Modern.az

“Gürcüstan-Azərbaycan Konfederasiyasının yaradılması təklifi yalnız ideya olaraq qalır”

“Gürcüstan-Azərbaycan Konfederasiyasının yaradılması təklifi yalnız ideya olaraq qalır”

Parlament

16 Sentyabr 2010, 12:37

Müsahibimiz Milli Məclis (mm) sədrının müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Bahar Muradovadır.

- Bahar xanım, bir müddət öncə dövlət başçısının Gürcüstana səfəri zamanı sözügedən ölkənin prezidenti Mixail Saakaşvili tərəfindən Gürcüstan-Azərbaycan Konfederasiyasının yaradılması  təklifi ortaya qoyuldu. Sizcə bu ideyanın reallaşma ehtimalı varmı?
- Bilirsiniz, bu cür təkliflər təkcə Gürcüstan və Azərbaycan rəsmiləri arasında yox, digər başqa ölkələrin, tamamilə bizdən uzaq, okeanın o tayında olan dövlətlərin rəsmi şəxslərinin də müzakirələrində səsləndirilə bilər. Amma səslənən bütün ideyalar heç də həmişə reallaşmır və yaxud da bu ideyalar situasiyadan yeganə çıxış yolu kimi görünmür. Hər halda, belə bir fikir ortalıqda var, amma, bu, ideya olaraq da qalır. Mən bunun hələ konkret müzakirə predmeti olduğunu düşünmürəm, o cümlədən Azərbaycanın da bu məsələ ilə bağlı rəsmi mövqeyinin olmadığı üçün hər hansı bir fikir səsləndirə bilmirəm.
- İstər müxalifət düşərgəsində, istərsə də iqtidar cinahında təmsil olunan bəzi nüfuzlu şəxslər müxtəlif zamanlarda Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ideyasıyla çıxış ediblər. Bu ideyanın gerçəkləşməsi necə, mümkündürmü?

- Mən özlüyümdə Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasının və fəaliyyət göstərməsinin tərəfdarıyam. İndi dünya 10 il, 20 il bundan əvvəl bizim təsəvvür etdiyimiz səviyyədə deyil. Artıq bəzi ölkələr üçün sərhədlər əhəmiyyətsiz bir məsələ kimi qəbul olunur. Bu ölkələr indi hansısa bir böyük birlikdədirlər. Biz də onlardan xeyli əvvəl belə böyük bir birlikdə olmuşuq və sərhədlərin, ərazilərin nəzərə alınmadığının, yaxud da başqa maraqlar üçün başqa şəkildə hesablandığnın acısını çəkmişik. Ona görə düşünürəm ki, biz hələ müstəqil dövlət olmaq hüququndan tam mənada yararlana bilməmişik, ən azı, taleyin bizə bəxş etdiyi bu qisməti bütün mənalarında istifadə etməmişik. Mən, əslində, bir fərd olaraq, müstəqil Azərbaycan dövlətinin yaşamasının tərəfdarıyam. Gələcəkdə nə olacaq, nə baş verəcək, konfererasiyalarmı yaranacaq, digər birliklərmi formalaşacaq, hər halda, mən bunları indilikdə təsəvvür etmirəm və görmürəm.
- Bahar xanım, bəs altı müstəqil türk dövlətinin Avropa Birliyi modelinə bənzər Türk Birliyi modelində birləşməsini real sayırsınızmı?
- Bəli, bu tip birlikləri mümkün saymaq olar. Bu cür birliklər elə bizim də istəyimizdir. İstəyimiz odur ki, məhz həmin mənada Türk Birliyi yaransın, formalaşsın. Bu birlik hansısa başqa ölkələrə qarşı yönəlmiş birlik yox, sadəcə, bu birlikdə birləşən ölkələrin tarixən mövcud olan mədəniyyət, dil, din, adət-ənənə oxşarlığını, bənzərliyini nəzərə alaraq, bu yaxınlıqdan həm bu ölkələrin qarşılıqlı əlaqələri, həm də dünyada gedən proseslərdə vahid mövqedən iştirakı nöqteyi-nəzərindən bir amil kimi istifadə etməsinə yönələn bir bilik olsun. Bu istiqamətdə də, demək olar ki, artıq müəyyən addımlar var. Bildiyiniz kimi, biz TürkPA-da, TÜRKSOY-da birləşirik, türkdilli dövlətlərin başçılarının görüşlərində, zirvə sammitlərində qəbul olunan sənədlərdən irəli gələn vəzifələri yerinə yetirmək dövründəyik, mərhələsindəyik və sair, amma bütün bunlar bura daxil olan dövlətlərin müstəqilliyini, suverenliyini, mövcudluğunu nəzərə alır. Bu tip birliklər nə bizim müstəqilliyimizə, nə bizim suverenliyimizə hansısa bir zərrə qədər xələl gətirir. Belə birliklərə Azərbaycan daxil olur, əməkdaşlıq edir. Bu gün Azərbaycan Avropa Şurasının, ATƏT-in, İslam Konfransı Təşkilatının, digər qurumların, parlament assambleyalarının üzvüdür. Odur ki, bu cür birliklərin üzvü olmaq Azərbaycana daha geniş əlaqələrini qurmaq imkanlarını yaradır. Bir sözlə, biz məhz bu cür birliklərin tərəfdarıyıq.
- Yadınızdadırsa, bir müddət öncə Azərbaycana səfərində,  o cümlədən parlament rəhbərliyi ilə görüşlərində Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov Xəzər Dənizi Hövzəsi Ölkələri Parlament Assambleyasının yaradılması təklifi ilə çıxış etmiş və keçirdiyi brifinqdə bu təklifin Azərbaycan tərəfindən də qəbul olunduğunu bildirmişdi. Bu baxımdan bilmək istərdik ki, bu təklifin reallaşdırılması yönündə hansısa addımlar atılırmı?

- Bilirsiniz, əgər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası varsa, niyə də Xəzər Dənizi Hövzəsi Ölkələri Parlament Assambleyası olmasın? Bu cür birliyin yaranmasında heç bir problem yoxdur və görmürəm. Bununla yanaşı, çox yaxşı olardı ki, ilk öncə Xəzər hövzəsi ölkələri Xəzərlə bağlı problemləri çox rahatlıqla həll edəydi, bunlar arasında nə sərhəd məsələləri, nə iqtisadi məsələlər, nə də digər problemlər qalaydı və məhz bundan sonra bu cür assambleya yaranaydı. Yaxud da belə bir birlik yaransaydı, bu ölkələr arasında mövcud problemləri həll etmək bəlkə daha rahat, daha asan olardı. Hər halda bunlar biri digərini stimullaşdıran addımlardır. Odur ki, bu kimi fikirlərin səslənməsini normal qəbul edirəm, amma, eyni zamanda hesab edirəm ki, bu fikirlərin reallaşması üçün səmimi şəkildə səylər də ortaya qoyulmalıdır.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi