. Ona görə də YAP seçkilərə hər zaman müstəqil gedir. Lakin YAP ilə eyni platformada dayanan bəzi siyasi partiyalar var ki, həmin partiyalarla bu və digər məsələləri koordinasiya edirik və bu praktikamızda da mövcuddur. O ki qaldı müxalifət partiyalarının və digər partiyaların bloklar yaratmasına, bu, normal prosesdir. Seçkidə öz gücünü tam şəkildə təsdiq edərək məqsədinə çatmağın mümkün olmadığını görən siyasi qüvvələr, bir qayda olaraq, bloklaşmalara gedirlər və müxtəlif bloklar adı altında daha çox yer qazanmaq uğrunda mübarizəyə başlayırlar. Bildiyimə görə, artıq bir neçə bəyan olunub və biz istənilən bloklarla, siyasi qüvvələrlə seçki kampaniyası dövründə rəqabət aparmağa hazırıq.

- Siz hazırda yaranan bloklardan - “Qarabağ”, “İslahat”, «İnsan naminə», «Demokratiya» və Müsavat-AXCP blokundan hansını özünüzə ciddi rəqib görürsünüz?
 

- Bizim üçün seçkiyə qatılan hər bir siyasi partiya, hər bir namizəd rəqib sayılır.  

- Bugünlərdə mətbuatda belə bir məlumat getmişdi ki, hakimiyyət özünə ciddi rəqib saydığı AXCP-Müsavat blokuna qarşı müxalifət cinahından olan başqa bir seçki blokunu yaratmağı və həmin bloku maliyyələşdirməyi tanınmış nazirlərdən birinə tapşırıb...
 

- Mən, doğrusu, şayiələr və bu cür fikirlərə şərh verməyin tərəfdarı deyiləm. Hər kəs öz xəyalı və öz düşüncəsi ilə əlaqədar müxtəlif fikirlər söyləyə bilər. Məncə, bunlar yanlışdır.  

- Ümumiyyətlə, bu seçkilərdə bütün 125 seçki dairəsinin hamısından namizədlərinizi irəli sürəcəksiniz, yoxsa?..
 

- Bəli, bir az öncə də qeyd etdim ki, partiyamız öz namizədlərini irəli sürəcək. Amma bəzi dairələrdə ola bilsin ki, YAP, qeyd etdiyim kimi, respublika üzrə tanınmış və Azərbaycan seçicilərinin ehtimadını qazanmağa qadir olan namizədləri də müdafiə etsin.  

- YAP-ın rəsmi namizədlər siyahısından kənarda öz namizədliyini müstəqil şəkildə vermək istəyən YAP-çıların taleyi bəs necə olacaq?  

- Siz dünyada hansısa bir partiyanın iki namizədi olduğunu yəqin ki, görməmisiniz. Politologiyada, siyasi prosesdə belə anlayış ola bilməz. Siyasi partiya seçki prosesində bir dairəyə bir namizəd irəli sürə bilər. Bu məsələlər partiyanın daxilində seçkiyə qədər həll olunur. Bizim rayon-şəhər təşkilatlarında keçirdiyimiz müşavirələr, müzakirələr, bunlar hamısı bəlkə də namizədlərin müəyyənləşməsinə xidmət edir, edib. YAP-ın ilk təşkilat sədrləri ilə keçirdiyi müşavirələr hamısı bunları özündə ehtiva edib. Odur ki, bu dəfə də  biz hər bir dairədə yalnız bir namizədlə çıxış edəcəyik və onun qalib gəlməsinə çalışacağıq.  

- YAP-ın seçki şüarı və yaxud şüarları necə, müəyyənləşdirilibmi? 

- YAP-ın seçki kampaniyası ilə əlaqədar təşviqat materialları, layihələr faktiki hazırdır və seçki kampaniyası başladıqda təşviqat materiallarımızı həm namizədlərimiz, həm də qeydiyyatdan partiya şəklində keçəcəyimiz üçün - buna heç bir şübhəmiz yoxdur - dərc etdirəcəyik, yayacağıq. Şüarlarımız da var və zamanında onları da elan edəcəyik.  

- Son olaraq, ölkədəki seçkiqabağı durum Azərbaycanda demokratik, nəticələrini hamının qəbul edəcəyi seçkilər keçirilməsinə imkan, təminat verirmi?  

- Qərb ölkələrində seçkilərdən sonra, elə doğma Türkiyədə də, hər kəs seçkilərin nəticələri ilə əlaqədar fikirlərini söyləyir, bu və ya digər nöqsanlar olsa, onları deyir, amma bütövlükdə seçkilərdən razı olduqlarını, onun yekunlarını qəbul etdiklərini bəyanlayır. Türklər demiş, maləsəf, bizim müxalifət məğlub olur, lakin məğlubiyyətini etiraf etmir. Bizim müxalifətdə olan bəzi şəxslər özlərinə həddindən artıq vurğundur və iddialıdırlar. Bunlar, görünür, öz ətraflarında olan insanlarla söhbət edərək, onların düşüncələrindən nəticə çıxararaq, belə qərara gəlirlər ki, cəmiyyət elə bunların çevrəsindəki kimi düşünür. Bilirsiniz, biz ola bilər həmfikir adamlar bir yerə yığışaq - onların fikirlərində eyniyyət olacaq - amma bu o demək deyil ki, bizim düşündüyümüzü bütün cəmiyyət üzvləri də düşünür. Odur ki, müxalifət partiyalarının nümayəndələri bəzi narazı insanların dediklərini ümumiləşdirərək, bütövlükdə narazılığın olduğu haqda nəticə çıxararaq yanlışlığa yol verirlər. Birincisi, cəmiyyətdə böyük əksəriyyət prezident İlham Əliyevi dəstəkləyir. Bu, yüzdəyüz belədir. Prezidentin siyasətinin müdafiə olunması bizə deməyə əsas verir ki, YAP-ın da namizədlərinə dəstək verilsin. Eyni zamanda, bizim namizədlər hər biri öz dairəsində, öz əhatəsində, öz çevrəsində insanlar tərəfindən müdafiə olunan və deyərdim ki, onların dəstəyinə nail olan şəxslərdir. Bütün bunlardan çıxış edərək deyə bilərəm ki, Azərbaycanda seçkilərin ədalətli, demokratik keçməsinin təminatçısı Azərbaycan prezidenti, ölkə Konstitusiyası və Azərbaycanda seçkiləri nizamlayan Seçki Məcəlləsidir. Mən hesab edirəm ki, bu gün Azərbaycanda mövcud olan Seçki Məcəlləsi ölkəmizdə azad, ədalətli, demokratik, şəffaf seçkilər keçirilməsi üçün tam təminat verir. O cümlədən Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, ölkəmizdə azad, ədalətli seçkilər keçirilməsinə Azərbaycan hakimiyyəti birmənalı yanaşır, təminat verir...  

Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir