Modern.az

Müəllimlərin işə qəbulu üçün II müsabiqəyə sənəd qəbulu yekunlaşıb

Müəllimlərin işə qəbulu üçün II müsabiqəyə sənəd qəbulu yekunlaşıb

12 Oktyabr 2009, 15:09

Təhsil Nazirliyi oktyabrın 1-də Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlərə II müsabiqə elan edib. Müsabiqə sona çatmaq üzrədir.

Modern.az nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, müsabiqəyə paytaxtın müxtəlif məktəblərində olan 226 vakant iş yeri çıxarılıb. Onlardan 27-si ibtidai sinif, 8-i Azərbaycan dili və ədəbiyyat, 10-u riyaziyyat, 40-ı informatika, 10-u fizika, 7-si kimya, 8-i biologiya, 10-u tarix, 10-u coğrafiya, 22-si ingilis dili, 40-ı fiziki tərbiyə, 12-si gənclərin çağırışa qədərki hazırlığı, 6-sı əmək hazırlığı, 11-i musiqi və nəğmə, 5-i təsviri incəsənət, rəsmxət müəllimi yerləridir.

Təhsil Nazirliyindən saytımıza bildirilib ki, vakant yerlərə namizədlərdən elektron ərizələrin qəbulu yekunlaşıb. Hazırda Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsində vakant yerlərə ərizə vermiş namizədlərin göstəriciləri təqdim olunmuş sənədlərin (kadrların şəxsi uçot vərəqi, diplom, diploma əlavə, əmək kitabçası, şəxsiyyət vəsiqəsinin və ərizə formasındakı göstəriciləri təsdiq edən digər sənədlərin surətləri) qiymətləndirilməsi həyata keçirilir. Bu, müsabiqənin I mərhələsi hesab olunur. Sabah sənədlərin qiymətləndirilməsinin başa çatması ilə müsabiqənin I mərhələsi yekunlaşacaq.

Ardınca müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçiriləcək və nəticələr qiymətləndiriləcək. Test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Hər iki mərhələnin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qitmətləndirilməsi həyata keçiriləcək. Sonra keçid balı toplamış namizədlərin ərizədə göstərdikləri konkret məktəbdə iş yerinə qəbulu barədə müvafiq qərar qəbul ediləcək və nəticələr iki saat ərzində namizədlərə elan olunacaq.

Bir yerə bir neçə namizəd sənəd verdiyi halda, daha yüksək nəticə göstərmiş namizəd həmin vakant yerə təyin olunacaq.    Təhsil Nazirliyinin məktubuna əsasən, məktəb direktoruun əmri ilə işə götürülən müəllimlərlə əmək müqaviləsi bağlanılacaq. Müsabiqənin nəticələri ilə bağlı  apelyasiya şikayətinə müsabiqə keçirildiyi vaxtdan sonra bir həftə ərzində baxılacaq.

Təhsil Nazirliyindən bildirilib ki, namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərində qeydiyyatda olması nəzərə alınacaq. Bütün müsabiqələr Azərbaycan Müəllimlər İnstitutunun binasında keçirilir.

Xatırladaq ki, sentyabrda keçirilən I müsabiqəyə Bakıdakı məktəblərdə olan 365 vakant yer çıxarılmışdı. Həmin yerlərə 2147 müəllim elektron ərizə vermişdi. Yekunda yerlərin 226-sı tutulmamışdı.

 

Adəm

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi