Modern.az

Ermənistanın ümidləri boşa çıxır: “Qarabağı da itirə bilərik”

Ermənistanın ümidləri boşa çıxır: “Qarabağı da itirə bilərik”

Aktual

10 Aprel 2015, 16:18

İranın özünün nüvə proqramı məsələsində  “altılıq” ölkələri ilə əldə etdiyi razılıqdan sonra Ermənistanın bundan iqtisadi dividentlər əldə edəcəyinə ümidləri artır. Belə ki, rəsmi Tehrana qarşı sanksiyalar aradan qaldırılırsa, İran qazının Ermənistan üzərindən Avropaya nəql edilməsi proqnozları verilir. Təbii ki, belə proqnozlar iqtisadi blokadada olan Ermənistan üçün ümidverici olmaya bilməz.

Lakin Ermənistan siyasi çevrələrində baş qaldıran sevincin uzun sürməyəcəyi şəksizdir. Birincisi ona görə ki, İranın nüvə proqramı ilə bağlı yekun razılaşma hələ əldə edilməyib.

Digər tərəfdən isə İranın nüvə proqramı ilə verdiyi vədə hansı dərəcədə əməl edəcəyi hələ də sual altındadır. Əgər İran Qərblə anlaşmaya riayət etməsə, ona qarşı sanksiyaların aradan qaldırılması gözlənilmir.  

Fərz edək ki, həqiqətən də İranla Qərb nüvə proqramı ilə bağlı yekun razılaşmaya imza atır, Tehran bunun şərtlərinə əməl edir və bundan sonra həqiqətən də İran qazının Ermənistan üzərindən Avropaya daşınması aktuallaşır. Ancaq Ermənistan heç şübhəsiz, Rusiya amilini də nəzərə almamış deyil.

Əgər Ermənistan Rusiyanın icazəsi olmadan İranla hər hansı enerji layihəsinə qoşulsa, Kreml bundan qəzəblənəcək.

Rusiyalı ekspert Sergey Markov hesab edir ki, Ermənistan belə bir addıma atarsa, bu, Rusiyanın dövlət maraqlarının əleyhinə çevriləcək.

Ermənistan nəşrləri də gözlənilən yeni Rusiya təhlükəsi ilə bağlı Yerevan administrasiyasına xəbərdarlıq etməkdədir.  

7or.am saytı Ermənistanın Rusiyadan hərbi, siyasi, iqtisadi sahədə asılı olduğunu xatırladaraq yazıb ki, rəsmi Yerevan Tehranla birgə  enerji layihəsində iştirak edəcəksə, daha da dərindən təcrid olunma vəziyyətinə düşəcək.

Məqalədə qeyd edilib ki, Ermənistanın bütün sferalarda təhlükəsizliyinin təmin olunması məhz Rusiya ilə bağlıdır.  

“Buna görə də illüziyalarla əzab çəkmək lazım deyil. Ermənistan İranla hər hansı layihədə iştirak etsə, yeganə müttəfiqimiz olan Rusiya ilə münasibətlər gərginləşəcək. Ermənistan Rusiyaya qarşı yönəlmiş və Qərbin xeyrinə olan layihəyə girməyə qərar verəcəksə, bizim üçün Ukrayna ssenarisi qaçılmazdır.

Biz təkcə Qarabağı yox, Ermənistanın özünü də itirə bilərik”,-deyə bildirilib.     

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir