Modern.az

Məşhur obrazlar yaradıb, unudulan AKTYORLAR- Cəbiş müəllim kim olub, bilirsiniz?

Məşhur obrazlar yaradıb, unudulan AKTYORLAR- Cəbiş müəllim kim olub, bilirsiniz?

2 Aprel 2015, 12:51

Azərbaycanın çox zəngin kino ənənəsinin olması heç kəsə sirr deyil. O ənənəni yaradanlar istedadlı aktyorlar olublar. Amma bu gün həmin aktyorların bəzilərini tamaşaçılar qətiyyən tanınmır. Az qala, hər sözünü əzbərdən bildiyimiz obrazın hansı aktyor tərəfindən ifa olunmasından xəbərsizik.

Modern.az saytı belə obrazlar yaradıb unudulan Azərbaycan aktyorlarının bir neçəsini təqdim edir:


Süleyman Ələsgərov -
Bu aktyorun kimliyi yəqin ki, çoxlarında sual yaratdı. Amma “Cəbiş müəllim” deyən kimi hamının gözünün qarşısına eynəkli, uzun və çəlimsiz yaşlı bir müəllim obrazı canlanır. Həmin Cəbiş müəllim obrazını yaradan və artıq 40 ilə yaxındır insanların hafizəsindən o obrazı silinməyə qoymayan aktyor Süleyman Ələsgərovdur.   
O, Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib. Aktyor “Bizim Cəbiş müəllim” filmindən başqa, “Bir cənub şəhərində”, “Rəqiblər”, “İnsan məskən salır”, “Möcüzələr adası”, “O qızı tapın” və digər filmlərdə epizodik də olsa, maraqlı rollar canlandırıb. Aktyor bu gün Süleyman Ələsgərov kimi yox, daha çox Cəbiş müəllim kimi hamının yaddaşındadır.


Kamil Məhərrəmov -
Azərbaycan kinosunun tarixində epizodik rollarla yaddaqalan aktyorlarımızdan biri Kamil Məhərrəmov olub. “Dərviş Parisi partladır” filmində Hatəmxan ağanın nökərinin - Qəmbərin Firəngistandan gələn nəbatat alimi müsyö Jordanla bitkilərin adları ilə bağlı mübahisəsi filmin ən yaddaqalan səhnələrindəndir.
“Yol əhvalatı” filmindəki sürücü Paşa obrazı da hamının yadındadır. Onun “Qurban əmi yalan deyirəmsə, məni elə o lyükün içində basdırsınlar” deməsinə Qurban (Səyavuş Aslanın) belə cavab verir: “Tutalım səni basdırdıq, bəs sənin o meyidüvi aparmaq üçün maşın lazımdı, ya yox. Ayy...”. 

Belə epizodları saymaqla qurtarmaz. “Evlənmək istəyirəm” (“Papaq”) filmindəki dilsiz-ağızsız, lal tütək çalan Hüseyin də Odur. Bu gün adı çox az adam tərəfindən xatırlanan Kamil Məhərrəmov faciəli şəkildə vəfat edib. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Buna görə də avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. 52 yaşında vəfat edən aktyorun həyatında faciəli məqamlar şox oldu. Təbii ki, burada onun öz sağlamlığından çox içkini sevməyi də əsas rol oynayırdı.


Məmmədsadıq Nuriyev -  
Bu aktyorun adı bir çoxlarına tanış gəlməsə də, yaratdığı maraqlı obrazlar və fikirləri bu gün də zərbi-məsələ çevrilməkdədir. O, “Söhbət bir kilo sosiskada deyil e, adam gərək vnimatelni olsun” ifadəsinin müəllifi olan Davud obrazını (“Uşaqlığın son gecəsi”) Azərbaycan kinosuna bağışlayıb.
Məmmədsadıq Nuriyev “Səhər”, “Ulduz”, “Yeddi oğul istərəm”, “Tütək səsi” və digər filmlərdə də çəkilib. Amma Məmmədsadıq Nuriyevin Azərbaycan kinosuna hədiyyə etdiyi ən böyük şah əsəri oğlu, görkəmli aktyor Yaşar Nuridir.  Çox təəssüf ki, Məmmədsadıq Nuriyev oğlu Yaşar Nuri qədər xalqın yaddaşında qala bilmədi. Mərhum Yaşar müəllim xalq artisti olsa da, atası əməkdar artist adını belə, ala bilmədi. Bunlar təbii ki, şərti şeylərdi. Amma kiçik rolların böyük ifaçısı hesab olunan Məmmədsadıq Nuriyevin unudulmağı əməkdar artist ola bilməməsindən daha ağır faciədir.


Arif Mirzəquliyev –
O, “Məşədi İbad”dakı student obrazını yaradan Sərvərdir. Hüseyn Seyidzadənin bu rola layiq bildiyi aktyor sonradan cəmi bir böyük rola çəkilib - “Görüş” filmində Kamil. Daha sonra Arif Mirzəquliyev kinodan uzaqlaşıb. “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filmində yenidən Sərvər obrazını canlandırıb. Amma bu dəfə başqa ampluada. Aktyor kimi özünü tam təsdiqləyə bilməsə də, Sərvər və Kamil kimi Azərbayacn kino tarixində qalmağı bacarıb.  


İnarə Quliyeva
– Həyatını sonradan Moskva ilə bağladığı üçün bu aktrisanı tamaşaçılar təəssüf ki, o qədər də yaxşı tanımır. Amma bircə “Qaynana” filmində yalançı gəlin donuna girərək Cənnət xalanı cəzalandıran Afət obrazı ilə kinoda sevilib. İnarə Quliyeva “Dədə Qorqud”, “Şir evdən getdi”, “Min birinci qastrol” filmlərinə də çəkilib. “Alma almaya bənzər” filmində yaratdığı müəllimə obrazı da yaddaqalan olub. Rəhmətlik Hacıbaba Bağırov filmdə ona üzünü tutub deyirdi: “İstəyirsən səninçün bütün bazarı bağlatdırım”.  
Aktrisa daha sonra həyatını Moskva ilə bağladı. Bir çox teatrlarda rejissor kimi çalışdı. Vaxtilə Rusiya telekanallarında bir neçə proqramın müəllifi olan aktrisanı Azərbaycanda o qədər də çox tanımırlar.



Tələt Rəhmanov
- 80-ə yaxın irili-xırdalı filmlərdə çəkilən aktyoru bu gün etiraf etsək də, etməsək də çox adam tanımır. Amma maraqla izlənilən filmlərin əksəriyyətində Tələt Rəhmanov var. “Arşın mal alanda” nökər Vəli rolu ilə sənətə gələn aktyor sonradan həm tarixi, həm dram, həm də komediya janrlarında xeyli filmə çəkilib. Tələt Rəhmanovun da bəxtinə hətta əməkdar artist adı yazılmayıb. Filmlərin çoxunda epizodik rollara çəkilsə də, aktyorun tamaşaçının rəğbətinə layiq biri olduğuna söz ola bilməz.
“Qaynana” filmində Cənnət xalanın qardaşı oğlu Əli obrazı Tələt Rəhmənovu tanıdan rollardan sayılır.


Sadıq Hüseynov -
Bir müddət daha çox uşaqların Savalan babası kimi tanıdığı Sadıq Hüseynov irili-xırdalı, qısametrajlı-tammertrajlı 98 filmə çəkilib. Həmin filmlərdən “Axırıncı aşırım”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Qaçaq Nəbi”, “Evlənmək istəyirəm”, “Qəm pəncərəsi”ni sadalamaq olar. Ömrünün sonunda Dövlət Televiziyasının “Cizgi filmi” buraxılışında Savalan baba kimi özünə rəğbət qazanıb.
Aktyor, film səsləndirən və mətn oxuyan Sadıq Hüseynov da fəxri ad ala bilməyib.


Müxlis Canızadə -
Aktyor olmaqla yanaşı, pedaqoq və bədii qiraətçi kimi də tanınan Müxlis Canızadə kino üçün əlindən gələni etsə də, sonradan öz layiqli qiymətini ala bilmədi. Əməkdar artistin bu gün xalq artistləri olan tələbələri də bunu təsdqiləyir: “Əsl dost”, “O olmasın bu olsun”, “Yenilməz batalyon”, “Arxadan vurulan zərbə”, “Ögey ana” filmlərində çəkilən aktyor sonradan ögey münasibətin qurbanı olub. 


Elçin Məmmədov
- İxtisasca rəssam olsa da, bir çox filmlərdə sanballı obrazlar yaradan Elçin Məmmədov böyük kino ustaları Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb. O, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. Cəmi 54 il ömür sürən Elçin Məmmədov çox təəssüf ki, ancaq kino biliciləri və mədəbniyyət adamlarının yaddaşında qalıb. Amma geniş kütlənin də “Yeddi oğul istərəm”dəki  Mirpaşa, “Dədə Qorqud”dakı Qaraca çoban rollarını kimin oynamasını bilməsi pis olmazdı...

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi