Modern.az

Tanınmışlar hansı medianı daha etibarlı mənbə sayırlar?

Tanınmışlar hansı medianı daha etibarlı mənbə sayırlar?

Media

16 Sentyabr 2010, 13:16

Son illər Azərbaycanda mətbuat vasitələrinin sayı xeyli artıb, yeni media quruluşları yaranıb. Auditortiya əvəllər informasiyaları daha çox qəzetlər və televiziyalardan öyrənirdisə, indi agentliklər, internet portalları da çoxdur. Artıq məlumatları televiziya, radio, qəzet, informasiya agentliyi, internet portallarında fərqli təqdimatla almaq olur.
Modern.az bəzi tanınmış şəxslərə “Hansı medianı daha etibarlı mənbə sayırsınız” sualı ilə müraciət edib. Onların subyektiv fikirləri belə olub:

Millət vəkili Sabir Rüstəmxanlı: “Bu sahədə ən etibarlısı elektron medianı hesab edirəm. Mən bütün medianı oxuyuram və müqayisə edirəm. Qəzetlərin əksəriyyəti internetdəki yazıları götürüb öz səhifələrində yerləşdirirlər. Bizim partiyanın qəzeti isə obyektiv olmağa çalışır. Məncə yaxşı qəzetlərimiz də var: “Ayna-Zerkalo”, “525-ci qəzet”.  Bunlar nisbətən daha yaxşıdır. Mən İctimai Televizya və ANS kanalını digərlərindən üstün bilirəm”.  

“Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz
: “Bu gün Azərbaycanda mənim bəyəndiyim və bəyənmədiyim media orqanları çoxdur. Mən ad çəkə bilmərəm. Çünki elə qəzetlər var ki, mən onların bəzi yazıların bəyənirəm, amma bir də görürsən ki, bu qəzetdə yalan şeylər də yazılır. Buna görə ad deyə bilmərəm. İnanın belə şeylər dəfələrlə olur. Buna görə konkret deyə biləcəyim ad yoxdur”. 

Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu: “Efir məkanında olan TV-lərin əksəriyyətini izləyirəm. Qəzetləri də maddi durumum imkan verdikcə, alıb onları da oxuyuram. İnternetdə informasiya saytlarını da izləyirəm.
TV-lərdən ANS, İTV və AzTV-yə baxıram. Hər biri özlüyündə maraqlı verilişlərlə yadımda qalır. Qəzetlərdən isə iqtidar və müxalifətyönlü qəzetləri oxuyub müqayisə edirəm. Daha çox analitik yazılara üstünlük verirəm. Ad çəkmək istəmirəm”.  

Millət vəkili Nizami Cəfərov: “Hamısına, eyni zamanda heç birinə etibar etmirəm. Həm etibar edirəm, həm də etibar etmirəm. Baxır nədə. Müəyyən informasiyalar verilir. O informasiyaların böyük hissəsini özüm qabaqcadan, mətbuatsız bilirəm. Mətbuata ikinci informasiya mənbəyi kimi baxıram. Hətta mətbuatı təftiş etmək imkanım var. Çox şeyləri daha dəqiq bilirəm. Tək Azərbaycan mətbuatı yox, mən tanıdığım dünya mətbuatı belədir. Yəni ikinci informasiya mənbəyidir. Çap mətbuatındakı məlumatlar TV-lərin, internet mediasının informasiyaları əsasında qurulur. Mətbuat həmişə nəyisə verir, nəyisə vermir. Onu da deyim ki, bütün dünya belədir.
Qaldı ki, ən etimad etdiyim KİV-ə bu, AzTV-dir. AzTV-nin efirində verilən rəsmi məlumatlar daha dəqiqdir. Onun ardıncada gəlir “Azərbaycan” qəzeti. Digərlərinə isə sadəcə aradabir baxıram ki, cəmiyyətdə nə baş verdi. Ən çox da Milli Məclisin qanunlar toplusu ilə maraqlanıram”.  

Yazıçı Seyran Səxavət
: “Düzünü deyim? İctimai rəyi formalaşdırmaq üçün gərək öncə özünü formalaşdırasan. KİV-in hamısı Azərbaycanda qatığa qara deyir. Mənim etibar edə biləcəyim, heç bir KİV yoxdur. Yəni yola çıxa biləcəyim KİV yoxdur, bunlar adamı yolda qoyub qaçar. 65 yaşım var, amma elə bu yaşımda nə elə bir qəzet, nə elə bir TV, nə elə bir radio, nə elə bir jurnal var. Mən populizm xatirinə demirəm. Bunlar həqiqətdir”.  

Aydınlar Partiyasının sədri Qulamhüseyin Əlibəyli
: “Xüsusi fərqləndirmək istəmirəm. Elə bir tam etibarlı KİV də tanımıram. Hamısında həm doğru, həm də yalan məlumat gedir”.  

Ədalət Partiyasının sədri İlyas Ismayılov
: “Hər hansı KİV-ə üstünlük vermək çox çətindir. Bizdə hələ mətbuat formalaşmayıb, formalaşma prosesindədir. Azərbaycanda cəmiyyətə aydın, qərəzsiz informasiya vermək istəyən mətbu orqanlar çox azdır. Bunun əksinə olaraq daha çox qərəzli məlumatlar verilir. Biz formalaşma prosesini hələ qurtarmamışıq. Digər tərəfdən də ad çəkməkdə çətinlik çəkirəm”.  

Millət vəkili Lalə Abbasova
: “Öz qəzetim -“Qadın dünyası” qəzeti ən etibarlısıdır. Dövlət qəzetlərinə inanıram. Ancaq “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinə yox, orada nə düzdür? Mən bu qəzetlərdən başqa qəzetləri oxumuram da”.  

Vüqar AĞAMALIOĞLU
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı