Modern.az

Yaponiyalı nazirin arvadı Bibiheybət məscidini ziyarət etdi - FOTO

Yaponiyalı nazirin arvadı Bibiheybət məscidini ziyarət etdi - FOTO

5 May 2015, 14:11


Yaponiya baş nazirinin müavini, maliyyə naziri Taro Asonun xanımı Çikako Aso Bibiheybət məscidində olub. QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, məscidin axundu Hacı Rahib Babayev qonağa məlumat bildirib ki, İslamın VII İmamı İmam Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanım və İmamın iki oğlan, bir qız nəvəsi burada dəfn olunub. Şirvanşah II  Fərruxzad Axsitan XIII əsrdə həmin məzarların yerləşdiyi ərazidə məscid inşa etdirib. Dinə qarşı müharibə elan edən sovet hakimiyyətinin repressiyası bu dini-memarlıq abidəsindən də yan keçməyib, 1934-cü ildə yeni yol çəkilişini bəhanə gətirən bolşevik rəhbərlərinin göstərişi ilə məscid dağıdılıb.

Hacı Rahib Babayev Azərbaycan müstəqillik əldə etdikdən sonra Bibiheybət məscidinin bərpası ilə bağlı görülən işlər barədə xanım Çikako Asoya məlumat verib. Axund bildirib ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev dövlət başçısı seçildikdən sonra dini və milli-mənəvi dəyərlərin qorunması sahəsində mühüm addımlar atılıb, qədim məscid və ziyarətgahlar təmir edilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bibiheybət məscidinin bərpa olunası ilə bağlı ölkə dindarlarının xahişini Prezident Heydər Əliyevə çatdırıb. Onun göstərişi ilə 1998-ci ildə bərpa olunan Bibiheybət məscidi yenidən dindarların ixtiyarına verilib.

Qonağa məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə burada möhtəşəm kompleks inşa edilib, məscidin ərazisi genişləndirilib. Dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçilər üçün hər cür şərait yaradılıb.

Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Asonun xanımı Çikako Aso Həzrəti Həkimə xanımın məzarını ziyarət etdikdən bütün dünyada insanların sülh şəraitində yaşamaları üçün dualar edib.

Məscid kompleksin ərazisi ilə tanış olan xanım Aso buradakı muzeyə də baş çəkib. Qonaq dini abidənin tarixini, bərpa və yenidən qurulmasını özündə əks etdirən eksponatlara baxıb. Xanım Aso Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirib, din-dövlət münasibətlərinin inkişafı üçün atılan addımların təşviqini vacib sayıb.    

Axund Hacı Rahib Babayev yaponiyalı qonağa nəfis şəkildə hazırlanmış Qurani-Kərim hədiyyə edib.

Görüşdə Yaponiyanın ölkəmizdəki səfirinin iqtisadi məsələlər üzrə köməkçisi Natəvan Vəkilova da iştirak edib.

    
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır