Modern.az

Eldar İbrahimov: «...Bu kolxozun bərpası deyil»

Eldar İbrahimov: «...Bu kolxozun bərpası deyil»

23 Sentyabr 2010, 16:05

Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə əlaqədar parlamentin Aqrar siyasət komitəsinin ilk iclası keçirilib.  Modern.az xəbər verir ki, sentyabrın 23-də baş tutan iclasda 3 məsələ – Aqrar siyasət komitəsinin 2010-cu il yaz və növbədənkənar sessiyasının yekunlarına dair gördüyü işlər, adıçəkilən komitənin 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı və «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun layihəsi (I oxunuş) müzakirə olunub.

İlk məsələ barədə məlumat verən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, komitə 2010-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə öz fəaliyyətini MM-in qanunvericilik fəaliyyəti sahəsində nəzərdə tutulan iş planına uyğun şəkildə həyata keçirilib. MM-in perspektiv iş planına uyğun olaraq komitənin yaz sessiyası üçün iş planı 26 yanvar tarixli iclasda geniş müzakirə olunmaqla qəbul edilib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulan müddətlərdə keçirilib, vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması sahəsində mütəzəm iş aparılıb.

Hesabat dövründə komitənin 5 iclası keçirilib, bu iclaslarda 8 məsələ, o cümlədən 6 qanun layihəsi geniş müzakirə edilib.

Parlamentin digər komitələri tərəfindən rəy üçün daxil olan qanun layihələrinə komitə tərəfindən ətraflı rəylər hazırlanıb göndərilib.

Hesabat dövründə komitə beynəlxalq təşkilatlar və xarici ölkə parlamentləri ilə sıx əlaqələr saxlayıb. Xarici ölkə parlamentlərində və beynəlxalq təşkilatlarda iştirak edən komitə üzvləri komitənin iclaslarında müntəzəm olaraq məlumatlar verib, mətbuat və digər informasiya vasitələrində çıxışlar ediblər. Eyni zamanda, komitənin sədri fevralın 20-dən 22-dək İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin dəvəti ilə spiker Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin tərkibində İranda olub, 12-16 mayda isə ATƏT-in Qazaxıstanda keçirilən Trans-Asiya parlament Forumunda iştirab edib. Ümumilikdə komitə sədri 2 dəfə xaricə səfər edib. Hesabat dövründə sözügedən komitəyə 94 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 51 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 43 ərizə isə təkrar daxil olduğu və anonim olduğu üçün işə alınıb. Bu ərizələrdən 22-i torpaq və torpaq üçün kompensasiya məsələləri ilə, digər 28 ərizə isə iqtisadi və sosial problemlərlə (kredit və subsidiya, özəlləşdirmə, məhkəmə işi, şəhidlik statusunun verilməsi, uşaq bağçasının təmiri, əmək qanunvericiliyinin pozulması, işdən çıxarılma və qəbulla bağlı problemlər və qanunlara dair təkliflər) əlaqədardır. O cümlədən, həmin dövr ərzində 38 şikayətçi komitənin sədri tərəfindən bilavasitə MM-də qəbul edilib.

Sonra ikinci məsələ barədə məlumat verən E.İbrahimovun bildirdiyinə görə, payız sessiyasının qanunvericilik işləri planına 2 qanun layihəsi – «Kənd təsərrüfatı kooperasiyası haqqında» və «Bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» qanunvericilik aktları salınıb.

3-cü məsələ barədə məlumat verən komitə sədrinin qeyd etdiyinə görə, «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun layihəsi birinci oxunuş üçün müzakirələrə təqdim olunub. Qanun layihəsində qeyd olunur ki, bu sənəd Azərbaycanda kənd təsərrüfatı kooperasiyası sistemini təşkil edən kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının, fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi əsaslarını müəyyən edir, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyir. Qanun layihəsinə görə, kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericiliyin məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və xidmətlər göstərmək, istehsal potensialından səmərəli istifadəni, əmək məhsuldarlığını yüksəltməyi təmin, yerli kənd təsərrüfatı məhsulları istehsalçılarını müdafiə, daxili bazarı və xaricə ərzaq ixracını təmin etmək, kooperasiya iştirakçılarının iqtisadi və digər tələblərini ödəməkdir. Eyni zamanda, kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik istehlak cəmiyyətilərinə və onların ittifaqına, habelə digər kənd təsərrüfatı olmayan istehlak kooperativlərinə şamil edilmir.

MM Aparatının əməkdaşı Zahid Abbasov qanun layihəsilə bağlı məlumat verərək qeyd edib ki, ölkəmizdə hazırda 179 kənd təsərrüfatı kooperativi var: «Bildiyiniz kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq ərəfəsindədir. Bu təşkilata qəbul isə rəqabətə davamlı məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalını zəruri edir. Məhz bunu təmin etməyin yolu da kooperasiyaya getməkdən keçir».

«Bu qanun, bəzilərinin iddia etdiyi kimi, heç də kolxozun, sovxozun bərpasına gətirib çıxarmayacaq» - deyən E.İbrahimov bildirib ki, kooperasiya böyük bir istehsal və istehlak sistemini özündə ehtiva edir və edəcək: «Bütün ölkələr, aparıcı dövlətlər kooperasiya sisteminə keçib. Biz deyirik ki, Avropaya gedirik, elə bunu həmin Avropa da tələb edir. Biz deyirik ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmalıyıq, elə bu təşkilat da həmin qanunun qəbulunu zəruri edir».

Müzakirələrdən sonra qanun layihəsi parlamentin payız sessiyasının plenar iclasa tövsiyə olunub.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?