Modern.az

“Bu şəhər dünyanın gözü baxa-baxa yer üzündən silindi” - SÖHBƏT

“Bu şəhər dünyanın gözü baxa-baxa yer üzündən silindi” - SÖHBƏT

24 Aprel 2015, 18:57

Telejurnalist Nadejda İsmayılovanın xatirələri...
         
Nadejda İsmayılova... Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Azərbaycan telejurnalistikasında silinməz əməyi, imzası var. Nə çəksə, nə yazsa yadda qalıb, tariximizin səhifəsinə çevrilib. Nadejda xanımla söhbətlərimizdə onun başdan-ayağa Vətəni Azərbaycan üçün necə yandığını görmüşəm. Eynilə bir şam ki, özünü  yandırıb. Yandırıb ki,bu millətin ağır zamanlarında başına gətirilən ağrı-acılarını, həqiqətlərini eşitmək istəyənlərə və istəməyənlərə çatdırdsın. Vətənin ən ağır günlərində od-alovun içərisindən keçib, müharibə bölgələrindən hər gün təzə xəbərlər verib, Azərbaycanın tarix fondlarında indi qızıl lentlər kimi saxlanılan anları, məqamları gətirib. O, “Azərbaycan”, “Vətən” sözünü bir başqa cür deyir. O danışanda, söhbət edəndə bütün əzaları bu sevgini, məhəbbəti, yanğını hiss etdirir qarşı tərəfə.  O, sözün əsl mənasında Xocalıda SOYQIRIMİ görən bir şahiddir!

Bu gün bütün dünyanın əksəriyyəti Türk dünyasını sarsıtmaq, Çannaqala zəfərinin acısını ürəklərində ovutmaq üçün sarsılan siyasi qüvvələr tərəfindən uydurulan qondarma “erməni soyqırımı” haqqında  ağlaşmalara, sinə cırmağa, saçyolmalara getdiyi bir vaxtda, biz də başımıza ermənilər tərəfindən gətirilən soyqırımı faciələrini danışmalı, bağıra-bağıra, çığıra-çığıra dünyaya car çəkməliyik. Ona görə bu gün Nadejda xanımla bu ilin fevral ayında etdiyim söhbətə yenidən qayıtdım.  O söhbəti Nadejda İsmayılovanın həmin günlərdən saxladığı yadigar lentlətə baxa-baxa etmişdim. Bu gün isə  günümüzü nəzmə çəkdim.


... 1992-ci il 26 fevraldan uç gün  sonra, yəni ora yol açılan kimi Nadejda İsmayılova, Namiq Şirəlibəyov və İzzət Əzizov çəkiliş qrupu ilə talan olmuş Xocalıya tələsmişdi.  Əslində, “O günləri necə  xatırlayırsınız ?” deməyə də utanırsan. Və söhbət edəndə görürsən ki, heç o günləri bir an da unutmayıb. Hər dəfə “müharibə, işğal olunmuş ərazilərimiz” deyəndə, müharibə bölgəsində keçirdiyi anlar keçir gözünün önündən:

- Bizim çəkiliş qrupumuz faciənin üçüncü günü Ağdama uçdu. Aeroporta enəndən sonra qarşımıza çıxan ilk yol maşını ilə şəhərə tələsdik. Şəhərin yaxınlığına çatar-çatmaz ağlaşma, qışqırıq səsləri eşidilməyə başladı. Yaxınlaşdıqda bu səslərin Ağdam məscidindən gəldiyini gördük. 1 saat əvvəl buraya Xocalıda amansızcasına  qətlə yetirilənlərin meyitlərinin bir hissəsini gətirmişdilər.  Xocalıda xüsusi amansızlıqla öldürülmüş,bir neçə “Kamaz” maşınına doldurulmuş   insanların meyitlərini gətirib Ağdam məscidinin həyətinə boşaltdılar. Təsəvvür edirsiniz, biz apokalipsisin şəkillərini çəkirdik. İnsanlar şokda idi. Onlar meyitlər arasından oğlunu, övladını, qardaşını, anasını axtarırdılar... Bu mənzərəyə baxmaq, bu görüntüləri izləmək çətin idi. Məscidə yığılanların qışqırtıları, ağlaşmalar, sağçlarını yolub, üzünü cıran qadınların sifətlərindən, gözlərindən qan axırdı... Qadınlar ağıllarını itirmişdilər. Mən də huşumu itirdim...
... Özümə gələndə başımın üzərində bayaq üzü al qana bulanmış o qadını gördüm. Öz dərdini unudub, mənə “Qurban olum, ayıl. Həkim çağırın” deyirdi. Başımı tumarlayırdı, qayğıma qalırdı. Mən özümdə qüvvət tapıb, ayıldım .Və o qadının qarşısında özümdən utandım. O bu boyda dərdin ağırlığından yıxılmamışdı... Onların qarşısına Xocalıdan iki “Kamaz” maşını ölüm gətirmişdilər. Məhz ölüm... İki “Kamaz” ölüm.

Və o zaman öz-özümə fikirləşdim ki, qoy ağlasınlar, ucadan qışqırsınlar... İnsanın bütün varlığını saran o ağrını, acını, dərdi ancaq belə qışqırıq səsləri ilə içərisindən çıxarmaq olardı.. O səslər kökslərində qalsyadı, o gün həmin məscidə yığılanlar da ölüb həmin meyitlərə qarışacaqdılar. Yaşamaq lazım idi. Yaşamaq!!! Millət nəyin bahasına olur olsun yaşamalı, varlığını sübut etməliddir!!!

İşimiz çox idi. Yükümüz ağır. Biz Ağdamın əl çatan, ayaq tutan hər yerinə tələsirdik. Şəhər o müdhiş gecədə Xocalıdan qaçanlarla dolu idi. Əslində buradan başqa qaçacaqları yer də yox idi. Şahidləri danışdırdıq .Onların danışdıqları dəhşət idi. Onların içərisində ailəsinin 12 üzvünü itirən, balasını yolda qoyub qaçan, ölüsünü tullayıb gələnlər var idi. Eləsi də var idi ki, ölmüş bildiyi doğmalarını gəlib Ağdamda tapmışdı. 
***
Nadejda İsmayılova indi əlinin altında olan videoarxivə yenidən baxmağa çətinlik çəksə də, o lentlərə yenidən baxırdıq. Kadrdakı insanlar 2 gün əvvəl başlarına gələni danışırdılar. Hələ hadisələrin şokunda olduqlarından, bəlkə də faciənin ağırlığını o qədər dərk etmirdilər. Nəhayət Hacıyev, Vidadi  Cavadov, Azər Hacıyev başlarına gələn dəhşətləri danışırdılar:
“ Məni və mənim yerlimi zirzəmiyə atdılar. İşıq, yemək su yox idi. Mən paslanmış boruları yalayırdım ki, heç olmazsa mədəmdə nəsə olsun. Elə bilirdim ki, ölmüşəm. Zirzəmidə saxlandığımın 20-ci gün imiş. Ermənilər zirzəmiyə düşdülər. Biri o birinə dedi: “Hansından başlayaq?”. “Cavandan”-deyə o biri cavab verdi. Onlar gözümün qarşısında  qonşumun başını kəsdilər. Bu zaman rus hərbçisi peyda oldu. Və gördüklərindən dəhşətə gəlib erməni döyüşçülərinə çığırdı: “Neyləyirsiniz? Heyvansınız?.. Qurtarın... Bəsdirin...”. Sonra da iyrənmiş kimi ayaqlarını yerə tökülən qanın içərisindən çıxardı. Deyəsən həmin hərbçi bu ermənilərin başının böyüyü idi. Ona tabe olurdular. Sonra onlar məni bir erməni döyüşçüsünə dəyişdilər, hələ doğmalarımdan pul da aldılar. Beləcə mən sağ qaldım. Mən cəhənnəmdən gəlmişdim”.

***

Nadejda xanım İsmayılovanın Xocalıdan çəkdiyi  o lentlərdə  bir türkmən və bir özbək balası nə baş  verdiyini anlayandan sonra, 366-cı rus alayından qaçıb Ağdama pənah gətiriblər. Ağdama gələndə isə əyinlərində olan rus hərbçi formasının hesabına neçə uşağı və qocanı bu faciədən xilas edə bilmişdilər.
O lentlər tam bir Xocalı və Ağdam gündəliyidir. Hər saniyəsində, dəqiqəsində dəhşət, vəhşilik və insanlığa sığmayan erməni vandalizminin kadrları.
Və bir də ki güllə yağışı kimi yağdırılan suallar:

- Faciənin baş verməsinin günahkarı kimdir?
- Niyə hadisənin qarşısı alınmadı?
- Ağdama tərəf yollar erməni döyüşçüləri ilə bağlı olanda, nədən uşaqları və qadınları Xocalıdan çıxarmadınız?
- Faciənin qurbanına, nişangahına çevrilən insanlar üçün dəhliz açılanda , bu əməliyyata kim mane oldu?
- Vertolyotların şəhərə uçub gəlməsinə kim mane olmuşdu?
- Nəyə görə şəhərin rəhbərləri vəziyyəti tam nəzarətdə saxladıqlarını, heç bir təhlükənin olmadığını deyirdilər?
Bu suallara cavab axtarırdı. 
***

Nadejda xanımdan Allahverdi Bağırovu necə xatırladığını soruşdum:
- Həmin günləri, həmin illəri ömrümün yarısından çoxu sayıram. Və orada Xalq Cəbhəsinin Ağdam könüllülər batalyonundan bir Allahverdi Bağırov vardı. Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna - döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi...

Həmin gün maraqlı bir hadisə oldu. Bizi  ermənilərlə həmsərhəd  Əsgərana qədər apardılar. Lakin maşında oturmağımız və özümü göstərməməyimiz əmr olundu. Biz gizli çəkiliş aparırdıq. Bu zaman əynində  kürk olan bir erməni  şax yerişi və xüsusi ədası ilə Allahverdiyə yaxınlaşdı, nəsə danışdılar. Yenə meyit dəyişirdilər. Erməninin üzündə məmnunluq var idi. Bizim azərbaycanlıları - uşaqlarımızı, qocalarımızı, xəstələrimizi öldürməyin məmnunluğu. O səhnəni indi də xatırlayanda köksümdə ürəyim param-parça olur... Allahverdinin yanında məğrur görünən əlləri uşaqlarımızın qanına batmış erməni...

Allahverdi  ölümün gözünə dik baxırdı. Elə həmin ilin iyun ayında Allahverdi Bağırov minaya düşərək həlak oldu. Onu Ağdam qəbristanlığında dəfn elədilər. Mənim üçün əslində bu gün Ağdam başdan-ayağa qəbristanlıqdır.

- Xocalı faciəsi Sizin təbirinizdə nədir?
- Xocalı hadisələri Qarabağ kampaniyasının ərazisini və xarakterini dəyişdi. XX əsrin sonlarında heç bir strateji və iqtisadi əhəmiyyəti olmayan balaca bir şəhər DÜNYANIN GÖZÜ BAXA-BAXA yer üzündən silindi. Dünya Tarixinin qanlı səhifəsində olan Hernika, Liditsa, Sonqmi şəhərləri kimi. Bu sıraya bir Xocalı da yazıldı. Fərq onda idi ki, burada insanların öldürülməsi üçün yeni metodlar, yeni üsullar işləndi və tətbiq edildi.
- Nadejda xanım bəs Siz nəyə inanırsınız, nə gözləyirsiniz? Düz 23 il keçib. Xocalı faciəsini isə dünya hələ də tanımaq istəmir..
 - Mən də inanıram ki, və inanmaq istəyirəm ki, gec-tez bu terroru törədənlərin, Azərbaycan xalqına qarşı bu soyqırımı  edənlərin MƏHKƏMƏSİ olacaq. O MƏHKƏMƏ ZALINA Xocalıda günahsız ölən şahidlər çağırılacaq. Və bir də dünyadan silinən Xocalı şəhəri. O Xocalı ki, dünyanın gözü qarşısında 1992-ci ilin 26 fevralında öldürdülər. Və bu məhkəmə çox ağır olacaq. O ruhların çağırılacağı məhkəməni çox həsrətlə gözləyirəm!!!                  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi