Modern.az

Əmlak Komitəsi sənədsiz evlərə dair təkliflər hazırlayacaq

Əmlak Komitəsi sənədsiz evlərə dair təkliflər hazırlayacaq

Aktual

23 Aprel 2015, 12:37

Prezident İlham Əliyev bu ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.
Böyük çoxluğun gözlədiyi fərman 500 mindən çox sənədsiz evin aqibətinə hansı səviyyədə təsir edib?

Modern.az saytının məsələylə bağlı suallarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov cavablandırıb:

“Azərbaycan Respublikasının əvvəllər qəbul edilmiş “Reyestr haqqında” Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyat aparıla bilən sənədlərin siyahısı müəyyənləşmişdi. Cənab prezidentin 2015-ci il yanvar ayında imzaladığı müvafiq fərmanına uyğun olaraq həmin siyahı daha da artırıldı, sovet hakimiyyəti və ondan sonrakı illərdə aid olan sənədlər öz qanuni qüvvəsini aldı. Bu isə hazırda qeydiyyatın dövriyyəsinin artmasına səbəb olub”.

Komitə rəsmisi sonuncu fərmanın müsbət tərəflərini diqqətə çatdırsa da, mövcud olan sənədsiz evdən neçəsinin sənədləşməsinə dair informasiya verə bilməyəcəyini vurğulayıb:

“Əvvəllər əlində sənəd olsa belə, həmin şəxsin dövlət qeydiyyatını apara bilmirdik. Fərman nəticəsində vətəndaşların əlində olan sənədlər öz qanuni qüvvəsini aldı.

Lakin hazırda 500 min evdən neçəsinin fərman nəticəsində sənədləşdiyi barədə məlumat vermək çətindir. Çünki, onlar ilkin qeydiyyatla bağlıdır. Məlum olduğu kimi, qanuna müvaifq olaraq hər ilkin qeydiyyatın sayı əsasən azalmağa doğru gedir.

Səbəb budur ki, yaşayış yeri Dövlət Reyestr Xidmətində qeydiyyata alınıdıqdan sonra ikinci dəfə artıq təkrar bazarda dövriyyə edir. Və əgər ilkin qeydiyyatın sayı artırsa, deməli fərmandan sonra qanuni qüvvəsini alan sənədlərin məsələyə müsbət təsiri var. Amma dəqiqliklə rəqəm söyləmək çətindir”.

“Aqibəti müəyyən olunmayan bütün evlərin sənədləşmə prosesinin yekunlaşması üçün hansı addım atılmalıdır” sualına cavab olaraq Qulu Xəlilov bildirib ki, komitə qeydiyyat orqanı olaraq müvafiq icra orqanları tərəfindən verilmiş sənədlər əsasında qeydiyyat aparır:

“Gələcəkdə digər evlərin aqibətilə bağlı biz tərəfdən təkliflər olacaq. Amma bu təkliflərə baxılması dövlət səviyyəsində həyata keçirilir. Və yəqin ki, təkliflər məqsədəuyğun olarsa bununla bağlı qərar qəbul edilə bilər”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!