Modern.az

General Əsədullayev və onun ərköyün oğlu...

General  Əsədullayev və onun ərköyün oğlu...

Aktual

15 Aprel 2015, 16:31

 “Vallah yaxşı məmura da yaxşı deməyə çəkinirik” silsiləsindən...

“Bizi sanki  Uca Yaradan ayaqaltı qazmaq üçün bel, kürsüyə addım atanın  torbasını tikmək üçün dərzi yaradıb”

Artıq neçə gündür ki, media səhifələrini general Şərif Əsədullayevin oğlunu həbs etdirməsiylə bağlı rəngbərəng, bəzəkli-düzəkli, haqlı-nahaqlı müzakirələr bəzəyir. Hamı danışır, hər zaman olduğu kimi. Kimi deyir  kreslosundan qorxur, kimi deyir, oğlun yaxşı tərbiyə etməyib, kimi deyir Şeyxin qohumudu, arxası möhkəmdi, kimi onun bu hərəkətini təqdir, kimisə tənqid edir.

Amma...Amma kimsə bir anlığa da olsa onun general Əsədullayevin yox, sadəcə ata Əsədullayevin yerində özünü qoya bilmir.

Kimsə onu qınamadan öncə bir anlıq da olsa onun vəkili olmağı bacarmır.

Niyə görəsən?! Deyimmi niyəsini?

Çünki yıxılana balta vurmaq üzrə biz bir xalq olaraq dünya rekordu qırmışıq. Çünki biz heç vaxt nə yıxılanın yıxılma səbəbini, nə də səhv edənin səhvinə vəsilə  olan səbəbləri axtarmırıq. Çünki bu istedad bizdə yoxdur. Bizi sanki  Uca Yaradan yalnız  ayaqaltı qazmaq üçün bel, yüksək kürsüyə addım atanın torbasını tikmək üçün isə dərzi yaradıb. Nəinki yüksək kürsüyə,  o kürsüdən qat-qat aşağı kürsüyə belə imkan vermərik bizlərdən biri rahat otursun.  Haqlını da yükləyərik haqsızın belinə, ha budu  ha, yeri görüm.Nəbada dayanasan. Dayandın ha, həmən an düşəcəksən “radar”a...

Necə ki, cənab generalımızı salmışıq o xeyirxah “radar”ın obyektivinə.

Bilirəm, neçə gündü izləyirəm yazılanları. Elə ki, biri bu işdə cənab Sədullayevə haqq qazandırır, həmən düşürük üstünə ki, təmənnası var.

Əzizlərim, şükür Allaha ki, məni azdan-çoxdan tanıyanlar bilir ki, mənim kimsədən nə umacağım, nə də təmənnam olmaz. Mənimçün həqiqət hər şeydən öndədir.

Bilirəm yenə deyəcəksiniz ki, “100 faiz deyəsən bu da yuxarı getmək istəyir, odur ki, generala üzgörənlik edir”. Nə deyirsiniz deyin, nə düşünürsünüz düşünün, türk qardaşlarımız demişkən umrumda deyil.

Çünki, ən böyük hakim varkən, mən qulun  nə düşünəcəyini önəmsəmirəm .


Sizə agah edim ki, əgər cənab Əsədullayevə nəyə görəsə üzgörənlik edəcək adam olsaydım, şükür Allaha onun qapısı mənim üzümə bağlanmazdı. Çünki onu və ailəsini nə Şeyxin kürəkəni olandan sonra, nə də ki, general olandan sonra tanımamışam. Onları Əsədullayevləri tanıyanda hələ orta məktəbdə oxuyurdum, saçımdan lentlərim açılmamışdı. Şərif müəllimin rəhmətlik ata nənəsi mənim rəhmətlik anamla ana-bala idilər. Bizə də tez-tez gəlib gedərdilər.  Şərif müəllimin və eləcə də onun bacı və qardaşlarının  toylarında da iştirak etmişdik. Xeyrimizdə-şərimizdə bir yerdə olmuşuq.

Amma illər öz sözünü deyir. Nənə rəhmətə getdi, Əsədullayevlər Allahın yazdığı qismətlə Şeyx həzrətləriylə qohum oldular.

Rəhmətlik valideynlərimdən mənə keçən xasiyyətdir. Biz yüksək vəzifə, yüksək kürsü sahibləriylə qohum olan  və yaxud özləri yüksək sahibi olan dost-tanışların, qohum əqrabaların evinə gedib-gəlməyi sevmərik. Bilirsinizmi niyə? Çünki insandı da çiy süd əmib. Bir dəfə xoş qarşılayanda, ikinci dəfə nəsə yanlış düşünə bilər, əstəfrullah bu gəlişin təmənnalı olduğunu  zənn edər.

Amma buna baxmayaraq anam rəhmətlik onların xeyir-şərlərindən heç vaxt kənar qalmazdı. Çünki Şərif müəllimin atası Kamil müəllim ona bacı deyərdi.(İnanın heç xəbərim  yoxdu Kamil müəllim həyatdadırmı, yoxsa Allah eleməmiş dünyasını dəyişib)

Və bu gün onun balasıyla bağlı mətbuatdakı yazıları oxuyanda biganə qala bilmədim. Həm də bilirsinizmi mənə ən çox təsir edən nədir?

Onun ailəsini yaxşı tanıyan, onun necə bir halal ailənin övladı olduğunu bilən Lənkərandan olan yüksək kürsü sahibləri, və yaxud sadə ziyalılardan kimsə səsini çıxarmadı. Amma təəccüblənmirəm. Heç təəccüblənmirəm bu mənim üçün çox adi haldı özümüzkülər tərəfindən.
Siz Allah məni yanlış anlamayın, özümüzkülər deyəndə. Mən əsla ayrı-seçkilik salan insan deyiləm və bu şeyə də nifrət etmişəm həmişə. Bu məmləkətin hər qarışı mənimdir, hər xalqının nümayındəsinə hörmətim var. Bu hadisə heç Şərif müəllimin deyil, yaxından tanıdığım başqa  torpaqdan olan hər kimin başına gəlsəydi, mən yenə bu reaksiyanı verərdim..

General  Əsədullayev və onun ərköyün oğlu...

Çox düşünmüşəm  bu mövzu barədə. Hətta dəfələrlə monitorinq keçirib, bir jurnalist araşdırması aparmaq istəmişəm. Görüm hələ sıravi insanlardan kim məmur olsa, yüksək imkanlara sahib olduğunda övladına 20-30 manatlıq Çin istehsalı olan əyin –baş alar, kim məmur olsa ovladını metroyla gəzdirər, kim məmur olsa kirayə qalar???

Kim, kim, kim???

Siz Allah gəlin özümüzü aldatmayaq, bizim qanımızda var şənbazlıq, başqa millətdən olan məmur sahib olduğu imkanlarla övladına ən yüksək təhsili verdirir, qazandığını dünyaya səyahətdə xərcləyir, axtarır, öyrənir.

Amma biz...Biz  isə elə ki, sərəncam verilir ki, hər hansı yüksək posta təyin olunsun, hələ təyinat alan nəfəsini dərməmiş, ailə artıq xərcləyəcəkləri pulların haqq-hesabını tutur.

Nə edək,  bu da bizim özəlliyimizdir. Gəlin, həqiqətin gözünə dik baxaq. Biz yeyib-içən, kef çəkən millətik də. Öldürəkmi özümüzü???

Dünya beş günlükdü fəlsəfəsiylə yaşayan insanlarıq atam, bu da bizik də...

İndi Şərif müəllim oğluna yaxşı şəraiti ona görə yaradıb ki, günün birində atasını qınaq obyektinə çevirsin?

Ona görə ona həm ana, həm ata olub ki, günün birində atasını el qarşısında gözü kölgəli eləsin?

Ona görə ona sərbəst həyat verib ki, bir gün atasını ona kürsü etibar edən rəhbərliklər qarşısında başıaşağı eləsin?

Kim bu suallarıma qərəzsiz cavab verər, kim? Hamınız deyəcəksiniz ki, varlığa nə darlığ, varıdı yaradıb da.

Yox, əzizlərim yox...Yanılırsınız. Heç bir valideyn naxələf övladının olmasını istəməz.  Oğul düşmən çəpəridir, deyib dədələrimiz. Məgər bu misal boşunamı yaranıb.Xeyr. Qədimlərdə atalar oğul övladları gənclik yaşına yetişən kimi yanlarına alıb bazar meydanına çıxararmışlar, fəxrlə ki, baxın mənim oğlum var. Məndən sonra nəslimin davamçısı, iş-gücümün idarəçisi var. Hə, bax o zaman dost baxıb sevinərmiş,düşmən isə paxıllığından çatlarmış. Bu misalı da elə ona görə deyib dədələrimiz.

Əfsuslar olsun ki, bu gün  bəzi atalar oğul övladlarıyla bazar meydanlarına yox, əyləncə meydançalarına, eyş-işrət məclislərinə gedərək oğul övladlarıyla fəxr edirlər.

Qaldı ki, Şərif müəllimə DİN orqanlarında çalışan hər kəs onun necə savadlı, bacarıqlı kadr olduğunu gözəl bilir.

İndi qohumunda lap yüksək postda oturan insanların başına nəsə bir iş gələndə “onun qohumu filankəsdi, yoluna qoyar məsələni” deməklə o insanı daş-qalaqmı etməliyik.

Niyə yıxılanın mənəvi olaraq yanında olmaqdansa, onu qaldırmaqdansa, əksinə belindən baltanı üst-üstdən vururuq.

Tutaq ki, bu gün övladının mənfi hərəkətindən ötrü, atanı tutduğu vəzifəsindən uzaqlaşdırdılar. Nə dəyişəcək? Əksinə, bununla həmin o ərköyün övladda nifrət hissi oyanmayacaqmı, qisas hissi baş qaldırmayacaqmı içində. Bundan da betər hadisə törətməyəcəyinə kim zəmanət  verə bilər? Heç kim...

İnsan ömrünü qoyub bu işində, dəfələrlə ölümlə göz-gözə qalıb. Yuxusuz gecələrinin hesabına gəlib o vəzifəyə çıxıb. Şeyxin qohumudu deyən nə etməlidir, özünü öldürməlidirmi?

Mən demirəm ki, Şərif müəllimin heç bir günahı yoxdu övladının belə ərköyünlüyündə. Təbii, var. Çalışdığı işin ağırlığı, məsuliyyəti, gecə-gündüz işdə olan anlarının hesabına ola bilər ki, yetərincə oğlu ilə dost ola bilməyib, onun çevrəsini tanımayıb. Bu hər bir atanın yaşaya biləcəyi bir vəziyyətdir. İşin ucbatından övlada lazımınca diqqət ayırmayan valideynlər az deyil.

Az  deyil yox, demək olar ki,yetərincədir. Amma, biz heç vaxt özü gözümüzdəki tiri görmürük...

Bu hadisəyə mən  susaraq biganə qala bilmədim. Şükür Allaha Şərif müəllimin mənim-sıravı bir elm adamının, bir yazarın onu müdafiəsinə ehtiyacı yoxdu. Amma mən susa bilməzdim, çünki vaxtıykən onun ailəsində kəsdiyim çörək gözümü tutar. Baxanda vallahi, heç Şərif müəllimin bəlkə də yadında qalmamışam. Amma önəmlisi mən ki, unutmamışam.

Bir ailədə iki övladın ayrı-ayrı xasiyyəti olur, tam fərqli düşüncəyə sahib olurlar. Bəzən ən mədəni, samballı ailədən naxələf, zay övlad, bəzənsə səviyyəsiz, naxələf ailədən çox tərbiyəli, savadlı övlad çıxır.

Bunun günahını təkcə valideynin boynuna atmaq doğru deyil. Bu günahın bir ucu da həmin uşaqların təhsil aldıqları məktəblərdə, digər ali və orta təhsil ocaqlarında, eləcə də cəmiyyətin kor təfəkküründə axtarmaq lazımdır.

Allah rızası üçün nə olar, bir dəfə də yıxılanın, qınadıqlarımızın vəkil olmağı bacaraq. Əgər bunu bacarsaq , Allah da bizi bağışlar...

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı