Modern.az

"Biz hər dəfə maraqlıyıq ki, öz gücümüzü nə qədər artırdığımızı sınayaq"

"Biz hər dəfə maraqlıyıq ki, öz gücümüzü nə qədər artırdığımızı sınayaq"

Parlament

17 Sentyabr 2010, 17:59

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycandakı seçkiqabağı durum çox yaxşıdır:

«Mən bunu çox müsbət bir dövr kimi qiymətləndirirəm və hesab edirəm ki, seçkiqabağı mühit özünün bütün əlamətləri ilə seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu göstərir. İstər hakimiyyət orqanları, istər seçki strukturları, istərsə də seçkilərdə iştirak edəcək fərdlər, insanlar, siyasi partiyalar, bloklar tərəfindən seçkilərə ciddi hazırlıqlar görülür. Yeri gəlmişkən, mən seçkilərlə bağlı bloklaşma cəhdlərini də normal yanaşıram. Hərçənd ki, biz öz partiyamızın seçkilərdə ayrıca şəkildə iştirakına hər zaman üstünlük vermişik və şəxsən mənim də qənaətim belədir ki, hər bir partiya öz gücünü ayrılıqda sınayanda, bu, seçicilərə daha yaxşı seçim etmək imkanı verir. Həmçinin partiyanın öz gücünü sınaması üçün də çox yetərli, kifayət qədər ciddi bir proses olur. Biz bu baxımdan hər dəfə maraqlıyıq ki, öz gücümüzü nə qədər artırdığımızı sınayaq. Bu mənada biz bir partiya olaraq seçkilərə ayrılıqda, müstəqil qatılırıq. Amma bununla belə, bloklaşmalara da normal yanaşırıq. Şəxsən mən belə hesab edirəm ki, digər, sayca üzvləri, yəni, sosial dayaqları az, məhdud olan və siyasi baxışları uyğun gələn partiyaların bloklaşmasında da bir qüsur yoxdur. Bunun özü seçki prosesinin nə qədər rəngarəng olacağını göstərir».

Vitse-spikerə görə, ölkədəki mövcud durum seçkilərin demokratik və ədalətli keçiriləcəyinə imkan verir.

“Bizim artıq özümüzün çox mükəmməl seçki təcrübəmiz var: bütövlükdə Azərbaycan xalqı və dövlətinin, eləcə də seçkilərdə iştirak edən subyektlərin. Bu mənada hər kəs öz vəzifəsinin nədən ibarət olduğunu, mənə elə gəlir ki, bilir. İştirakçılar da, səs verəcək insanlar da, dövlət qurumları da və digərləri də. Bu gün artıq bu funksiyalar bu qurumlar arasında konkretləşib və onların sərhədləri tam, açıq şəkildə bəllidir. Kimin hüququ harda başlayır, harda bitir, kimin səlahiyyəti harda başlayır, harda qurtarır və kim vəzifəsini necə icra etməlidir, bu sahədə təsəvvürlər getdikcə daha artıq dərəcədə formalaşmaqdadadır. Ən əsası Azərbaycan seçicisi seçim etmək imkanını əldə etməklə yanaşı, bu imkandan necə yararlanmaq mexanizmlərinə də malikdir və onun iradəsinə kənardan hansısa təsir göstərmək qeyri-mümkündür. O seçici hər kəsi dinləyə, hər kəsin plan-proqramlarını eşidə bilər, amma qərarını özü verir. Yəni, əsas odur ki, seçicinin öz iradəsini ifadə etməkdə hansısa məhdudiyyətlər, hansısa təzyiqlər, hansısa maneələr yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bəli, noyabrın 7-də Azərbaycanda şəffaf, azad, ədalətli və demokratik seçkilər keçiriləcək».

Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?