Modern.az

Tərcümə Mərkəzinin I mükafatını alan tələbə: “12 qız arasında tək oğlan tələbə olmağımdan üzülmüşdüm, amma seçimim doğruymuş”

Tərcümə Mərkəzinin I mükafatını alan tələbə: “12 qız arasında tək oğlan tələbə olmağımdan üzülmüşdüm, amma seçimim doğruymuş”

3 Aprel 2015, 10:02

“Qazandığım qalibiyyətə görə məhz Azərbaycan Dillər Universitetinə borclu olduğumu düşünürəm”


Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Təvəkgül Zeynallı Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” tərcümə müsabiqəsində I mükafata layiq görülüb. Tələbə ən yaxşı nəsr əsərinin orijinaldan tərcüməsi nominasiyasında birinci yerə Şevrud Andersonun “Allahın qüdrəti” hekayəsinin tərcüməsinə görə layiq görülüb.
ADU tələbəsinin və tanınmış tərcüməçilərin iştirak etdiyi müsabiqəyə ingilis, rus, polyak, ispan, alman, fransız, fin, ərəb, fars, özbək, türk dillərindən edilən 115 tərcümə əsəri təqdim olunub.

Müsabiqə 3 mərhələdə keçirilib. Birinci mərhələdə təqdim olunan əsərlərin orijinala adekvatlığı Mərkəzin dil ekspertləri və ölkənin dilçilik üzrə mütəxəssisləri tərəfindən yoxlanılaraq qiymətləndirilib. İkinci mərhələdə 115 əsərdən 20-si seçilib. Üçüncü mərhələdə isə münsiflər heyəti həmin 20 əsərdən 10-nunu, daha sonra qalib əsərləri seçib. Müsabiqə qalibinin tərcümələri kitab halında nəşr olunacaq.

Təvəkgül Zeynallı 1994-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Nursu kəndində anadan olub. 2000-ci ildə Xəzər rayonu 149 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2011-ci ildə məktəbi bitirərək 625 balla Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə daxil olub. İngilis dilindən ilk tərcümələri (Şervud Anderson “Macəra”, “Ləyaqət”, Ernest Heminquey “Körpüdəki qoca”, “Bir günün nigarançılığı”) “Yazı” (2013. N 2), “Ulduz” ( 2014. N 2), “Azərbaycan” (2014. N 6), “Xəzər” (2014. N 1) jurnallarında və bir sıra ədəbi saytlarda yayınlanıb. Hal-hazırda XX əsr Amerika hekayələrinin tərcüməsindən ibarət kitab üzərində işləyir.

Çalışqan tələbə qalibiyyətdən sonra sevinc hisslərini Modern.az-a bölüşüb: “Düzün desəm, 4 il əvvəl Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə daxil olmağım barədə xəbəri alanda çox da sevinməmişdim. Aşağı siniflərdə oxuduğum vaxtlardan əsas məqsədim beynəlxalq münasibətlər fakültəsinə daxil olmaq idi. 11-ci sinifdə, imtahan hazırlıqlarının ən gərgin zamanlarında bu fakültənin III qrupdan çıxarıldığını eşidəndə çətinliklə də olsa, diqqətimi digər fakültələrdən biri olan Hüquqa yönləndirdim. Amma qəbul imtahanında topladığım bal (625 (XH), 615 (DT)) Hüquq fakültəsinə daxil olmaq üçün kifayət etmədi. Nəticələr elan ediləndə keçirdiyim təəssüf hissinə, sonralar I kursun ilk günlərində 12 qız arasında yeganə oğlan tələbə olaraq keçirdiyim təklik hissi, çətin dərslərlə baş-başa qaldığım zaman öz iradə və gücümə qarşı ilk dəfə duyduğum şübhə hissləri də əlavə edildi.
 Amma çox keçmədən, təxminən I kursun sonlarında heç cür bitib-tükənməyən dərsləri çatdırmağa çalışarkən yuxusuz qaldığım gecələrin, hər gün eyni auditoriyalarda tək-tənha keçirdiyim uzun saatların boşuna getmədiyini və mənə çox şeylər öyrətdiyini anladım. Və çox keçmədən hər səhər qapısından içəri girərkən gördüyüm o doğma həyətə, həyətdəki skamyalara, payızda yarpaqlarını tökməyən və qışın yağışlarında yuxarı mərtəbələrdəki auditoriyalardan, yazın günəşli günlərində 205-ci otaqdan baxarkən məni tamam başqa xatirələrə aparan ağacların gözəlliyinə, bir sözlə Azərbaycan Dillər Universitetinə aid olan hər şeyə vuruldum. ADU-ya qəbul olunarkən yaşamadığım sevinci də məhz sonralar Universitetdə təhsil aldığım müddətdə duydum. Qəbul olunandan sonra bu fakültənin qədrini bildim. Həm də bədii əsərləri də orijinaldan oxuyanda başa düşdüm ki, ayrı zövqdür. Sonra tərcüməyə marağım yarandı, 2-ci kursdan artıq tərcümələr etməyə başladım: Şervud Andersonun hekayəsini tərcümə etmişdim. Zövqünə güvəndiyim insanlar, fakültə dekanımız tərcümələrimi təriflədi. Bu təriflərdən sonra Ernest Heminqueyin iki hekayəsini, Andersondan daha bir hekayə çevirdim. Şübhəsiz ki, Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsi seçimimin doğru olduğuna Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin keçirdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsində I yeri tutarkən daha da əmin oldum.
Bədii tərcümə müsabiqəsində qazandığım qalibiyyətə görə məhz əziz Universitetimə, tərcümə fakültəsində verilən yüksək təhsilə, bütün müəllimlərimə borclu olduğumu düşünür, onlara və xüsusən də mənim bədii tərcümələrimi ən çox dəyərləndirən, ən çox tərifləyən və bu təriflərlə məni bədii tərcümə işinə daha da həvəsləndirən Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevə böyük təşəkkürümü bildirmək istəyirəm”.


Yeganə Oqtayqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir