Modern.az

Sərkisyan bunu icazəsiz etsə, Putin QƏZƏBLƏNƏCƏK

Sərkisyan bunu icazəsiz etsə, Putin QƏZƏBLƏNƏCƏK

8 Aprel 2015, 10:27

“İrana qarşı sanksiyaların aradan qaldırılmasından sonra mən rəsmi Tehranın Cənubi Qafqazda hər hansı fəallıq göstərəcəyini gözləmirəm. İndiki şəraitdə geosiyasi aktivlik  baxımından İranın Cənubi Qafqazda rolu böyük deyil. Çünki Cənubi Qafqaz İranın maraq dairəsinə daxil deyil”.

Modern.az-ın məlumatına görə bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Sergey Markov deyib.

Ekspert İran qazının Ermənistan vasitəsi ilə Avropa bazarlarına çıxarılması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə enerji məsələləri ilə bağlı müqavilələr Rusiyanın iştirakı olmadan həyata keçiriləcəksə, bu zaman Kreml proseslərə qarşı çıxacaq. Rusiyanın Ermənistana çox ciddi şəkildə yardım etdiyini xatırladan politoloq bildirib ki, rəsmi Yerevan özünün geosiyasi məsələlərinin həllində Moskvanın da maraqlarını nəzərə almalıdır. 

“Əgər Ermənistan Rusiyanın maraqlarını nəzərə almadan İranla qaz sahəsində hər hansı razılıq əldə etsə, bu rus-erməni münasibətlərini təhlükə altına qoyacaq”, -deyə o söyləyib.  

Sergey Markov Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyi də şərh edib. Analitikin fikrincə, cəbhə xəttindəki gərginlik bölgədə genişmiqyaslı müharibənin başlanması təhlükəsini yaratmır. 

“Genişmiqyaslı müharibə həm Azərbaycan, həm də Ermənistanda ciddi iqtisadi problemlər yarada bilər. Buna görə də genişmiqyaslı müharibə ehtimalını görmürəm”.  

Politoloq hesab edir ki, Fransa son zamanlar müstəqil xarici siyasət yürüdə bilmədiyindən, bu, onun ATƏT-in Minsk qrupundakı həmsədrlik fəaliyyətini də sual altına qoyur: “Fransa diplomatiyası indi ABŞ-dan daha çox asılıdır. Bütün bunlar ona gətirib çıxara bilər ki, Fransa ATƏT-in Minsk qrupundan çıxardılsın”.

Qeyd edək ki, İsveçrənin Lozanna şəhərində “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) İran arasında əldə edilən nüvə razılaşmasından sonra bölgədə müsbət tendensiyaların inkişaf edəcəyi haqqında rəylər verilir.

İranın özünün nüvə proqramı ilə bağlı razılığa əməl edəcəyi təqdirdə, ona qarşı sanksiyaların aradan qaldırılması Cənubi Qafqaza da öz təsirini göstərəcəyi gözlənilir. Ekspertlərin fikrincə, bundan sonra İran öz qazını Ermənistan vasitəsi ilə Avropaya çıxarmaq imkanlarına da nail olacaq.  

Aqşin Kərimov    


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir