Modern.az

“Xocalı uşaqları” Türkiyəni ağladıb

“Xocalı uşaqları” Türkiyəni ağladıb

Aktual

25 Aprel 2015, 17:18

Bu ilin aprelin 22-də Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirlmiş 25 Xocalı sakini, “25-lər”in Türkiyə səfəri başa çatıb və bu gün geri dönüblər. Təşəbbüs İstanbul Ticarət Odasından gəlib. 3 gün davam edən səfər müddətində bir neçə QHT nümayəndəsi, media rəhbərləri və millət vəkili Flora Qasımova da “25-lər”lə birgə olublar. 

Modern.az xəbər verir ki, İstanbul Ticarət Odasının dəvətilə gerçəkləşən tədbir zamanı “25-lər” İstanbulda rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak ediblər. Türkiyə mediasının nümayəndələri “25-lər”in Xocalı soyqırımı zamanı yaşadıqlarını onların öz dili ilə Türkiyə ictimaiyyətinə çatdırıblar.

Toplantı zamanı İstanbul Ticarət Odasın üzvü Öztürk Oran Elşad Eyvazlının Xocalıda hər iki valideynini itirən “25-lər”lə bağlı 4 dildə çap olunmuş kitabından danışıb.

İstanbul Ticarət Odasının üzvlərinə müxtəlif dillərdə çap olunmuş “Böyüməyən uşaqlar” kitabı təqdim olunub.

Elşad Eyvazlı İstanbul Ticarət Odasının rəhbərliyinə, xüsusuilə “25-lər”i Türkiyəyə dəvət etmiş Öztürk Orana təşəkkür edib. Çıxışı zamanı Öztürk Oran dəfələrlə göz yaşını gizlədə bilməyib.

O, qeyd edib ki, əslən Azərbaycandandır: “25-lər”in hər birini öz övladlarım qədər sevirəm. Buna şübhəniz olmasın. Siz yalnız məni deyil, bütün Türkiyəni, türk dünyasını ağladırsınız. Biz Qarbağımızı işğaldan azad etməyincə ağlayacağıq”.

Öztürk Oran tədbirin gedişi zamanı öz qızına telefon açaraq, onun daha 25 övladının olduğunu və 25 övladın hamısının öz qızından daha gözəl, yaraşıqlı olduğunu deyib. “25-lər”in hər birini bağrına basan Öztürk Oran onları 2016-cı ilin aprel ayında yenidən Türkiyəyə dəvət edib.

Çıxışında millət vəkili Flora Qasımova belə bir ev sahibliyinə görə Öztürk Orana minnətdarlığını bildirib.

Sonra heyət adından Elşad Eyvazlı Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı maraqlı hədiyyələri İstanbul Ticarət Odasının rəhbərliyinə təqdim edib. Azərbaycandakı inkişafdan məmun olduqlarını ifadə edən İTO rəhbərliyi bu hədiyyələri əbədi olaraq İstanbul Ticarət Odasında saxlanılacağını bildirib.

Ö. Oran deyib ki, qardaş ölkənin uğurları hər zaman onları sevindirir: “Bizdə ölkənizdə keçiriləcək olan I Avropa Oyunlarını dəstəkləyir və bu oyunların çox yüksək səviyyədə keçiriləcəyinə inanırıq”.

Sonra “25-lər” adından çıxış edən Murad Hüseynov belə qayğıkeş münasibətə görə İTO rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xocalı soyqırımı zamanı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirlmiş “25-lər”lə bağlı film və kitab hazırlanıb. Bu günə qədər dünyanın 8 ölkəsində kitab və filmin təqdimatı keçirilib. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək.

 

Pərvin ARZUQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar