Modern.az

Dərviş toylarının «NUR»u...

Dərviş toylarının «NUR»u...

25 Sentyabr 2010, 12:43

Qədim adət - ənənələrimizdən olan toy hər bir insan üçün yaddaqalan hadisədir. Hazırda toylarımızla bağlı bayağılaşma, mənəvi aşınma gedir desək, yanılmarıq. Dünyəvi toylarda çalıb-oynamaq, yeyib-içmək bizlərdə geniş yayılıb. Amma Azərbaycan həm də İslam ölkəsidir və bu dinin daşıyıcıları üstünlük təşkil edir. İslamın da özünəməxsus toy ənənələri var. Bu cür toylara el arasında dərviş toyları deyirlər. Yəni inanclı insanlar özlərinə toy edərkən burada Allah istəyən, Quranda buyurulmuş qaydada toy etməyə çalışırlar.

Bu cür toylarda ilahi mahnı qrupları fəaliyyət göstərir. Bu qruplar dünyəvi toylardakı müğənnilərin funksiyasını yerinə yetirir. Amma bu iki tərəfi müqayisə etmək olmaz. Əgər adi toylardakı müğənnilər oynaq, şən, mənasız və diringi  mahnılar ifa edirlərsə, ilahi mahnılar oxuyan qruplar Allah kəlamı, əziz Peyğəmbərimiz (s) onun Əhli-beyti haqqında mahnılar söyləyirlər. Buna surud deyirlər.
Bu gün həm paytaxt Bakıda, həm də bölgələrdə İslami toylar edənlərin sayı artmaqdadır. Azərbaycanda bir neçə ilahi mahnı qrupu var. Onların içərisində ən çox seçilənlərdən biri də «NUR» ilahi mahnılar qrupudur.

«NUR» ilahi mahnılar qrupunun rəhbəri Məşədi Rahim Dərviş Modern.az-ın əməkdaşı ilə söhbətdə islami toylar barədə danışıb.

- Məşədi Rahim əvvəlcə İslami toylar, onun yaranması və bu toyların necə olması barədə məlumat verərdiniz?

- Bismillahir rəhmanir rəhim. Ümumiyyətlə toy, evlənmək Allahın bəyəndiyi əməllərdəndir. Gözəl və doğru insan tərbiyəsi üçün ailə mühüm məktəblərdən biri sayılır. Ailə mühitində ər-arvad bir çox insani fəzilətlərə nail ola bilər. Bunun nəticəsində bir çox günahları özlərindən uzaq edərlər. Qurani-Kərim ailə qurmağı kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənbəyi olmaqla yanaşı, Allahu-təalanın (c.c.) möcüzə və nişanələrindən biri hesab edir və «Rum» surəsinin 21-ci ayəsində buyurur:
«Allahu-təalanın (c.c.) nişanələrindən biri də budur ki, sizlərə özünüzdən həyat yoldaşı yaratdı ki, onların yanında rahat olasınız və sizin aranızda məhəbbətlə mehribanlıq yaratdı. Bu mühüm məsələ (ər-arvad arasında mehribanlıq həmdəmlik və ünsiyyətin olmasıdır ki, həqiqətdə həyatın möhkəm dirəyi sayılıb asayiş və rahatlıq mənbəyidir) təfəkkür və düşüncə əhli üçün Allahu-təala (c.c.) hikmətindən bir nişanədir».
O ki, qaldı islami toyların yaranma tarixinə bu elə İslamla birgə təşəkkül tapıb. Amma zaman-zaman bura qatılan yeni çalarların əlavə olunması bu cür toylara xüsusi  gözəllik verir. İslami toylarda Allah, Hz. Peyğəmbər (s), Əhli-beyt haddında surudlar oxunur, hədislər deyilir. Bəzilər elə zənn edir ki, dərviş toylarında musiqi olmur. İslami toylarda musiqi olur, amma ilahi mahnılar səslənir. Daha oynamaq üçün olan musiqilər səslənmir. Digər tərəfdən də indiki toylarda olan qulaqbatırıcı, lazımsız mahnıları eşitmirsən. Bu cür toylarda daha çox mənəviyyat paklanır. İnsan özünü Allaha daha yaxın hiss edir. Bəzilər üçün bu qəbul olunmaya bilər, amma inandırım sizi elə olub ki, dəfələrlə gəlib bizə təşəkkür ediblər, o insanlar ki, heç dinə aidiyatı yoxdur. Mən arzulayardım ki, bütün toylarımız belə keçsin.

- «NUR» ilahi mahnılar qrupu yaranması barədə də məlumat verməyiniz yaxşı olar.

- İlk dəfə olaraq 1998-ci ildə fəaliyyətə başlamışıq. Amma professional səhnəyə 2003-cü ildə gəlmişik. Sonradan qrupumuza Hacı Əlizaman və Samir qardaşımız da qoşuldu. Bu müddət ərzində deyə bilərəm ki, bir çox uğurlara imza atmışıq. Allahın izni ilə ən çətin vaxtlardan bu səviyyəyə gəlib çatmışıq. Qrupu yaratmaqda əsas məqsədimiz Əhli-beytə xidmətdir. Həmçinin İslamın daha geniş təbliği burada əsas ideyalardandır.  Digər tərəfdən isə Azərbaycanımıza, xalqımıza,  möminlərə xidmət, islami toylarda fəaliyyət də prinsipimizdir. Burada ruzi amili də nəzərə alınmalıdır. Odur ki, «NUR» ilahi mahnılar qrupu bütün fəaliyyətində əsas hədəflərini qoruyur.

- İndiyədək neçə albomunuz çıxıb?

- Fəaliyyətimiz dövründə 4 albomumuz işıq üzü görüb. “Eşq əhlinə” adlanan ilk albomumuz 2005-ci ildə çıxdı. 2007-ci ildə “Yoluna canlar fəda”, 2008-ci ildə isə “Könlüm arzular səni” adlı albomlarımız işıq üzü gördü. Sonuncu albomumuz isə 2009-cu ildə “Ya Əbəlfəz” adı ilə çıxıb. Amma bunla yanaşı, hər zaman yeni mahnılar üzərində çalışırıq. 11 klipimiz də var. Vaxtaşırı olaraq televiziyada yayımlanır.

- Daha çox hansı regionlarda toylara dəvət alırsınız?

Azərbaycanın bütün bölgələrinə səfərlərimiz olur. Şükürlər olsun ki, bu gün islami toy edənlərin sayı artmaqdadır. Bu isə çox gözəldir. Amma cənub bölgəsinə səfərlərimiz daha çoxdur. Bir çox hallarda xarici səfərlərimiz də olur. Rusiya, Gürcüstan, Ukraynadan, İrandan dəvətlər almışıq.

- Bakıda daha çox dərviş toyları olur, yoxsa əyalətlərdə?

 - Elə Bakıda da əyalətlərdə də toylar olur. Amma paytaxt amili özünü göstərir. Odur ki. Bakıda daha çox toylara gedirik.

- Sirr deyilsə, toya neçəyə gedirsiniz?

- Bilirsiz, biz çalışırıq ki, hamını razı sala bilək. Toya gedəndə heyətlə birlikdə oluruq. Bura 3 nəfər ifaçı, musiqiçilər, səs operatoru, avadanlıqlar, aparıcı daxildir. Bütün bunlar da yəqin ki, xərc tələb edir. Amma çalışırıq ki, razılığa gələk. Bir də ki, dolanışıq da nəzərə alınmalıdır. Amma qiymətlər o qədər də baha deyil. Bizdə camaat ara müğənnilərinin yarım saat oxumasına 3000-5000 manat və daha çox verir. Amma biz bütün heyətlə daha münasib qiymətə razılaşırıq. Camaatı da başa düşmək lazımdır.

- Olub ki, toyu aparasınız amma axırda pulunuzu verməsinlər?

- Olub. Bəzən görürsən ki, toy sahibi danışdığımız qiyməti verə bilməyib. Baxmışıq ki, həqiqətən də toyda az adam iştirak edib. O zaman nə veribsə, razılaşmışıq. Bir çox hallarda isə insanlar gəlib deyirlər ki, imkanımız yoxdur. Bu vaxt da razılığa gəlmişik. Amma bizi də nəzərə almaq lazımdır. Qrupun xərcləri təkcə dolanışıqla qurtarmır ki... Bura səsyazma studiyası, mahnıların yazılması, bəstəkar xərcləri, ofis, telefon xərcləri, geyimlər və s. daxildir. Çoxları bunu bilmir axı? Odur ki, bəzən bizi də başa düşmək lazım gəlir.  

- Toylardan başqa digər fəaliyyətiniz varmı?

- Əlbəttə, biz vaxaşırı olaraq müxtəlif tədbirlər, konsert proqramları təşkil edirik. Adətən milli və  müxtəlif İslam bayramlarında Hz. Peyğəmbərin (s), Əhli-beytdən olan İmamlarımızın doğum günlərində, Qurban, Ramazan bayramlarında tədbirlərimiz olur. Bundan əlavə, tez-tez kimsəsiz uşaqlara kömək məqsədi ilə xeyriyyə konsertləri keçiririk.

- Hansı ilahiləriniz daha çox sevilir?

- Albomlarımızın hamısı dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Hətta bizim surudları digər qruplar da toylarda oxuyur. Bunun heç bir eyibi yoxdur. İlahilərə gəlincə isə “Ya peyğəmbər”, “Ya əmirəl mömümin”, “Övladın Məhdi gələcək”, “Azərbaycan” və s. qeyd etmək olar.

- Hər bir qrupu daha çox populyar edən bir mahnısı olur. Bəs sizi hansı ilahiniz daha çox tanıtdı?

- Sizinlə razıyam. Bizi ən çox tanıtdıram İmam Zaman (ə.f.) haqqında oxuduğumuz «Hardasan» ilahisi oldu. Həmin ilahiyə klip də çəkdirmişik. Bir neçə dəfə də televiziyada yayımlanıb.

- Sizin digər qruplardan üstünlüyünüz nədədir? Yəni nəyə görə toy edənlər sizi seçməlidir?

- Mən kimdənsə üstün olduğumuzu deməzdim. Qruplar var, fəaliyyət də göstərirlər. Hər biri ilə münasibətlərimiz də var. Hətta bir çox hallarda birgə toylara gedirik. Qoy  «NUR» ilahi mahnılar qrupunun qiymətini xalq özü versin.

 - Bəzi qruplar dağılır yenidən birləşir...

- Şükürlər olsun ki, bizdə bu cür problemlər olmayıb. Qrupdan gedənlər olub amma əsas struktur heç vaxt dağılmayıb.

- Gələcəkdə hansı planlarınız var?

- Qarşıda planlarımız genişdir. Saytımız üzərində işlər davam edir. Gələcəkdə mətbu nəşr, konsertlər, xeyriyyə proqramları nəzərdə tutulub.

- Deyirsiz ki, xeyriyyə proqramları, konsertlər keçirirsiniz. Sponsor tapa bilirsinizmi?

- Kömək edənlər olur. Amma əsasən öz gücümüzə işlər görürük. Amma kimsə hansısa layihədə öz dəstəyini göstərsə, onu qəbul edərik. İmkanlarımız daxilində etdiyimiz işlərdən qırağa çıxmaq üçün əlbəttə ki, dəstək gərəkdir.

- Bu müsahibəni oxuyandan sonra sizi toya dəvət etmək istəyən olsa, necə müraciət etsin?

- Bizim qrupun fəaliyyəti genişdir. İctimaiyyətlə əlaqələr sektorumuz bizim toylara dəvət almağımızla məşğul olur. Əgər kiminsə bizi toya dəvət etmək niyyəti olsa ya özümüzlə ya da ki, prodüserimizlə əlaqə saxlayır.

 

 



Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub