Modern.az

Dünya ölkələrinin hərbi xərcləri - Azərbaycan Ermənistanı 9 dəfə üstələyir - SİYAHI

Dünya ölkələrinin hərbi xərcləri - Azərbaycan Ermənistanı 9 dəfə üstələyir - SİYAHI

13 İyun 2015, 12:39

Beynəlxalq Stokholm Dünya Problemlərinin Tədqiqi İnstitutu qlobal silah ticarəti və ölkələrin hərbi sahəyə ayırdığı xərcləri göstərən yeni hesabat dərc edib.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hesabatda Azərbaycanın hərbi xərclərinin 3,7 milyard dollar, Ermənistanda isə analoji xərclərin 472 milyon dollar olduğu göstərilib.
Ümum Daxili Məhsul istehsalı ilə müqayisədə hərbi sahəyə sərf edilən vəsaitə görə Azərbaycan (4,9 faiz) və Ermənistan (4,1 faiz) ilk 20 ölkə arasındadır. Bu göstəriciyə görə, Oman (hərbi xərclər ÜDM-un 11,8 faizi) dünya lideridir. Qonşu dövlətlərdən Gürcüstan 2014-cü ildə 430 milyon dollar, İran 5,9 milyard dollar, Türkiyə 22,6 milyard dollar hərbi xərclərə vəsait ayırıb. 

2014-cü ili əhatə edən hesabat dünyada hərbi sahəyə ayrılıan xərclərin yarısının üç ölkənin – ABŞ-ın (34 faiz), Çinin (12 faiz) və Rusiyanın (4,8 faiz) payına düşdüyünü göstərir.

Hesabatdan aydın olur ki, Rusiya 2013-cü illə müqayisədə 2014-cü ildə hərbi xərclərini 8,1 faiz artıraraq 84,5 milyard dollar, yaxud Ümum Daxili Məhsulun 4 faizi səviyyəsinə çatdırıb. Stokholm İnstitutu Ukraynadakı böhrana görə Rusiyanın hərbi xərclərini 5 faiz azaltmağa məcbur olduğunu göstərir.

2014-cü ildə şimal qonşumuz 15 milyard dollar dəyərində silah ixrac edib.

Hərbi xərclərə görə, dünya birincisi olan ABŞ isə 2014-cü ildə hərbi büdcəsini 6,5 faiz ixtisar etməli olub.

“Buna baxmayaraq, bu sahədə ABŞ tarixi rekordunun astanasındadır və 80-ci illərin sonundakı hərbi xərclərinin pik vaxtına yaxınlaşıb”, - hesabatda qeyd edilir.

Ümumilikdə, 2014-cü ildə ABŞ hərbi xərcləri üçün 610 milyard dollar, yaxud ÜDM-nun 3,5 faizini xərcləyib.

Bu göstəriciyə görə 3-cü dünya ölkəsi olan Çin isə hərbi xərclərini iqtisadi inkişaf templəri ilə paralel artırıb. Uzun illər həmin xərclər ÜDM-un 2-2,2 faizini təşkil etsə də, son illər rəqəmlər artaraq ÜDM-in 9,7 faizini, yaxud 216 milyard dollar təşkil edib.

Hesabat Ukrayanın hərbi xərclərinin də artdığını fiksasiya edib.

“2014-cü ildə Ukraynanın hərbi xərcləri 23 faiz artıb və təxminən 4 milyard dollar təşkil edib. Bu rəqəmlər çox güman ki, bütün müharibə xərclərini nəzərə almır və yekun rəqəm bir qədər yüksəkdir”.

Ötən il dünyada hərbi sahəyə dövlətlərin ayırdığı ümumi vəsait 1 trilyon 776 milyard dollar olub. Bu göstərici 2013-cü illə müqayisədə 0,3 faiz azdır və qlobal ÜDM-in 2,4 faizindən ibarətdir.
Maraqlıdır ki, artıq 3 ildir dünyada hərbi xərclər azalır. ABŞ və Qərbi Avropada hərbi xərclər azalsa da, bu, Şərqi Avropa, Asiya, Okeaniya, Afrika və Yaxın Şərq ölkələrinin hesabına kompensasiya olunur. Beynəxlalq Stokholm Dünya Problemlərinin Tədqiqi İnstitutu Ukrayna böhranı şəraitində Skandinaviya, Baltikyanı və Mərkəzi Avropa ölkələrinin silahalanmaya diqqətini artırdığını müşahidə edir. Səudiyyə Ərəbistanı bu sahədə özünəməxsus rekord vuraraq xərclərini 17 faiz artırıb.  

Avropada hərbi xərcləri ən çox Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya çəkir. Onlar 2015-ci ildə az da olsa, xərcləri azaltmağı planlaşdırır. Amma Almaniya yaxın perspektivdə silahlanmanı artıracağını elan edib.

Modern.az saytı Stokholm İnstitutunun hesabatları əsasında dünyada ən çox hərbi xərcləri olan ölkələrin qlobal silah xərclərindəki payını faizlə və dollarla göstəricisi ilə təqdim edir.

1. ABŞ - 34 faiz (610 milyard dollar)
2. Çin - 12 faiz (216 milyard dollar)
3. Rusiya - 4,8 faiz (84,5 milyard dollar)
4. Səudiyyə Ərəbistanı - 4,5 faiz (80,8 milyard dollar)
5. Fransa - 3,5 faiz (62,3 milyard dollar)
6. Böyük Britaniya - 3,4 faiz (60,5 milyard dollar)
7. Hindistan - 3,8 faiz (50 milyard dollar)
8. Almaniya - 2,6 faiz (46,5 milyard dollar)
9. Yaponiya - 2,6 faiz (45,8 milyard dollar)
10. Cənubi Koreya - 2,1 faiz (36,7 milyard dollar)
11. Braziliya - 1,8 faiz (31,7 milyard dollar)
12. İtaliya - 1,7 faiz (30,9 milyard dollar)
13. Avstraliya - 1,4 faiz (25,4 milyard dollar)
14. Birləşmiş Ərəb Əmirlikləri - 1,3 faiz (22,8 milyard dollar)
15. Türkiyə - 1,3 faiz (22,6 milyard dollar)

Qeyd edək ki, bu il Azərbaycanın hərbi xərcləri 3 milyard 783 milyon manat təşkil edir. Bu, 2014-cü il üçün hərbi xərclərdən rekord səviyyədə - 27,2 faiz artıqdır.  Müdafiə xərcləri dövlət büdcəsinin 2015-ci ildəki xərclərinin 17,9 faizini təşkil edir. Maliyyə Nazirliyindən bildirirlər ki, ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, silahlı qüvvələrin təchizatının yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi dövlət büdcəsinin prioritet istiqamətləri sırasında qalır. Beləliklə, Azərbaycanın gələn il üçün hərbi xərcləri dollar ekvivalentində təqribən 5 milyard dollar təşkil edəcək ki, bu da hərbi xərclərin növbəti dəfə rekord həcmdə artımı deməkdir.  Azərbaycan onsuz da ötən 11 il ərzində hərbi xərclərini sürətlə artırıb və prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə - Ermənistanın bütün dövlət büdcəsinin həcmini aşıb keçməyə çoxdan çatıb.  Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri cəmi 3 milyard 73 milyon dollar (2014-cü il üçün) təşkil edir ki, bu da Azərbaycanınn gələn ilki hərbi büdcəsindən təxminən 2 milyard dollar azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür - cəmi 472 milyon dollar. Başqa sözlə, Azərbaycanın gələn il üçün müəyyən etdiyi hərbi xərclər Ermənistanın hərbi xərcləri ilə müqayisədə 10 dəfədən də artıqdır. Digər mühüm məqam budur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi də Azərbaycan dövlətini hərbi xərclərini kəskin artırmaqdan çəkindirməyib. Bu da əraziləri işğal altında olan ölkənin rəhbərliyi üçün silahlı qüvvələrin daha da gücləndirilməsinin əsas prioritet kimi qaldığını göstərir.  Azərbaycan sonuncu dəfə hərbi xərclərdə bu cür kəskin artımı iki il əvvəl edib və həmin il müdafiə xərclərində birdən-birə 30 faizə qədər artım olmuşdu. Həmin il Azərbaycan xaricdən böyük miqdarda güclü silah sistemləri və müasir döyüş texnikası aldı. Ehtimal olunur ki, bu il də hərbi xərclərin belə kəskin artımı yeni müasir döyüş sistemlərinin alınması planları ilə bağlıdır. Ən böyük hərbi şirkətlər ABŞ-ın hərbi sahədə yeniliklərdən bəhs edən “Defence News” həftəliyi dünyanın 100 ən böyük hərbi təyinatlı şirkətinin siyahısını dərc edib. Reytinq cədvəlində 2 türk şirkətinin də adı var. Belə ki, ən çox silah və hərbi məhsul istehsal edən şirkətlər arasında 62-ci pillədə Türkiyənin “Aselsan”, 78-ci pillədə isə “Türkiyə Aviasiya və Kosmik Sənaye” şirkəti tutub. 

2014-cü iliin yekunlarına görə “Aselsan” hərbi satışlardan 1 milyard 109 milyon dollar, “Türkiyə Aviasiya və Kosmik Sənaye” şirkəti isə 853 milyon dollar gəlir əldə ediblər.  Dünyada silah satışından ən çox gəlir əldə edən şirkət ABŞ-ın “Lockeed Martin” korporasiyası olub. Korporasiya ötən il satışlardan 40,13 milyard gəlir götürüb. İkinci pillədə ABŞ-ın Boing (29 milyard dollar), 3-cü pillədə Britaniyanın “BAE Systems” (25,45 milyard dollar) yer alıb. 

Rusiyanın ən böyük hərbi şirkəti “Almaz-Antey” isə 9,2 milyard dollar gəlirlə reytinq cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 

Dünyanın ən iri silah istehsalçısı olan şirkətləri arasında 41 ABŞ, 10 Böyük Britaniya, 7 Yaponiya, 5 Fransa, 5 Cənubi Koreya, 4 İsrail, 3 Almaniya, 2 Türkiyə və 2 İtaliya şirkəti yer alıb. 
Norveç, İtaliya, Finlandiya, İtaliya, Hollandiya, Cənubi Afrika, Hindistan, İsveç, Sinqapur, Braziliya, Kanada, İsveçrə və Ukrayna isə hərəyə 1 hərbi şirkətlə ilk “100”lükdə qərarlaşıb.

M.Əliyev

P.S. Yazı AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dari təbliğatın aparılması” layihəsi çərçivəsində hazırlanıb.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?