Modern.az

“Zamanı gələndə qərarımı verəcəm”

“Zamanı gələndə qərarımı verəcəm”

Aktual

13 Aprel 2015, 11:04

Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. 

Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir.

Bu dəfə suallarımıza 69 saylı Cəlilabad-Masalı-Biləsuvar seçki dairəsindən deputat  Fəzail İbrahimli cavab verir.

- Ötən 4 ilə qayıdıb deputatlığa namizəd olarkən seçki platformanızı hansı formada qurmağınız barədə soruşmaq istərdik. Verilən vədlər nə dərəcədə yerinə yetdi?

- Hər bir deputatın səlahiyyəti, əhatə dairəsi və funksiyası var. Mən də deputatlığa namizədliyimi verərkən bunlar daxilində söz vermişdim. Çalışdım ki, bunları qoruyum. Ən əsası odur ki, keçən illər ərzində bir nəfər də olsun seçicim qapı arxasında qalmayıb. Məni həftələrlə gözləməyib. Mənə yaxınlaşıb problemlərini deyən insanlara qanun çərçivəsində imkanım, gücüm daxilində kömək etməyə çalışmışam.

Seçicilərimlə harda görüşməyimizdən asılı olmayaraq  onların əhval-ruhiyyəsinin yüksək olmasına səy göstərmişəm. Fəaliyyətim 3 istiqamətdə olub. Telefonlar, köməkçim və qərargahım vasitəsilə  seçicilərimin problemlərindən agah olmuşam. Doğulduğum, böyüdüyüm Yardımlı rayonu olduğundan mütəmadi olaraq cənub bölgəsinə  baş çəkirəm. İnsanlarla tez-tez ünsiyyətdə oluram. Qohum, dost, yaxın uzaq çevrə mənə hörmətlə yanaşır. Bunların müqabilində insanların tələbatını ödəməyə çalışmışam. İnsanların mənə münasibəti hər zaman mənim üçün stimul olub və üzərimə düşən məsuliyyəti dərk etmişəm. Bəzən Milli Məclisə üz tutan seçicilərim də olub. İnanın ki, həmin seçicilərimin görüşünə 10 dəqiqə belə gecikməmişəm.

- Seçicilərinizin hamısı sizin iş qrafikinizi çox güman ki bilmir. İşdən sonrakı vaxtlarda  müraciət edən seçiciləriniz üçün nə etmisiniz?

- Təbii ki, elə seçicilərim də olub. Şənbə, bazar günlərində Milli Məclisin iş vaxtı olmadığından xəbərsiz olublar. Həmin günlərdə mənə müraciət edənlərin qəlbini qırmamışam. Onlarla müəyyən yerlərdə hətta, yol boyu hərəkət edə-edə, oturub bir stəkan çay içə-içə  problemlərini dinləmişəm. Elə məqamlar olub ki, hər hansısa seçicimin mənə ünvanladığı problemi həll edə bilməmişəm. Bu zaman həmin seçicimin ruhunda olan duyğuya belə sahib olmağa çalışmışam.

- Deməli, sizə aidiyyatı olmayan hər hansı məsələ ilə bağlı yol qət edən seçiciləriniz də olub.

- Səlahiyyətimə aid olmayan məsələlərlə də bağlı müraciətlər çox olur.  Həmin insanların mənim səlahiyyətimə aid olmadığını qavratmağa çalışmışam ki, bu mənim səlahiyyətimə daxil deyil. Müraciət edən hər bir insanı anlamaq lazımdır. Onlar göydə Allah, yerdə də bəndəsinə sığınır. Təbii ki, fərdi istək səviyyəsində edilən müraciətlər daha çox olur. İmkanım daxilində onları başa salmağa çalışmışam.

- Bəs maraqlı müraciətlər olanda nə etmisiniz?

- Mənə edilən təkliflərin hamısı maraqlıdır. Hər bir təklif istəkdən irəli gəlir. Şəxsi, ictimai səviyyədə olan məsələlərlə bağlı müraciətlər, təkliflər hər zaman olub. Təbii ki, bu cür məsələlərə də səmimiyyətlə yanaşmağa çalışmışam. Boş-boşuna danışıb, ümid verib sonra da yerinə yetirməmək kimi vəziyyətim olmayıb.

- 3 rayonun icra başçısı ilə bir deputatın ötən 4 il ərzində münasibətləri də çox maraqlıdır.  

- Əvvəla, icra başçısı ilə necə münasibətdə olmağımı bilmək istəyirsinizsə, öncə, qarşı tərəfə sualı ünvanlayın. Onlar sizə daha dürüst cavab verəcək. Düşünürəm ki, dediklərim təvazökarlıqdan uzaq və özünə bəraət qazandırmaq kimi çıxa bilər.

- O zaman  seçicilərinizin problemləri ilə bağlı icra başçıları ilə hər hansısa məsələdə üst-üstə düşməyən fikirləriniz heçmi olmadı?

- Deyim ki, Biləsuvar, Masallı və Cəlilabad rayon icra  başçıları  ilə münasibətlərim o qədər sivil və yüksək səviyyədədir ki, bunların hər birinə hər hansı vətəndaşla bağlı müraciət edəndə onlar qanunun son hüdudlarına qədər ünvanlanan problemin həllinə çalışıblar. Onların hər birindən çox razıyam. Kifayət qədər mənə hörmətlə yanaşırlar. Arzu edərdim ki, hər bir deputatın təmsil olunduğu rayonun başçıları bu səviyyədə öz deputatlarına qarşı səmimi və diqqətli olsunlar.

- Seçiciləriniz arasında 3 rayonun  icra başçısından  şikayət edənlər olubmu?

- İcra başçılarından şəxsi şikayət edənlər olmayıb. Amma rayonda hər hansı məsələ,  baş verən proseslərlə bağlı şikayətlər olub. Biz də çalışmışıq ki, əl-ələ verib seçicinin istəklərini ödəyə bilək. Rayon icra başçısından asılı olmayan hallar da çox olub. Məsələn, sosial müavinətlərlə bağlı çoxlu problemlər ortaya çıxıb. Çünki seçicilərin bəziləri hüquqları bilmir, bu sosial müavinətlərin kimlərə şamil olunduğundan xəbərsizdir. Ona görə də seçicilərin çoxu qanundan xəbərsiz olduqlarından  sosial müavinətdən yararlanmağa çalışır.

- Ötən 4 il ərzində xarici ölkələrdə hansı işləri gördünüz?

- Avropa Şurası Parlament Assambleyasının üzvüyəm. Təyyarəyə oturub vətənin hüdudlarından kənara çıxanda hər bir insanın qəlbində vətən, dövlət hissi olmalıdır. Digər məsələlər isə Azərbaycanın hava yollarına qədər qalmalıdır. Ordan o tərəfə isə Azərbaycan vətəndaşı olmalı, müstəqil Azərbaycanı təmsil etməli və təəssübkeş olmağı bacarmalıdır. Təkcə mən yox, təmsil olunan 10 həmkarımla birgə çalışmışıq ki, Azərbaycanın haqq işini müdafiə edək.

- Beynəlxalq tədbirlərdə xoşagəlməyən hallarla qarşılaşdığınız məqamlar olubmu?

- Əlbəttə orada bizə qarşı olan qüvvələr var. Xristian təəssübkeşliyi ilə, erməni düşmənçiliyi ilə, erməni lobbilərinin ordakı fəaliyyəti ilə üz-üzə qalmışıq. Bunlara baxmayaraq, çalışmışıq ki, bu məsələlərdə öz sözümüzü deyə bilək. Bacardığımız qədər fəal olmağa çalışmışıq. Nə qədər bacarmışıqsa o bizim istəyimizdən yox, zamanın qoyduğu məqamlarla bağlı olub.

- Növbəti parlament seçkilərində deputatlığa namizəd olmaq fikriniz varmı?

- Bu işi zaman özü diqtə edəcək. Zamanı gələndə qərarımı verəcəm.

Namidə  BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub