30 may 2017, Çərşənbə
Ana Səhifə - FOTOSÖHBƏT - Rəşad Məcidlə FOTOSÖHBƏT
Rəşad Məcidlə FOTOSÖHBƏT
04.05.2015, 09:44

Modern.az saytı "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə FOTOSÖHBƏT layihəsini təqdim edir.

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988 -ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib.

1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində  sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə  “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 

1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən  “525-ci qəzet”in baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb. 2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib. 

Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə "Hələ ki vaxt var" adlı şeirlər, 2004-cü ildə "10 sentyabr" adlı hekayələr kitabı çapdan çıxıb. Ailəlidir, üç oğlu var.

 

 1965-ci ilin yanvar ayı. Şəkildə də  yazılıb, nənəmə babama və bütün qohumlarıma 5 aylığımı bəxş edirəm.

 

Bu 1966-ci ildə Turşsuda çəkilib. Burda  2 yaşım var. Bu şəklə baxan hər kəs oğlum Mirhaciblə mənim bir-birimizə çox bənzədiyimizi deyir.


Mənim uşaqlığımın yay vaxtları Turşsuda keçib. Ora mənim ən çox sevdiyim bir yer idi. Laçınla Şuşanın arasında çox gözəl bir ərazidə yerləşirdi. Ora gedəndə palatka qururduq. Bəzən bizim yanımıza erməni fotoqraflar gəlirdi, şəkillər çəkirdilər. Bacım, mən və bibim qızı ilə.

   

Bu şəkil qəzetlərdə də çap olunmuşdu. Babam seyid Mirhacib ağa həm Ağcabədidə, həm də Qarabağda çox məşhur olan bir seyid olub. Mən onun ilk oğul nəvəsi olduğuma görə məni çox sevirdi. Bu şəkil də Turşsuda 4 yaşımda çəkilib.  

Burda mənim 11-12 yaşım var. Anam Yavər xanımla.

Ağdamda 1 nömrəli orta məktəbdə oxumuşam. Sinif yoldaşlarımla illərə dayanan dostluğumuz olub. Hətta toyumda da onları dəvət etmişdim. Onların arasında mənə əziz olan Ceyhun adlı oğlan ordakı hadisələr zamanı rəhmətə getdi.

Atam, qardaşım və mən...

  

1981-ci il. Qəçrəşdə uşaqlıq dostum Vaqiflə...

Burda 10-cu sinifdə oxuyuram. Bakıda fizika-riyaziyyat təmayüllü məktəbdə sinif yoldaşlarımla bir arada...

Babam Mirhacib ağa və atam Müseyib müəlllim. Bu şəkil də eyni məkanda - Turşsuda çəkilib.  


Bu şəkil 1977-ci ildə Sankt Peterburqda çəkilib. Atam, anam bacım və mən. Uşaqlıq illərimin ən gözəl xatirələrindən biri idi...

 

1986-ci il 15 iyununda ailə həyatı qurmuşam. O vaxt sinif yoldaşlarımı da toyuma dəvət etmişdim.

2000-ci ildə bir qrup jurnalist Almaniyada tədbirə qatılmışdıq. 

2000-ci ildə ilk dəfə İrana getmişdik. Çox hay-küylü səfərimizin olduğu indiyə qədər də yadımdadı. 

Bu şəkil tarixi hadisəni yadıma salır. 2006-cı ildə biz Bakıdan ilk dəfə Quzey Kıbrısa birbaşa reyslə uçduq. Ora birbaşa uçuş olmadığına görə, bu, hay-küylü bir uçuş olmuşdu. Quzey Kıbrısın o vaxtki baş naziri Mehmet Əli Tələt də orda bizimlə idi. O da yadımdadır ki, o vaxt bizi Kiprdə çox yüksək şəkildə qarşılamışdılar.  

Bir qrup iqtisadçı alim, İTV-nin əməkdaşları ilə  Koreyaya səfər zamanı. İsmayıl Ömərov və Cəsarət Valehovla birlikdə

1998-ci ilin avqust ayında 23 gün Qulu Məhərrəmli ilə birlikdə ABŞ-ın müxtəlif yerlərində olduq. Ağ evdə mətbuat katibi ilə birlikdə şəkil də çəkdirdik. Qulu müəllim də həmişəki kimi cavandı. O, çox yaxşı yol yoldaşı və əvəzsiz bir insandı. Həmin 23 günlük səfər çərçivəsində biz bir-birimizi yaxından tanıdıq.  

“525-ci qəzet"in 10 illik yubileyi zamanı çəkilib. Burda tanınmış insanlar iştirak etmişdi. Rəhmətlik Həsən Turabov və Yaşar Nuri də bizim tədbirə qatılmışdılar. 

 

2002-ci il noyabrın 17-i qəzetimizin 10 illik yubileyindən ən gözəl xatirə şəkli... Bu yubileyimiz çox uzun illər danışıldı. Ona görə də biz 20 illiyi qeyd etmədik. Çünki o ab-hava bizim hər birimizdə qalırdı.  

 

Bu şəkil 2006-cı ilin yanvarında Qarsda çəkilib. Əflatun Amaşov və  konsulluğun əməkdaşları ilə

Yazıçılar Birliyində tədbirdən sonra çəklib. Vaqif Səmədoğlunun ovqatının yaxşı olduğu siqaretini tutmağından bəllidir. Bizim bir yerdə çox səfərlərimiz olub. Vaqif Səmədoğlu rəhmətə gedəndən sonra mən ona şeir də həsr etdim.

Ramiz Rövşən və Ramiz Əzizbəyli ilə bir yerdə. Hansısa tədbirdəyik. Şeyx Allahşükür Paşazadə də burda iştirak edirdi.

  

Aqil Abbas mənim həyatımda çox böyük rolu olan bir insandı. Mən onunla çox səfərlərdə olmuşam. O bir çox əsərlərini biz səfərdə olarkən mənim yanımda qələmə alıb. Bu şəkil də bizim Şimali Qafqazda olduğumuz zaman çəkilib.

“525-ci qəzet" 2000-ci illərdən başlayaraq, ilin bədii əsəri nominasiyasını həyata keçirirdi. Burda ilin bədii əsəri mükafatını  Kamal Abdullaya təqdim edirik. Onun yarımçıq əlyazmaları ilk dəfə bizim qəzetdə çap olunmuşdu.

Ağcabədidə həyətimizdə çəkilib. Atam Müseyib Məcidov tanınmış bir insandı. Onun mənim həyatımda çox böyük rolu var.

  

Anam və oğlum Mirhacib. Bu şəkil də Ağcabədidə baba evimizdə çəkilib.