Modern.az

Rəfael Hüseynov: «Səviyyəsizlərin sayı artıb»

Rəfael Hüseynov: «Səviyyəsizlərin sayı artıb»

Parlament

17 Sentyabr 2010, 18:08

Millət vəkili televiziya verilişlərində plagiatlıq hallarının artmasından narahatdır

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin parlamentin payız sessiyası ilə bağlı  bu gün keçirilən ilk iclasında 3 məsələnin -  Mədəniyyət komitəsinin 2010-cu ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı, Mədəniyyət komitəsinin 2010-cu ilin payız sessiyasında qanunvericilik işləri planı haqqında və «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanuna dəyişikliklər və əlavələr edilməsi barədə» qanun layihəsinin müzakirəsi keçirilib.

MM-in Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov ilk məsələ haqda bildirib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitənin 3 iclası keçirilib, komitə üzvləri tərəfindən 24 vətəndaş qəbul edilib, eyni zamanda, komitəyə vətəndaşlardan idarə və təşkilatlardan 80 ərizə, şikayət, müraciət daxil olub. N.Cəfərovun qeyd etdiyinə görə, bunlar komitənin faktiki gördüyü işlərdir, ancaq bununla belə, komitə üzvləri bir sıra qanun layihələrilə bağlı mətbuat müzakirələrində çox akti və yaxından iştirak ediblər. Konkret olaraq, «Adlar və soyadlar haqqında» qanun layihəsi ətrafında mətbuatda çeşidli müzakirələr gedib və komitə üzvləri, o cümlədən şəxs özü həmin müzakirələrdə aktivlik göstərib. Həmçinin, «Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqnında» qanun layihəsi ətrafında diskussiyalar aparılıb və bu sənəd hələ də komitənin gündəliyindədir. Komitə sədri «Mədəniyyət haqqında» qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsəsi ilə bağlı da işlərin, müzakirələrin getdiyini, ümumiyyətlə, bu sənədə dəyişikliklərə ciddi ehtiyac olduğunu dilə gətirib.

Komitənin sədr müavini Rəfael Hüseynov komitənin ötən dövr ərzindəki fəaliyyətini əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, komitənin gördüyü işlər həcm etibarilə kiçik olsa da, mahiyyət etibarilə böyük sayıla bilər.

Sonra ikinci məsələ barədə məlumat verən N.Cəfərov payız sessiyasında çox az iclasın olacağını bildirməklə yanaşı, bu qısa dövr ərzində «Mədəniyyət haqqında» dəyişiklikləri nəzərdə tutan yeni qanun layihəsinin ən azı komitə səviyyəsində müzakirəsinin vacibliyini söyləyib.

Sonuncu - 3-cü məsələ haqda məlumat verən MM Aparatının əməkdaşı isə deyib ki, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanuna bir sıra əlavə və dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliklərə görə, sözügedən qanundan «plagiatlıq» anlayışının çıxarılması, həmçinin, müvafiq qanuna «interaktiv bildiriş», «efirlə bildiriş», «kabelə bildiriş» sözlərinin əlavə olunması təklif olunur.

Komitə üzvü Jalə Əliyeva adıçəkilən sənədlə bağlı qeyd edib ki, müvafiq qanunda plagiatlıq anlayışı mütləq olmalı, qorunub saxlanmalıdır. Çünki müharibə dövrünü yaşadığımız üçün bu məsələ öz aktuallığını daim saxlayır.

Həmkarının fikrilə razılaşan R.Hüseynov da plagiatlıq hallarının artdığını bildirib. Onun dediyinə görə, plagiatlıq elementləri daha çox televiziya verilişlərində, proqramlarında özünü göstərir: «Bunlar hamısı əslində səviyyəsizlikdən irəli gəlir. Çox təəssüflər olsun ki, son illər bizdə səviyyəsizlərin sayı artmaqdadır».

Müzakirələrdən sonra komitə sədrinin hesabatı nəzərə alınıb, payız sessiyası üçün qanunvericilik işləri planı təsdiq olunub və adıçəkilən qanun layihəsi plenar iclasa tövsiyə edilib.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi