Modern.az

Üç bitərəf millət vəkili yenidən seçkiyə gedir

Üç bitərəf millət vəkili yenidən seçkiyə gedir

Parlament

20 Sentyabr 2010, 17:30


Milli Məclisin deputatı Aydın Abbasov Modern.az-a bildirib ki, o namizədliyini yenidən 37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi üzrə verəcək. A.Abbasov artıq sənədlərini DSK-ya təqdim edib. 
Baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlu olan Aydın Abbasov Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Hazırda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Milli Məclisin digər üzvü Rövşən Rzayev də 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyini irəli sürüb. Bu barədə Modern.az-a millət vəkili məlumat verib. Seçkilərə bitərəf olaraq qatılacaq R.Rzayev artıq sənədlərini DSK-ya təqdim edib.
Rövşən Rzayev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ədliyyə Nazirliyinin Kadrlar şöbəsinin müfəttişi, Bakı Məişət Kondisionerləri İstehsalat Birliyi Texniki xidmət şöbəsinin kadrlar üzrə baş müfəttişi, 1990-cı ildən Nərimanov Rayon Məhkəməsinin məhkəmə icraçısı vəzifələrində çalışib. 1994–2004-cü illərdə Bakı şəhər 41 saylı Dövlət notariat kontorunun dövlət notariusu olub.  
İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavinidir.

Milli Məclisin üzvü Fərrux Zeynalov 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə namizədliyini irəli sürüb. Deputat bizə bildirib ki, artıq sənədlərini DSK-ya təqdim edib. Millət vəkili bitərəf kimi marafona qatılacaq.
F.Zeynalov Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirib. İqtisad elmləri namizədidir. Əməkdar kommunal və əhaliyə məişət xidməti işçisidir.
«Azəryüngülyeyintisənaye» Birliyinin, «Azərtoxucutəchizatsatış» firmasının baş direktoru olub. 1992–1997-ci illərdə Azərbaycan Respublikasının material ehtiyatları naziri, 1999–2005-ci illərdə «Güvən» şirkətinin baş direktoru vəzifələrində çalışib.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür.

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub