Modern.az

“Qərb yəhudilərin maraqlarına xidmət edən siyasətindən imtina edəcək” – MÜSAHİBƏ

“Qərb yəhudilərin maraqlarına xidmət edən siyasətindən imtina edəcək” – MÜSAHİBƏ

20 Aprel 2015, 11:50

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu regionda və beynəlxalq aləmdəki siyasi proseslərlə bağlı Modern.az saytına müsahibə verib:

  - Türkiyədə iyun ayının 7-də parlament seçkiləri keçiriləcək. Sizə elə gəlmirmi ki, Türkiyə müxalifəti bu seçkidən qalib çıxa bilməyəcək?  

- Türkiyədə müxalifət düşərgəsi dağınıqdır. Bununla yanaşı, beynəlxalq konyuktura Türkiyədə ciddi siyasi dəyişkliklərin olacağına imkan vermir. Digər tərəfdən isə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP-red) bütün sistemim nəzarəti altına alıb. Bu şərtlər birmənalı şəkildə onu göstərir ki, AKP bu seçkilərdə böyük üstünlüklə qalib gələcək.  

- Türkiyə mətbuatı yazır ki, PKK-ya yaxın olan Xalqların Demokratik Partiyası (HDP) seçki ərəfəsində böyük təxribat planları hazırlayır. Siz nə düşünürsünüz, bu mümkündürmü?  

- Türkiyə bu qədər təxribatlarla qarşılaşsa da, yeganə dövlətlərdəndir ki, öz sabitliyini qoruyub saxlaya bilir. Elə ölkələr var ki, orda baş verən hadisələr Türkiyədə olanların yanında təhlükəlilik dərəcəsinə görə çox aşağıdır, amma həmin dövlətlər məhvə sürüklənir. Nümunə kimi Yaxın Şərq ölkələrini göstərmək olar. Türkiyədə isə bütün dünyanın maliyyə və mənəvi dəstək verdiyi PKK iş aparsa da, dövlət öz sabitliyini saxlayır. Bunun əsas səbəblərindən biri də Türkiyə cəmiyyətinin və dövlət idarə sisteminin destabilizasiya şəraitinə uyğunlaşmasıdır. Buna görə də nə seçkilərdə, nə də başqa siyasi proseslərdə Türkiyədə baş verən təxribatlar sabitliyi poza bilməyəcək.  

- Beynəlxalq gündəmin əsas müzakirə predmeti olan məsələlərdən biri də  Qərblə İran arasında əldə edilən nüvə razılaşmasıdır. Bu anlaşmanı şərtləndirən amillər nə idi?  

- Bu razılaşma fundamental məsələnin həlli ilə yox, müasir dünyada baş verən proseslərlə bağlıdır. Bu baxımdan Qərb İranla razılaşmaya meyl edir. Çünki Rusiya-Uran yaxınlaşması Qərbin maraqlarına ciddi şəkildə mənfi təsir edir. Qərb İranla münasibətləri yoluna qoymaqda maraqlıdır. Düşünürəm ki, Qərb illərdən bəri İsrailin, yəhudilərin  maraqlarına xidmət edən siyasətindən imtina edəcək və İranla əməkdaşlığı gücləndirəcək.  

- Amma bir məqam var. Qərb dairələrinin əlində əsas kart olan insan hüquq və azadlıqları İranda pozulur. Belə olan halda, Qərbin İranla hər hansı əməkdaşlığa gedəcəyi bir az absurd görünmür?  

- Qərbin strateji, enerji maraqları həmişə insan hüquqları məsələsindən öndə gəlir. Ona görə də İranla əməkdaşlıq Qərbə hava, su kimi lazımdır, nəinki insan hüquqlarının qorunması.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?