Modern.az

Rektor Əhməd Vəliyev namizədliyini geri götürdü

Rektor Əhməd Vəliyev namizədliyini geri götürdü

25 Sentyabr 2010, 18:47

Noyabrın 7-də keçiriləcək parlament seçkiləri öncəsi siyasi partiyaların sürpriz qərarlarının şahidi oluruq. Modern.az-a daxil olan məlumata görə, Yeni Azərbaycan Partiyasın tərəfindən Milli Məclisə keçiriləcək seçkilərə 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş “Odlar Yurdu” Universitetinin rektoru, Milli Məclisin Deputatı Əhməd Vəliyev oradan namizədliyini geri götürüb.

Saytımıza açıqlamasında məlumatı təsdiq edən millət vəkili bildirib ki, partiyanın məsləhəti ilə bu addımı atıb və namizədliyini 107 saylı Qazax seçki dairəsindən irəli sürəcək. Ə.Vəliyevin sözlərinə görə, bu qərar hakim partiyada müzakirə olunub və o da partiya üzvü kimi bu addımı atıb.

Qeyd edək ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən YAP-ın əsas rəqibi AXCP sədri Əli Kərimli hesab olunur.

Modern.az-a daxil olan məlumata görə, YAP Əli Kərimlinin qarşısına sürpriz namizəd çıxarmağı qərarlaşdırıb. Tezliklə bu şəxsin kimliyi bəlli olacaq.

Qeyd edək ki, YAP-ın sentyabrın 18-də açıqladığı vahid namizədlər siyahısında 107 saylı Qazax seşki dairəsindən Polad Məhəmməd oğlu Ağakişiyevin namizədliyi irəli sürülmüşdü. İndi Əhməd Vəliyevin həmin dairəyə göndərilməsindən sonra Polad Ağakişiyevin taleyinin necə olacağı maraq doğurur. Yəqin ki, onun namizədliyi geri götürüləcək.

P.Ağakişiyev YAP Qazax rayon təşkilatında təlimatçıdır.  

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir