Modern.az

65 yaşlı Arif Quliyev: “Yuxum yaman qaçıb, gündə cəmi 10 saat yatıram” - MÜSAHİBƏ

65 yaşlı Arif  Quliyev: “Yuxum yaman qaçıb, gündə cəmi 10 saat yatıram” - MÜSAHİBƏ

14 May 2015, 12:59

Xalq artisti: “Bütün analar mənim öz anamdır”

Xalq artisti, komediya janrındakı rollarına görə həm teatrda, həm də kinoda uğur qazanmış aktyor Arif Quliyevin 65 yaşı tamam olur. Modern.az saytı bu münasibətlə xalq artisti ilə müsahibəni təqdim edir: 

- 65 yaşım tamam olur. Amma mən bu ad gününü təmtəraqlı qeyd etməyəcəyəm. Yubiley yaşı yetmişdi. Bu, sadəcə bir ad günüdür. Elə evdə yaxınlarımla keçirəcəyəm. Təmtəraqlı ad günü qeyd etməyi xoşlamıram.

- Hazırkı fəaliyyətiniz barəsində danışardınız? Deyəsən, bir neçə filmə çəkilirsiniz?

- Hazırda rejissor İdrak Həsənovun “Afirist N-1” filminə çəkilirəm. Öz satira teatrımızda “Haradan gəldi, ora getdi” komediyasını hazırlayırıq. Bizim “Arif” satira teatrı 1989-cü ildən fəaliyyət göstərir. Adını çəkdiyim tamaşa üzərində də Naibə Əlibəyova, Sahib  Quliyev və başqa aktyorlar məşq edirlər. 

- Bu gün komediya janrında gənc aktyorlar üçün təcrübəsini paylaşacaq insanlara ehtiyac var. Bəs, nəyə görə pedaqoji fəaliyyətlə məşğul olmursunuz?

- Bəli, pedaqoji fəaliyyətlə məşğul olmuram. Əvvəllər Mədəniyyət və İncəsənət Universitetində işləyirdim. Sonradan səhhətimlə bağlı həm ordan, həm də teatrdan çıxdım (Musiqili Komediya Teatrını nəzərdə tutur - red.).

- Hazırda səhhətiniz necədir?

- Səhhətim çox əladır. Amma axır vaxtlar yuxum yaman qaçıb.  10 saatdan artıq yata bilmirəm.

- Bir müddət, deyəsən, mediadan incimişdiniz. İndi necədir, dostlaşmısınız?  

- Xeyr, xeyr! Siz nə danışırsınız?! Media dördüncü hakimiyyətdir. Bizim hər birimizi insanlara, ictimaiyyətə daha da yaxın edən mediadır. Kinoda, televiziyada 15 dəqiqə, yarım saat görünürük, çıxıb gedirik. Amma medianın imkanları daha genişdir, sənin həyatını, yaradıcı imkanlarını, potensialını təhlil edir, sənətinin sirləri haqqında insanlara geniş strukturlu məlumat verir.

- Əvvəllər sizin mətbuatda bir müsahibənizi oxumuşdum. Demişdiniz ki, insanlar məni komediya aktyoru kimi tanısalar da, ürəyimdə dramatik obrazlar yaratmaq istəyi də var...

- Mərahim Fərzəlibəyov “Mənim ağ şəhərim” filmində məni dramatik obrazda sınayıb. İlk olaraq o bu istiqamətdə mənə rol verib. Daha sonra “O dünyadan salam” və Anarın “Qəm pəncərəsi” filmində dramatik obraz olan Məşədi Orucu oynamışam. Mən dramatik rol oynamaq gücündəyəm. Amma əsas məsələ odur ki, rejissorlar özləri səndə hansısa obrazı görməlidirlər. Nə zaman belə bir rol təklif etsələr, hazıram.  

- Elə dramatik obraz var ki, onu yaratmağı çox istəmisiniz, ancaq hələ ki sizə qismət olmayıb. Məsələn, heç Otellonu oynamaq istəmisiniz?

- Mən çox şey istəyə bilərəm. Amma bununla iş bitmir axı. Əsas məsələ odur ki, mən onu bacara bilərəm, ya yox? Məsələn, bu gün deyim ki, Qacarı oynamaq istəyirəm. Amma mən Qacarı oynaya bilmərəm. Adamın istəkləri onun bacarığına uyğun olmalıdır. Bu gün deyə bilərəm ki, Otellonu oynamaq istəyirəm. Əlbəttə, hər bir aktyor istəyər ki, o obrazı yaratsın. General olmaq istəməyən əsgər yaxşı əsgər deyil.

- Sizcə, uzun müddət durğunluq halını yaşayan Azərbaycan kinosunun indiki vəziyyəti necədir?

- Kimin vəziyyəti?

- Kinonun... 

- Həə... Kinonun indiki vəziyyəti çox yaxşıdır. “Azərbaycanfilm”də filmə çəkilmişəm. Qocalar evindən bəhs edir. Başqa tanınmış aktyorlar da həmin filmə çəkilib. Qorxmaz Əlili, Fikrət Əliyev, Tofiq Hüseynov və başqaları da həmin filmdə çəkilib. Ondan əlavə, 6 özəl filmə də çəkilmişəm. Yəni kino sahəsi get-gedə inkişaf edir. Bu göz qabağındadır. Yeni-yeni filmlər çəkilir.

- Son olaraq bir sual verim: Televiziya kanallarının birində özünü sizin ananız olduğunu deyən bir neçə şəxs çıxış etdi. O məsələnin axırı necə oldu?

- Ora bir qadın gəlmişdi. Deyirdi ki, mənim anamdı. Amma sonra yalan çıxdı. Qanımızı yoxladılar. Tibbi yoxlanış apardılar. Bilindi ki, mənim anam deyil. Amma bütün analar elə mənim öz anamdır.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir