Modern.az

"Siyahıdankənar namizədliyini verən YAP-çılarla əlaqədar müvafiq işlər aparılacaq"

"Siyahıdankənar namizədliyini verən YAP-çılarla əlaqədar müvafiq işlər aparılacaq"

21 Sentyabr 2010, 13:30

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – icra katibi Əli Əhmədov YAP-ın rəsmi saytına müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir.

- Əli müəllim, məlum olduğu kimi sentyabrın 18-də YAP noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. Partiyanın namizədlərinin müəyyənləşdirilməsində hansı prinsiplər və meyarlar əsas götürülüb?

- Qeyd etmək istəyirəm ki, YAP-ın siyahısı partiyanın daxilində aparılan əhatəli və geniş müzakirələrin nəticəsidir. Biz qarşıdan gələn parlament seçkiləri ərəfəsində YAP-ı təmsil edən namizədləri müəyyənləşdirərkən bir neçə meyarlara istinad etmişik. Namizədlərin müəyənləşdirilməsi taktikamız ilk növbədə ondan çıxış edir ki, istənilən namizədin uğur qazanması və parlamentdə partiyanı təmsil etmək hüququnu əldə etməsi yalnız seçicilərin iradəsi əsasında müəyyən oluna bilər. Bu nöqteyi nəzərdən namizədlərin müəyyənləşdirilməsi zamanı əsas götürülən başlıca meyar və yanaşma seçicinin iradəsidir. Biz təhlillərimiz nəticəsində müəyyənləşdirməyə çalışmışıq ki, bu və ya digər seçki dairəsindən daha çox seçilmək şansı olan namizədlər kim ola bilər. Bunun əsasında da YAP-ı parlament seçkilərində təmsil edəcək namizədləri müəyyənləşdirmişik. Bu, bütövlükdə bizim məsələyə yanaşmamızın kökündə dayanan birinci amildir. İkincisi, belə hesab edirik ki, YAP-ın parlament seçkilərində səs qazanmaq şansı olan çoxlu sayda üzvləri var. YAP üzvlərinin 500 min nəfərdən çox olduğunu, partiya sıralarında Azərbaycan cəmiyyətinin ən nüfuzlu, hörmətli, dövlətçilik yolunda böyük xidmətləri olan insanların cəmləşdiyini nəzərə alsaq, etiraf etməliyik ki, YAP-ın bu seçkilərdə iştirak etməyə mənəvi haqqı çatan yüzlərlə, bəlkə də minlərlə üzvü var. Belə olan halda, biz yaxşıların içərisindən yaxşıların seçilməsi kimi çox ciddi vəzifə qarşısında dayanmışdıq və güman edirəm ki, bu vəzifənin öhdəsindən gələ bilmişik. Düşünürəm ki, YAP-ın təqdim etdiyi namizədlər siyahısında yaxşıların yaxşıları təmsil olunublar.
Üçünçü bir meyar kimi biz YAP-ın tərkibində yüksək ictimai-siyasi fəallıq göstərən, Azərbaycanın hörmətli vətəndaşları olan qadınların namizədliyinin irəli sürülməsinə də üstünlük verilməsinə çalışmışıq. Bütövlükdə, qadınların ölkəmizin ictimai-siyasi həyatında fəallığınının artırılmasını daim diqqət mərkəzində saxlayırıq və bu istiqamətdə də mütəmadi olaraq təşəbbüslər irəli sürürük. Nümunə olaraq 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində YAP-ın təşəbbüsü əsasında seçkilərdə qadınların iştirakının əhəmiyyətli dərəcədə yüksəldiyini söyləyə bilərəm. 2010-cu ilin parlament seçkiləri kapmaniyasında da YAP qadınların iştirak faizinin artmasına çalışıb. Güman edirəm ki, buna müəyyən dərəcədə nail ola bilmişik. Partiyanın namizədləri arasında 24 nəfər qadının olması buna misaldır. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, bu qadınlar da Azərbaycanda elmin, səhiyyənin, təhsilin, həyatımızın digər sferalarının inkişafına böyük töhfələr vermiş, həm partiyamız, həm də dövlətimiz qarşısında yüksək xidmətləri olan, ən başlıcası isə müvafiq dairələrdə seçicilərin etimadını qazana biləcək hörmətli insanlardırlar.
Biz həmçinin, bütövlükdə öz siyasətimizdə gənclərə böyük önəm verilməsi xəttini götürmüşük. Eyni ilə bunu ötən bələdiyyə seçkilərinə şamil edə bilərəm. Bu ilin parlament seçkiləri kampaniyasında da gənc insanların yaxından bu kampaniyada iştirakını təmin edilməsi diqqətimizdə olub. Bu mənada yenə də bayaq dediyim parametrlər əsasında böyük hörməti, nüfuzu və perspektivləri olan, özünü tanıdaraq imicini formalaşdırmış YAP-ın gənc üzvlərinin də əhəmiyyətli bir qismi partiyamız tərəfindən irəli sürülmüş namizədlər siyahısına daxil edilib. Beləliklə də, həm yaş qrupları, həm peşə qrupları baxımından YAP özünün namizədlər siyahısını müəyyənləşdirərkən bütün parametrləri nəzərə alıb.
YAP parlamentdə təmsil edən deputat korpusunun fəaliyyətindən bütövlükdə razılığını ifadə edib və bu gün də edir. Bunun nəticəsində də YAP-ı Azərbaycan parlamentində təmsil edən 48 nəfər qarşıdan gələn seçkilərində partiyamızı yenidən namizədlər qismində təmsil edəcəklər. Beləliklə, bu siyahıda həm varislik prinsipi əsas götürülüb, həm də yeniləşmə, gəncləşmə, cəmiyyətin bütün zümrələrinin layiqli namizədlərinin irəli sürülməsi kimi çox əhəmiyyətli yanaşma metodundan istifadə edilib. Düşünürəm ki, bütün bunların hamısı bizim müəyyənləşdirdiymiz və sentyabrın 18-də partiyanın İdarə Heyətinin iclasında təsdiq olunmuş namizədlər siyahısını bütövlükdə yüksək keyfiyyətlərə və şanslara malik olduğunu əsaslandıran məqamlardır.
- Bu ilin əvvəlindən YAP parlament seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb və bu işi uğurla davam etdirməkdədir. Bilmək istərdik, namizədlərin siyahısı elan olunduqdan sonra partiyaının fəaliyyətində hansı mərhələ başlayır?
- Bütövlükdə seçki kampaniyasına qədər hazırlıq mərhələsinin özünün də böyük məsuliyyəti var. Biz bunu hər zaman dərk etmişik. Amma təbii ki, daha məsuliyyətli mərhələ seçki kampaniyasının başlaması ilə start götürür. Namizədlər artıq elan olunandan sonra isə ilk növbədə onların xeyrinə imzaların toplanması, qeydə alınmaları, müvafiq sənədlərin hazırlanıb seçki komissiyalarına təqdim edilməsi mərhələsi başlayır. Bu gündən etibarən partiyamızın təsdiq etdiyi namizədlər dairələr üzrə öz namizədliyini irəli sürüb, imza vərəqlərini götürərək imzatoplama prosesinə başlayıblar. Güman edirəm ki, YAP-ın seçkiyə hazırlıq ərəfəsində gördüyü işlər imkan verəcək ki, partiyamız tərəfindən irəli sürülən namizədlər çox qısa zamanda imzalarını toplayıb namizədliklərini qeydə aldıra bilsinlər. YAP-ın ölkəmizin bütün inzibati ərazilərində səmərəli fəaliyyət göstərən, böyük təcrübə toplamış yerli strukturları mövcuddur. Onlar bu gün bizim namizədlərimizin həm namizəd kimi dairələrə təqdim olunması, həm də imzatoplama ilə bağlı lazım olan hazırlıq işlərini görüblər. Yerli təşkilatlara bu barədə tapşırıqlar verilib. İmza toplamaq, hər bir dairə üzrə namizədlərə kömək etmək üçün yerli təşkilatlarımızın məsul şəxsləri müəyyən olunub. Onlar artıq imzaların toplanması işinə cəlb olunublar. Digər zəruri işlərin həyata keçirilməsi üçün də müvafiq şəxslər artıq partiya tərəfindən təyin edilib. Beləliklə də, güman edirəm ki, biz imzaların toplanması kampaniyasını bu həftə ərzində uğurla başa vura biləcəyik. Sonrakı mərhələdə isə YAP-ın irəli sürdüyü namizədlərin uğurlu təşviqat kampaniyasının aparılması ilə əlaqədar lazımi işlər həyata keçiriləcək. Düzdür, təşviqat kampaniyası oktyabrın 15-də start götürür, amma həmin vaxta qədər namizədlərimizin artıq müəyynləşmiş dairələrdə təşviqatının həyata keçirilməsi taktikasını müəyənləşdirəcəyik. Bu kampaniyanın, təşviqatın həyata keçirilməsi üçün zəruri olan resurslar bir daha səfərbər ediləcək. Güman edirəm ki, bu kampaniya da layiqincə yerinə yetiriləcək. Hazırki mərhələdə isə əsas iş namizədlərin xeyrinə imzaların toplanması və onların DSK-larda qeydə alınmasıdır.
- Əli müəllim, YAP qarşıdan gələn seçkidə vahid namizəd siyahısı ilə iştirak edir. Bu barədə Siz də qeyd etmişdiniz ki, siyahıdan kənar YAP üzvlərinin öz namizədliyini irəli sürməsi vahid seçki kampaniyasının aparılmasına zərər vura bilər. Amma artıq bəzi YAP üzvlərinin müstəqil şəkildə öz namizədliyini irəli sürməsi fakt mövcuddur. Bununla bağlı hansı tədbirlər görüləcək?
- Doğurdan da məsələ ilə bağlı müşahidə olunan bir neçə fakt var. 500 mindən çox üzvü olan partiya üçün 125 dairə üzrə cəmisi bir neçə faktın olması hesab edirəm ki, partiyanın daxilində nizam-intizamı, monolitliyi çox əyani şəkildə ifadə edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP üzvlərinin mütləq əksəriyyəti partiyanın vahid seçki strategiyasını və taktikasını qətiyyətlə bəyənir və onun həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərirlər. O ki, qaldı qeyd olunan faktlara, güman edirəm ki, bunlarla əlaqədar yerli strukturlarda müvafiq işlər aparılacaq. Əlbəttə, cəmi bir neçə fakt YAP kimi böyük bir partiyanın seçki kampaniyasının uğurla həyata keçirilməsinin üzərinə hər hansı bir kölgə salmaq imkanına malik deyil. Bizim opponentlərimizin də bu faktlardan yapışaraq YAP-a qarşı təbliğat aparmaları da tamamilə iflasa məhkumdur. Çünki bir neçə fakt əsasında yarım milyondan yuxarı insanın birləşdiyi YAP-ın daxili birliyinə kölgə sala biləcək hər hansı inandırıcı fikir irəli sürmək mümkün deyil. İnanıram ki, həmin bir neçə nəfər də partiyanın vahid seçki kampaniyasının uğurla həyata keçirilməsi naminə öz namizədliyini geri götürəcək. Amma bütövlükdə mən bu qətiyyətimi ifadə etmək istəyirəm ki, YAP-ın daxili birliyi, nizam-intizamı, monolitliyi, partiyanın hər bir üzvünün partiyanın seçkilərdə uğur qazanması naminə hər cür fədakarlığa hazır olmaları özünü bir daha əyani şəkildə göstərə biləcək.
- Bir sıra müxalifət mətbuatı hazırda Milli Məclisdə təmsil olunan bəzi YAP üzvlərinin adlarının partiyanın namizədlər siyahısında olmamasını daxili problemlərdən qaynaqlandığını iddia edirlər. Onların bu iddiasına münasibətiniz necədir?
- Bilirsiniz ki, YAP-ın rəqibləri olmaq istəyən bəzi müxalifət partiyaları çox səmərəsiz üsullarla partiyamıza qarşı mübarizə aparırlar. Bütövlükdə, YAP olaraq bizim müxalifətdən çoxsaylı fərqlərimizdən biri də ondan ibarətdir ki, müxalifət YAP-a qarşı mübarizə aparır, YAP isə Azərbaycanda heç bir partiyaya qarşı mübarizə aparmır. Bizim hədəfimiz insanların inamını, rəğbətini qazanmaqdır. Biz seçicilərin səsi uğrunda mübarizə aparırıq. Biz nəyəsə, kiməsə qarşı mübarizə aparmırıq. Bizim mübarizəmizin hədəfi pozitiv yüklənmiş bir hədəfdir. Müxalifət isə bütün mübarizəsinə neqativ bir fon verir. Onlar hər zaman nəyə, kiməsə qarşı mübarizə aparırlar. Onlar unudurlar ki, seçkidə uğur qazanmaq üçün seçicilərin səsini əldə etmək lazımdır. Bu insanların rəğbəti uğrunda çalışmaq lazımdır. Bu, bizim müxalifətdən çoxsaylı fərqlərimizdən biridir.
Digər bir məsələni də önə çəkmək istəyirəm ki, son vaxtlara qədər ayrı-ayrı müxalifət partiyalarının nəzarətində olan qəzetlərdə belə təhlillər aparmağa cəhdlər göstərilirdi ki, guya YAP müxalifətin hansı dairədən kimi namizəd kimi irəli sürəcəyini gözləyir və bundan sonra öz namizəd siyahısını açıqlayacaq. Birmənalı şəkildə bildirmək istəyirəm ki, YAP üçün bu və ya digər dairədə müxalifət tərəfindən kimin namizəd irəli sürülməsinin heç bir mənası və əhəmiyyəti yoxdur. Bu mövqeyimizin də ciddi səbəbləri mövcuddur. Birincisi, müxalifətdən fərqli olaraq biz hesab edirik ki, hər bir seçkinin taleyini seçici rəyi həll edir. Ona görə də, konkret namizədlərimizi bu və ya digər dairə üzrə müəyyənləşdirərkən orada hansı müxalifət nümayəndəsinin iştirak edəcəyini yox, bizim irəliyə sürəcəyimiz namizədə həmin dairənin seçicilərinin münasibətini öyrənməyə çalışmışıq və bunu əsas götürmüşük. Digər bir tərəfdən, YAP olaraq belə hesab edirik ki, istənilən dairədə bizim irəli sürdüyümüz namizədlər müxalifət partiyaları tərəfindən irəli sürülən namizədlərdən bütün parametrləri ilə üstündür. Və namizəd siyahıları ortaya qoyulandan sonra yəqin ki, hörmətli Azərbaycan vətəndaşları, seçiciləri əmin oldular ki, YAP öz namizədlərini irəli sürərkən müxalifətin bu iddialarına əsaslanmayıb.
YAP-ın hazırki parlamentdə təmsil olunan və elan edilən indiki siyahıda yer alan nümayəndələri yenə də seçildikləri dairələrdən namizəd olaraq seçkiyə qatılırlar. Əksinə, müxalifət tərəfindən yerdəyişmə olunub. Onlar guya öz aləmlərində uğur qazana biləcəkləri dairələri nəzərə alaraq yerdəyişmələr edibilər. Yəni dairə dəyişmək müxalifət partiyalarında təsadüf olunub. Beləliklə, bu taktikaya YAP yox, müxalifət partiyaları istinad ediblər. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, partiyamızın seçki və namizədlərin müəyyənləşdirilməsi ilə əlaqədar seçilən taktika və yanaşma metodu tamamilə özünü doğruldur. Çünki bu yalnız seçici rəyinə istinad edən bir yanaşmadır.
O ki qaldı, müxalifətin bizə qarşı apardığı mübarizənin digər istiqaməti ki, guya parlamentdə təmsil olunan bir sıra millət vəkillərinin hazırki siyahıda yer almamasının partiyadaxili gərginliyin yaranmasına gətirib çıxaracağına, birmənalı şəkildə bildirmək istəyirəm ki, YAP-ın daxili monolitliyi hər bir partiya üzvü tərəfindən qorunacaq. Bu mənada istər hazırki parlamentdə təmsil olunan deputatların, istərsə də siyahıda adı olmayan insanların partiyanın aparacağı seçki kampaniyasına yaxından kömək edəcəyinə inanıram. Bu, partiyamızın daxili birliyinin möhkəmliyindən irəli gəlir. Və onlar da seçki kampaniyasının uğurla həyata keçirilməsinə öz tövhələrini verəcəklər. Təəssüflə qeyd etmək istəyirəm ki, bir sıra hallarda yenə də böhtan, əsası olmayan informasiyaları yaymaqla rəqiblərimiz YAP-ın içində problemlər yaratmağa cəhdlər göstərirlər. Amma bu vaxta qədər belə cəhdlər uğursuzluğa düçar olduğu kimi qətiyyətlə qeyd etmək istəyirəm ki, bundan sonra da bu cür mənasız, illərlə özünü doğrultmayan bizə qarşı müxalifətin apardığı mübarizə nəticə verməyəcək.
- YAP hər zaman seçki kampaniyalarında müəyyən şüarlarla çıxış edib. Bəs qarşıdan gələn parlament seçkilərinə partiyamız hansı şüarla gedir?
- Təbii, seçicilər rəyini qazanmaq metodlarından biri də partiyanın hansı mesajlarla seçkiyə getməsindən bilavasitə asılıdır. Əlbəttə, YAP hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasını özünün seçki taktikasının ən mühüm arqumenti hesab edir. Bu, birmənalı şəkildə belədir. YAP olaraq biz dəfələrlə bəyan etmişik ki, qarşıdan gələn parlament seçkilərində bizim uğurlarımızın əsasında dayanan ən böyük məqam Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin seçicilər tərəfindən qiymətləndirilməsidir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, bu inkişafın əsasında digər sahələrdə əldə olunan əhəmiyyətli irəliləyişlər, insanların rifahının, yaşayışının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə və regionda mövqelərinin güclənməsi-bütün bunların hamısı YAP-ın ən əhəmiyyətli və başlıca seçki resursudur. Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarının xalq tərəfindən dəstəklənməsi YAP-ın parlament seçkilərində istinad etdiyi əsas həlledici resursdur. Bu siyasətin bundan sonra da həyata keiçrilməsinə bizim inamımız ondan ibarətdir ki, o, Azərbaycana daha böyük iqtisadi nailiyyətlər və sosial inkişaf perspektivləri vəd edir. Biz buna qətiyyətli şəkildə inanırıq.
