Modern.az

Ucqar kəndin müəllimi: “Valideynlər uşaqlarının bütün öhdəliyini müəllimin üzərinə atırlar” - MÜSAHİBƏ

Ucqar kəndin müəllimi: “Valideynlər uşaqlarının bütün öhdəliyini müəllimin üzərinə atırlar” - MÜSAHİBƏ

22 Aprel 2015, 16:38

 “Azərbaycandakı savadlı müəllimlərin əksəriyyəti sovet təhsilindən bəhrələniblər” 


Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirilər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, şəhərdə fəaliyyət göstərənlərdən daha yararlı, daha vacib işlə məşğuldurlar. Bizim növbəti müsahibimiz kimi.

Modern.az saytının suallarını pedaqoji fəaliyyətini hazırda İsmayıllı rayonunun Buynuz kəndində yerinə yetirən  gənc müəllim Famil Ağayev cavablandırıb.

- Əvvəlcə sizinlə tanış olaq...

- İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşam. 2004-cü ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. Bakalavr pilləsi bitdikdən sonra magistratura pilləsi üzrə Azərbaycan Pedaqoji Universitetinin Riyazi analiz kafedrasına daxil oldum. Burda dərslər məni qane etmədiyi üçün təhsilimi dayandırdım. Yenidən magistratura pilləsi üzrə  BDU-nin Hesablama riyaziyyatı kafedrasına qəbul oldum. Pedaqoji fəaliyyətə 2009-cu ildə hərbi xidməti başa vurduqdan sonra özəl kurslardan başlamışam. Dəfələrlə Təhsil Nazirliyinin müəllimlər üçün keçirdiyi imtahanlarda iştirak edib birinci yeri tutmuşam. İndiyə qədər qarşıma davamlı olacaq iş imkanları çıxmayıb. 2014-cü ildə təhsil aldığım orta məktəbdə əlavə vakansiya olduğunu gördüm və bunu dəyərləndirdim. İndi həftənin bir qismini Bakıda özəl kurslarda,  əsas hissəsini isə Rəhman Ocaqov adına Buynuz kənd tam orta məktəbində dərs deyirəm.

- Həm rayonda, həm də Bakıda işləməyinizi ailəniz necə qəbul edir?

- Evim və ailəm Bakıdadır. Magistraturanı  bitirəndə nişanlı idim. Təbii ki, kortəbii qərar vermədim. Bilirdim ki, bu vəziyyət yaranacaq. Kurs həyatı elədir ki, daha çox enerji sərf etməklə maddiyyat qazanırsan. Özəl kurslarda istədiyin kimi rəftar edib, istədiyin kimi bilik verə bilmirsən. Yəni öndə maddiyyat durursa, sən öncül insan ola bilməzsən. Uşaqların sevimli müəllimi olaraq hörmət qazana bilərsən, daha savadlı müəllimi olaraq yox. Bu da mənə görə boş məfhumdur. Elə bir özəl sektor tanımıram ki, orda maddiyyat öndə olmasın. Həm rayonda, həm də şəhərdə işləməyimə gəlincə, əziyyət çəkməliyik.

-  Doğru bilib icra etdiyiniz hansısa bir hərəkətinizə görə istər rəhbərlik, istərsə də valideynləriniz tərəfindən tənqid olunmusunuz?

- İstənilən insanın həyatında belə məqamlar ola bilər. Bəzən doğru bildiyin şey başqasına görə yanlış olur və ya əksinə. Amma bir anlıq özüm də düşünmüşəm ki, bəlkə də yanlışam, qarşımdakı doğrudur. Bildirilən iradları normal qəbul etmişəm. Düşünmüşəm ki, qarşımdakı insanın təcrübəsi çoxdursa, yəqin mən səhvəm. Həm də səhv və ya düz tənqid olmayan yerdə inkişaf olmaz.

-  Hər peşənin problemləri, sıxıntıları olur. Siz hansı problemlərlə üzləşirsiniz?

- Kurs sistemində bir sıra çətinliklərlə qarşılaşmışdım. Orda maddiyyat ön planda olduğundan, təhsil ikincidir. Düşünürdüm ki, orta məktəbə gedəndə də belə hallarla qarşılaşacağam. Direktor savadımı yüksək qiymətləndirərək  məni ilk dəfə auditoriyaya  təqdim edəndə şagirdlərin təlim-tədris prosesində yaranan hər hansı problemləri, gerilikləri aradan qaldıra biləcəyimi dedi. Mən də bacardığım qədər bu etimadı doğrultmağa çalışıram. Köhnə sovet sisteminə çox müraciət etmək istəmirəm. Yeni sistem elədir ki, şagirdlərə müstəqillik vermək, onları sevə-sevə öyrətmək daha yaxşıdır. Dərs dediyim auditoriyanın riyazi biliklərin artması istiqamətindəki fərqi tək özüm yox, şagirdlər də hiss edir.



- Maddi cəhətdən imkanı olmayan şagirdlərlə qarşılaşmısınız?

- Bunu görmək çox çətin deyil. Çünki özüm də o məktəbin şagirdi olmuşam və o yolları keçmişəm. Bəzən Bakıdan rayona gedəndə test kitabları alıb şagirdlərə vermişəm ki, geri qalmasınlar. Çox vaxt onlarla bir dost kimi söhbətlərim də olur. Bu, onların özlərini sərbəst hiss edib problemlərini danışmasına imkan verir. Müəllim-şagird münasibətlərində heç vaxt sərhədi tam bağlamaq olmaz. Açıq sərhəd mütləq olmalıdır.

- Pedaqoji fəaliyyətinizdə unutmadığınız məqam nə olub?

- Yaxşı mənada unutmadığım bir məqamı xatırlayıram. 2013-cü ildə hazırlıq kursunda tələbə olmağa hazırlaşan uşaqlarla birlikdə istirahət üçün Qubaya səfər etdik. Sonradan mənə bildirdilər ki, şagirdlərdən biri yol boyu riyaziyyatdan test işləyib. Həm də 10-cu sinif şagirdi. Yəni qarşıda onu imtahan gözləmədiyi halda düşərgə, istirahət belə onu oxumaqdan yayındırmamışdı. Bunu eşidəndə mənə həqiqətən çox zövq vermişdi. Çünki onun anası mənə bir dəfə şikayət etmişdi ki, bu uşağa az tapşırıq verin, az işləsin. Amma mən ona heç bir tapşırıq vermirdim. Sadəcə, demişdim ki, nə qədər bacarırsan yaz. Halbuki bu şagird kursa başlayanda dərslərə çox biganə idi.

- İnsan etdiyi hər işin ilkini daim xatırlayır. İlk dərsi necə xatırlayırsınız?

- İlk dərsim pedaqoji təcrübəyə gedəndə olub. Yeni Yasamalda 286 saylı məktəbdə 10-cu sinfin riyaziyyat dərsi idi. Mən ora pedaqoji təcrübəyə getmişdim, dərsdə oturmalıydım, digər müəllim dərsi izah etməli idi. Dərs prosesində gördüm ki, müəllimə bir neçə düsturu səhv yazdı. Məni təqdim edib bir neçə dəfə də auditoriyaya müraciət etdi ki, bundan sonra sizə mənim əvəzimdən o dərs deyəcək, heç olmasa ona hörmət edib sakit dayanın. Doğrusu, orta məktəbdən deyirdim ki, müəllim olacağam, şagirdlərə qarşılıqlı hörmət, səmimi ortam quracağam. Müəllimənin bu ifadəsi məni boğdu ki, illərdir arzusunda olduğum və görmək istədiyim, sadəcə bu hörmətsizlikdirmi? Elə oldu ki, dördüncü dərsdən sonra oturmayan şagirdlər, hətta altıncı dərsdə oturub riyaziyyatdan məsələ, misal həll edirdilər. Repetitor yanına gedən şagirdlər belə öz dərslərini gətirib orada yazmağa başladılar. Harada problemli sinif var idisə, məni ora göndərirdilər. 42 günlük pedaqoji təcrübədə 30 saata yaxın dərsdə oldum.

- Hansı halda deyərsiniz ki, müəllimlikdən vaz keçirəm? Son dərsinizin necə olacağı haqqında xəyalınız, düşüncəniz varmı?

- Müəllimlikdən getmək niyyətim yoxdur. Ola bilər ki, məkan dəyişilə bilər, yaxud mövcud vəziyyətlə əlaqədar fasilə ola bilər. Amma müəllimlikdən birdəfəlik getməyi düşünmürəm. Uşaqlıqdan öyrətmək funksiyasını yerinə yetirməyi sevirdim. Həm kənd məktəbi, həm də Bakıda işləmək, üstəgəl ailə vəziyyətim çox çətindir. Ola bilər, işimi rayonda, ya da Bakıda davam etdirərəm. Bunu zaman göstərər. Amma peşəmi atmaq fikrim yoxdur. Müəllimlikdən getməyi istəmədiyim üçün, sonunu da düşünmək istəmirəm.

- Aldığınız maaş sizi qane edirmi?

- Müəllim üçün maaş nə qədər çox olsa, yenə də azdır. Mövcud durum üçün maaşlar üç dəfə azdır. Rayon məktəblərində repetitorluq etmək üçün şagirdlərdən təkliflər olub. Ancaq qəbul etməmişəm. Onu da bilirəm ki, Bakıda işim olmasaydı, məcburən bu addımı atmalıydım. Amma bir şeyə diqqət edək. Dövlət məktəbi tikib, müəllimləri, dərs üçün müəyyən saat ayırıb. Şagirdlər məcburi və ya könüllü olaraq gəlib oturur dərsdə. Sual olunur: “Nəyə görə əlavə saat olaraq müəllim şagirdə həmin dərsləri yenidən deməlidir?” Əlbəttə, maddi durumuna görə. Müəllimin maaşı çox olarsa, dərsin də keyfiyyətini tələb etmək olar. Verilən tələbləri yerinə yetirə bilməyən müəllimlər kənara çəkilməlidir. Bəzən yüksək savad sənin metodikanı düzgün yönləndirməyə bilər. Metodiki təcrübəni də nəzərə almaq lazımdır. Etiraf edək ki, heç də bütün müəllimlər  tərbiyəedici və öyrədici deyil. Təhsil Nazirliyi müəllimin repetitorluq edib qazandığı puldan vergi tutmur. Bu o deməkdir ki, yolun açıqdır, bacarırsan irəli get. Daha sənə demir ki, get fəhləlik et.

- Sizcə, çətin tərbiyə olunan şagirdlərlə necə rəftar etmək doğrudur? Onlara təzyiq göstərmək çıxış yolu ola bilərmi?

- Əvvəllər uşaqlar daha çox tənqidi nöqteyi-nəzərdən böyüyürdülər. Hansı şagirdi danışdırsan, yadına gələn ilk xatirə bu olur: “Dərsi oxumamışdım, müəllim məni elə döydü ki, başım yerə dəydi”. Rayon məktəblərində belə hallar çox olub. Maraqlısı budur ki, hamı bu addımı doğru bilib və qəbul edib. Özüm də şahid oluram ki, cəzalandırmaq ən üstün yoldur.

Ailədə uşaq valideyn sözünə qulaq asmır. Valideyn uşağın bütün öhdəliyini müəllimin üzərinə atır. Belə uşaqları nə söyməklə, nə də sevməklə öyrətmək olur. Rayon məktəblərində məktəbli sayı az olduğundan həmin uşağa bir neçə şagirdi örnək göstərə bilmirsən. Yəni paxıllıq yaratmaqla nəyəsə nail olmaq da mümkün deyil. Hazırkı vəziyyət üçün cəzalandırmanı aradan götürmək yanlış yoldur. Faktiki olaraq istənilən rayon məktəbində bu var və demək olar ki, istənilən müəllim bunu tətbiq edir.

- Beynəlxalq təcrübəni bizim məktəblərdə tətbiq etmək olarmı?

- Bu gün şagirdi universitetdə oxumaqla həvəsləndirə bilmirik. Deyirsən, yaxşı oxu, universitetə daxil ol, örnək göstərir ki, filankəs universitet bitirib qoyun otarır. Deyirsən, oxu ziyalı ol, deyir ki, filankəs heç oxumayıb, amma kəndin ziyalıları toplaşanda birinci onu çağırırlar. Nəyi deyirsən de, şagird müəllimin qarşısına əks  nümunə göstərir. İndi şagirdlərə tənqidlə yanaşmaq lazımdır ki, oxusun. Başqa nə edəsən? Təbii ki, nəticə cəzadan alınır.

Azərbaycanda savadlı müəllimlərin əksəriyyəti sovet təhsilindən bəhrələnib. Avropanın bəzi ölkələrinin təhsil sistemindən danışırıq. Amma bir şeyi qəbul etmirik ki, onların təhsilinin Azərbaycandakı təhsildən üstünlüyü yoxdur. Onlarda cəza yoxdur, yüksək dərs tələbi var və mütləq irəli getmək istəyən şagird oxuyacaq. Amma Azərbaycanda  universitetə daxil olanın oranı bitirməsi asandır.

Yeganə OQTAYQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir