Modern.az

Gültəkin Hacıbəyli Elman Rüstəmovu istefaya göndərə biləcəkmi?!

Gültəkin Hacıbəyli  Elman Rüstəmovu istefaya göndərə biləcəkmi?!

Aktual

5 Aprel 2015, 22:01

Namidə  BİNGÖL

 

İnsanın içində inamın olması gözəl hissdir. Vay o gündən ki, həyata, yaşamağa və ətrafımızdakılara olan inamımızı itirək. Ən böyük fəlakət o zaman başlayır.


Həftənin siyasi hesabatını təqdim edirəm.  

Milli Şura yola saldığımız həftənin bazar gününə təyin etdiyi mitinqə start verdi. Amma, gecədən başlayan külək əməlli var-gəl edirdi. Küləyin vıyıldamasına baxmayaraq,  demokratik düşüncəyə sahib olan Milli Şura üzvləri “Məhsul” stadionunda keçən dəfəki mitinqin davamı olaraq bahalaşma əleyhinə meydana axışdılar.  

AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli,  Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli  stadionda  sıralanıb çıxış etdilər.    

Xanım Hacıbəyli Milli Bankın sədri Elman Rüstəmovun “Azərbaycan manatı deyil, nefti devalvasiyaya uğrayıb” fikrinə qarşı çıxaraq  devalvasiyaya uğrayan Azərbaycan iqtisadiyyatı olduğunu deyib.  

Təbii, xanım Hacıbəylinin fikirlərinə hörmətlə yanaşıram və  qısa xatırlatma etmək istəyirəm ki, növbəti 5 ildə də Elman Rüstəmov Milli Bankın sədri postunda qərarlaşacaq.  

Gültəkin xanım, sizin çıxışınızdan sonra Elman Rüstəmovun istefa verməsi heç də  inandırıcı deyil.  Bəlkə, ürəyinizdən Milli Bankın sədri olmaq keçir?!. Niyə də olmasın.

Keçmiş deputat olaraq hər hansı vəzifə  postunda qərarlaşmaq istəyiniz normaldır.  

Yeri gəlmişkən, aprelin 5-nə təyin olunan mitinqdə nə Müsavat, nə  də KXCP  rəsmilərini görə bildik.  O səbəbdən ki, adıçəkilən partiyalar Milli Şuranın mitinqinə  qatılmayacaqlarını öncədən bəyan etmişdilər. Digər tərəfdən isə  açıq etiraf etməliyik ki, bu partiyaların bir  araya gələ bilməməsi onu göstərir ki, bunların bir-birinə olan inamı çoxdan tükənib. İnkar etsələr belə, görünən dağa bələdçi lazım deyil.  

Arif Hacılı nə demək istəyir ki?!  

Müsavat başqanı Arif Hacılı da sanki görünən dağa bələdçi axtarır.  Yox, yox yola saldığımız həftə ərzində onun səsi  mitinqdən, filandan gəlmədi. Sadəcə, mətbuata verdiyi müsahibədə deyir ki, hakimiyyət müxalifət partiyalarının, xüsusilə də,  Müsavat Partiyasının fəaliyyətinə hər vasitə ilə problemlər yaratmağa çalışır. Müsavat başqanının söylədiyi fikirlərə də hörmətlə yanaşıram. Amma, burda bir əmma var.    

Arif Hacılının suçladığı hakimiyyətin müxalifətlə dialoqunda iqtidira müxalif olan kifayət qədər partiya iştirak edirdi.   Maraqlıdır ki,  Müsavat və AXCP çiyinlərini bir tərəfə çəkib iqtidar-müxalifət dialoquna qatılmasalar da, öz aralarında da ortaq məxrəcə gələ bilmirlər.  Deməli, ortada böyük inamsızlıq hökm sürür.  

Deputatların Milli Məclisdəki çıxışı  

Yola saldığımız həftə Milli Məclis üzvləri üçün də məhsuldar keçdi. Novruz bayramından sonra deputatlar bir araya gəldi. Məsələn, deputat Elmira Axundovanın çıxışı maraqlı oldu. Xanım deputat deyir ki, “Bakcell” mobil telefonlara gələn mesajlara son qoysun. Əks halda, “Bakcell”i məhkəməyə verəcəm”. Göründüyü kimi, xanım deputat fikirlərində israrlıdır. Bundan sonrasını “Bakcell” düşünsün.

Deputat Fazil Mustafa isə qeyri-adi addımı ilə seçildi. Yeganə deputat olaraq Milli Məclisdə Milli Bankın  İdarə Heyətinin üzvlüyünə Elman Rüstəmovun yenidən seçilməsinin əleyhinə səs verdi.  

Bəziləri üçün təzə xəbər olmasa da deputat Zahid Oruc televiziyalarda şou verilişlərinin çox olmasını söylədi. Beləliklə, Milli Məclisin növbəti plenar iclası da geridə qaldı.  

Yazıçı hara, futbol hara!

Həmçinin, həftənin ən səs-küylü şokyaradıcı xəbəri tanınmış yazıçı Çingiz Abdullayevin “Neftçi”nin Müşahidə Şurasının sədri seçilməsi oldu. Necə deyərlər, xəyal etmədiyimiz xəyallar belə çox zaman gerçək olur.   Boş-boşuna şokyaradıcı xəbər demədim. Cəmiyyətdə birmənalı qarşılanmayan bu xəbər hər kəsin mimikasında qəribə bir mənzərə yaratdı.  Kimi təəccübləndi, kimi ağzını əydi, kimi də  bəlkə, futbolumuzun  uğuru onun  “Neftçi”yə rəhbər təyin olunmasındadır dedi.  

Bir sözlə, dedektiv əsərlərin müəllifi olan yazıçı hara, futbol hara.   Yəni, azarkeşlərin inamını doğrultmaqda acizlik nümayiş etdirən futbolumuza Çingiz Abdullayev yeni nəfəs verə biləcəkmi?!  Maraqlıdır ki, barmaqlarının ucunda qələm tutmağı mahircəsinə  bacaran  yazıçı Çingiz Abdullayev, toz-torpağa bulaşan topun  qələbə hədəfini müəyyənləşdirə biləcəkmi?!

Hər halda, futbol istedad olduğu qədər, həm də istedad deyil. Yaşıl meydançada futbol oynamağı bacarmaq lazımdır. Yəni futbol da qumar kimidir. Ard-arda gələn qələbələrin məğlubiyyəti qaçılmazdır.   Yazıçılıq isə fitri istedaddır. Əli qələm tutan hər adamın beynində yaxşı əsərlər səhnələşmir. Görünür, Çingiz Abdullayev dedektiv əsərlərin müəllifi olaraq bütün bunları çox yaxşı analiz etməyi də bacarır.  

Mətbuata verdiyi açıqlamalardan belə demək olar ki, Çingiz Abdullayevin içində Azərbaycan futbolunu diriltmək eşqi var. Sadəcə, dünya şöhrətli yazıçının  Azərbaycan futbolunu dünya çapında tanıtmasına inanmaqdan başqa çarəmiz yoxdur.

     

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?