Bütün bunların zəminində YAP olaraq biz Azərbaycan cəmiyyətinə başlıca mesajlarımızı ünvanlayırıq. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük uğurlar, nailiyyətlər gətirdiyinə görə, bundan sonra da illər ərzində həmin siyasətin başlıca parametrlər üzrə həyata keçirilməsi bizim başlıca mesajımızdır. Biz Azərbaycan vətəndaşlarına bu fikrimizi çatdırmaq istəyirik ki, Ulu öndər Heydər Əliyevin siyasəti, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycana böyük fayda gətirib, iqtisadiyyatımız yüksəlib, insanlarımızın rifahı yaxşılaşıb. Demək hər bir Azərbaycan vətəndaşının marağı, mənafeyi, bütövlükdə Azərbaycanın marağı və mənafeyi ondan ibarətdir ki, bu siyasət bundan sonra da davam etdirilsin. Biz hesab edirik ki, Heydər Əliyev siyasi kursunun Azərbaycanda davam etdirilməsi ölkəmizin bundan sonrakı inkişaf perspektivlərinin təminatı deməkdir. Bu nöqteyi-nəzərdən bizim birinci mesajımız məhz bu siyasətin davam etdirilməsi ilə əlaqədardır. Bu siyasətin davam etdirilməsi Azərbaycanda hər şeydən öncə vətəndaşlarımızın faydalandığı sabitliyin, əmin-amanlığın, vətəndaş təhlükəsizliyinin qorunub-saxlanması deməkdir. İkincisi, Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təminatı deməkdir. Üçüncüsü, Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması siyasətinin bundan sonra da davam edirilməsi, insanların həyat səviyyəsinin və keyfiyyətinin daha da yaxşılaşdırılması deməkdir. Dördüncüsü, Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və əhəmiyyətinin daha da artırılması deməkdir. Nəhayət, Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın maraqlarına uyğun olaraq həll edilməsi siyasətinin ardıcıl olaraq davam etdirilməsi və onun məntiqi sonluğuna çatdırılması istiqamətində ən vacib addımların atılması deməkdir. Bütövlükdə, bizim bugünki siyasətin davam etdirilməsi ilə əlaqədar cəmiyyətə mesajımızın göndərilməsi bunlardan ibarətdir.
Konkretləşdirdikdə isə, biz bu seçkilərlə əlaqədar dövlətimizin daha da gücləndirilməsi, insanların rifahının daha da yaxşılaşdırılması mesajını cəmiyyətimizə səsləndirmək, ünvanlamaq istəyirik. Çünki Azərbaycan dövlətinin gücünün bundan sonra da artırılması bayaq dediyimiz hədəflərin əldə edilməsinə çox etibarlı təminat yardır. Bu mənada güclü dövlət vəzifəsinin qarşıya qoyulması həmin hədəflərin əldə olunmasının ən etibarlı təminatıdır. Nəhayət, təbii ki, dövlətimizin güclənməsi, iqtisadiyyatın inkişafı-bütün bunların hamısı insanların marağına, mənafeyinə xidmət etməlidir. İqtisadiyyatın gücləndirilməsinin hədəfi insanın rifahının yaxşılaşdırılması olmasa, dövlətin güclənməsi nəticəsində insanın həyatında keyfiyyət dəyişiklikləri olmasa, güman edirəm ki, nə iqtisadiyyatın yüksəlməsinin, nə də dövlətin güclənməsinin elə bir ciddi əhəmiyyəti olmayacaq. Bu mənada, biz bütün vəzifələri qarşıya qoyarkən başlıca hədəfi də müəyyənləşdirmiş oluruq. Bu da insanın rifahının daha da yaxşılaşdırılmasıdır. Ona görə də, bizim konkret hədəfimiz «güclü dövlət, yüksək rifah» şəklində ifadə oluna bilər. Bu, partiyamızın qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar hədəfləri və şüarlarıdır. Güman edirəm ki, Azərbaycan vətəndaşı bizim mesajlarımızın tamamilə səmimi hisslərdən qaynaqlandığına inanır. Çünki bu günə qədər də YAP-ın həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara xidmətdən ibarət olub. Bu gün də məhz o istək və arzu YAP-ın fəaliyyətinin kökündə dayanır.  

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?