Modern.az

Əvəz Ələkbərov: “Mənə Ukraynada səfir olmağı təklif etdilər” - MÜSAHİBƏ

Əvəz Ələkbərov: “Mənə Ukraynada səfir olmağı təklif etdilər” - MÜSAHİBƏ

18 May 2015, 11:06

“Heydər Əliyev Naxçıvanın baş naziri vasitəsi ilə mənə razılığını çatdırır və xeyir-duasını verirdi”


1999-2006-cı illərdə Azərbaycanın maliyyə naziri işləmiş Əvəz Ələkbərov Modern.az saytına geniş müsahibə verib.

- Neçə vaxtdır, üzdə deyilsiniz. Sizi axtarıb-arayan jurnalistlər isə az deyil. Amma mətbuatda demək olar görünmürsünüz. Başınız nəyə qarışıb ki, mediaya çox açıqlama vermirsiniz?

- Hazırda aktiv fəaliyyətlə məşğul deyiləm. Ailəmlə, sağlamlığımla, idmanla məşğul oluram. Bununla yanaşı, çoxlu xarici səfərlərim də olur. Müəyyən materialları təhlil edirəm və elmi məsələləri beyin süzgəcimdən keçirirəm. Yəqin ki, gələcəkdə elmlə və həyatda gördüklərim, eşitdiklərim, fikirlərimlə bağlı kitablarım olacaq. Mərhum prezident Heydər Əliyev və cənab prezident İlham Əliyevlə bağlı xatirələrim də həmin kitabda yer alacaq. İstəyirəm ki, ingilis, rus, və öz dilimizdə iki-üç hissəli kitab çap edəm. Ağıllı şeylər yazmaq lazımdır ki, onu cəmiyyət də qəbul etsin və gələcək nəsil üçün tərbiyəvi bir şey olsun. Qarşıda səfərlərim var. 25 günlük Çexiya, 10 günlük Almaniya səfərim gözlənilir. İsmayıllıda da bağ evimiz var, qarşıdan yay gəldiyinə görə orada ailəmlə dincələyəcəyik.

- Xarici səfərləriniz şəxsi həyatla, yoxsa hər hansı işlə bağlı olur?

- Xarici ölkələrdə konfranslara dəvət alıram. Tanınmış adam kimi həmin tədbirlərdə çıxışlar edirəm. Şanxay, İstanbul, Moskva, Vyana və digər şəhərlərdə konfranslarda çıxış etmişəm. Dünyada, xaricdə sabiq hökumət üzvlərinə çox böyük hörmət edirlər. Biz gedib orda fikir söyləyəndə əl çalırlar. İkitərəfli təyyarə biletinin pulunu ödəyirlər. Mehmanxanalar da bizim üçün pulsuz olur.

Dünyanın təqribən 46 ölkəsində olmuşam. Bir neçəsini də gəzmək istəyirəm.

- O hansı ölkələrdir?

- İstərdim ki, Cənubi Koreyada, Yaponiyada, Sinqapurda, Meksikada, Braziliyada, İslandiyada da olum.

- Bayaq dediniz ki, Heydər Əliyevlə bağlı xatirələriniz özündə əks etdirən kitab yazırsınız. İstərdik elə Heydər Əliyevlə tanışlığınız barədə təəssüratlarınızı da bizimlə bölüşəsiniz.

- Heydər Əliyevlə bağlı düşüncələrim çox dərindir. Ona görə ki, Heydər Əliyev kimi insanlar əsrdə 1-2 dəfə doğulur. Heydər Əliyevin xidmətləri çox yüksək və alidir. Buna görə də mənim üçün onunla işləmək həm şərəfli, həm də çətin idi.

Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri işləyərkən mən Dövlət Sosial Müdafiə Fondunun sədri idim. Ölkədəki bütün pensiya və müavinətlərin maliyyələşdirilməsi məsələləri ilə məşğul idim. O zaman Azərbaycan iqtisadiyyatı çox bərbad vəziyyətdə idi. Əhaliyə pul vəsaitlərinin çatdırılmasında 2-3 ay gecikmələr olurdu.

Naxçıvanın isə blokada və çətin şəraitdə olması mənə əsas verirdi ki, birinci köməkliyi ora üçün edək. O vaxt Naxçıvana lazımi vəsaitin 90 faizini biz mərkəzdən yollayırdıq. Mən dövlət dotasiyalarını vaxtında və vicdanla edirdim. Heydər Əliyev də Naxçıvandakı vəziyyətə görə narahat idi. O bilirdi ki, ürəyim yandığından bunları edirəm. Heydər Əliyev başa düşürdü ki, onun xətrini də çox istəyirəm. O, dəfələrlə Naxçıvanın baş naziri vasitəsi ilə mənə razılığını çatdırırdı və xeyir-duasını verirdi. Bu minvalla onunla təmaslarım yarandı.

Heydər Əliyev Bakıya gəlməklə ölkədəki vətəndaş müharibəsinin qarşısını aldı və stabillik yaratdı. Bununla bağlı Heydər Əliyevin yanında çoxlu müşavirə olurdu. Mən iqtisadi müşavirələrin hamısına dəvət olunurdum. O, həmişə məni dinləyirdi və hiss edirdim ki, dediyim təkliflərə çox ciddi reaksiya verir.

Yəqin, Heydər Əliyevdə bu fikir yarandı ki, imkanlarımdan istifadə edə bilər və məni daha böyük posta gətirər.

- Maliyyə naziri təyin olunmağınızı əvvəlcədən gözləyirdiniz?

- Buna qədər mənə bir neçə dəfə vəzifələr təklif olunmuşdu...

- Bunlar hansı dövlət postları idi?

- Mənə xarici iqtisadi əlaqələr naziri, iqtisadiyyat naziri, Milli Bankın sədri olmağımla bağlı təkliflər olmuşdu. Ancaq onların heç biri reallaşmadı.

- Bəs, niyə görə məhz maliyyə naziri olmaq istəyirdiniz?

- Bilirdim ki, nə zamansa hökumətdə hansısa yüksək vəzifə veriləcək. Amma konkret olaraq maliyyə naziri təyin olunacağımı bilmirdim. Açığını desəm, bu postda birdən-birə vəzifəyə başlamaq mənim üçün çətin oldu. Prosesləri izləmək, büdcə-vergi siyasətini irəliyə aparmaq çətin və mürəkkəb idi.

O zaman neftin qiyməti də çox aşağı idi. Həmin vaxtlar ölkənin maliyyələşməsində, beynəlxalq öhdəliklərində problemlər az deyildi. Ölkə iqtisadiyyatı yenicə dirçəlmə dövrünü yaşayırdı, buna görə də maliyyə naziri kimi məsuliyyətli bir vəzifədə olmaq mənim üçün çox çətin idi. İşə başlayanda 6 ay çox əziyyət çəkdim. Ölkənin vergi siyasəti, büdcə ilə bağlı qanunları mükəmməl deyildi. Həmin vaxt ilk olaraq Vergi Məcəlləsini parlamentə mən təqdim etdim. Təqribən bir ildən sonra rəhmətlik Heydər Əliyev mənə dedi ki, bu vəzifənin öhdəsindən yaxşı gəlirəm. Sonrakı illərdə özüm də hiss etdim ki, üzərimə düşən vəzifəni mükəmməl yerinə yetirmişəm.

Gördüyümüz işlər təkcə sadaladıqlarımla yekunlaşmır. Biz Maliyyə Nazirliyinin yeni əsasnaməsini hazırlayıb təsdiq elətdirdik. “Mühasibat standartları haqqında” qanunu hazırlayıb parlamentə təqdim etdik və qəbul edildi. Xəzinədarlıqla bağlı çoxlu normativ aktlar hökumət səviyyəsində təsdiq edildi.

“Büdcə sistemi haqqında” qanunu da yenidən işlədik və Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə razılaşdırdıq. Bu qanun indiyə qədər işləkdir. Həmin qanunun əsas müəlliflərindən biri mənəm.

- Azərbaycanın maliyyə-kredit siyasətinin, sosial-sığorta sahəsinin təkmilləşməsində mühüm rol oynamısınız. Məhz bu baxımdan  Azərbaycanın hazırkı iqtisadi vəziyyətini də şərh etməyiniz maraqlı olardı.

- MDB məkanında iqtisadiyyatı normal inkişaf edən iki güclü dövlət var: Azərbaycan və Qazaxıstan. Mərhum Heydər Əliyevin iqtisadi strategiyası o qədər möhkəm təməl üzərində qurulub ki, bu, indiki inkişafda da mühüm rol oynayır. Azərbaycanın iqtisadi qanunları çox mükəmməldir. Vergi yükü Avropa ölkələrindən elə də yuxarı həddə deyil.

- İnkişaf, tərəqqi olduğunu dediniz. Sizcə, böyük bir iqtisadi sistemin praktiki tərəflərində boşluqlar necə, varmı?

- Sadəcə olaraq, bizdə qanunların aliliyi, qanunlara riayət etmək çox önəmli məsələyə çevrilməlidir. Bank sferası gözəl işləməlidir və kredit faizləri aşağı səviyyədə olmalıdır. Hökmən sığorta, kredit alıb-qaytarmaq mədəniyyətimiz artmalıdır. Real sektora daha çox vəsait qoyulmalıdır. Azərbaycanın neftdən sonra ən böyük sahəsi aqrar sahədir. Özümüzü təmin etmək və xaricə mal ixrac etmək üçün rəqabət yönümlü məhsulların istehsalı artmalıdır. Bunun üçün geniş imkanlarımız var. Özəl sektordakı problemlər, maneələr aradan qaldırılmalıdır. Azərbaycanda makroiqtisadi mühit çox yaxşıdır. Azərbaycanın xaricdəki rezervləri, ölkədə inflyasiyanın cilovlanması, vergi-büdcə, pul-kredit siyasəti mükəmməldir. Amma bunları daha da təkmilləşdirmək lazımdır.

- İqtisadçı kimi dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin hansı amillərlə bağlı olduğunu düşünürsünüz? Bunun perspektivi barədə proqnozlarınız nədir?

- Ukrayna münaqişəsi yenicə ortaya çıxanda özlüyümdə hansı səbəbə görə neftin qiymətinin  düşməməsi məsələsini düşünürdüm. Neftin qiymətinin azalması birinci növbədə Rusiya iqtisadiyyatına böyük zərbələr vurur. Neftin qiymətinin kəskin enməsi Amerikanın dünyada hegemonluğu və Rusiyaya qarşı olan siyasəti ilə bağlıdır. Digər tərəfdən, neftin qiymətinin çox baha olması dünya iqtisadiyyatı üçün o qədər də yaxşı deyil.

Neftin real qiyməti 75-85 dollar civarında olmalıdır. 115 dollar isə çoxdur. Neftin qiyməti yüksək olanda xaricdən alınan malların qiyməti də baha olur. Dünyada qiymət mexanizmi yüksək templər əsasında qurulmalıdır. Ona görə də neftin qiyməti real qiymətə yaxın olanda bu dünya üçün də təhlükə yaratmır. Ancaq bəzi ölkələrdə, məsələn, Səudiyyə Ərəbistanında neftin istehsalı çox ucuz başa gəlir.

Azərbaycanda isə dənizdən çıxdığına görə bahadır. Proqnozum isə budur ki, gələcəkdə neftin qiyməti bir az da aşağı düşə bilər. İki ildən sonra, ola bilsin ki, neftin qiyməti 80 dollardan yuxarı  qalxsın.

- Azərbaycan neftinin qiymətinin azalması ehtimallarını nəzərə alıb problemlərin yaranmaması üçün hansı addımlar atmalıdır?

- Bizim birinci işimiz ondan ibarətdir ki, neftin qiyməti aşağı olan dövrdə vəsaitlərimizdən ehtiyatla istifadə edək. Daha çox birinci dərəcəli xərclərə üstünlük vermək lazımdır. Ona görə də bu xərclərin qədrini bilmək, bundan effektli istifadə etmək lazımdır və bu məqamda bank kreditlərinin faizləri aşağı düşməlidir. Azərbaycanın ac olan, vəsait tələb edən sahələrini doydurmaq vacibdir.



- Qayıdaq yenə sizin nazir kimi fəaliyyətinizlə bağlı məsələyə. Yəqin işdən çıxarılmaq sizə pis təsir etdi..

- Mən işdən çıxarılmağı faciə hesab etmirəm. Vəzifədən çıxmağı böyük faciəyəyə çevirməyə ehtiyac yoxdur. Kim-kimlə müqavilə bağlayır ki, 50 il vəzifədə qalacaq?! Vəzifənin yükü, problemləri çoxdur. Vəzifədə olanda adamdan küsən, inciyən çox olur, hətta sağlamlığını da itirirsən. Amma vəzifədən gedib başqa bir işlə məşğul ola bilərsən. Bütün dünyada vəzifədən gedən insanlara önəm verirlər.

- Onda yəqin ki, məhz buna görə də vəzifədən çıxarılmağınızı eşidəndə təəccüblənmədiniz...

- Xeyr, burda təəccüblü nə var ki?! Vəzifədən çıxarılacağımı 6 ay qabaqcadan eşitmişdim. Belə bir addımın olacağı barədə mənə informasiya vermişdilər. Hətta yerimə kimin təyin olunacağını da bildirmişdilər.

Ancaq lazımi adamlardan soruşdum və onlar dedi ki, belə bir şey olmayacaq. Hökumət üzvlüyündən gedəndən sonra iqtidarı tənqid etməyi isə düzgün saymıram. Bu gün görürəm ki, vəzifə yaşayış üçün bəlkə də çox vacib bir amil deyil.

- Hər halda, tanınmış sima və savadlı kadr olduğunuzdan sizə başqa vəzifələr də təklif ediblər...

- Bəli. Mənə müxtəlif vəzifələr təklif olundu. Nazirlər Kabinetində iqtisadiyyat şöbəsinin müdiri, istədiyim hər hansı bir nazirlikdə nazir müavini olmağım üçün təkliflər gəldi. Bundan əlavə, Ukraynada səfir olmağım üçün də təklif gəldi. Siyahını genişləndirə də bilərəm. Məsələn, məni Prezident Administrasiyasında aqrar siyasət şöbəsinin müdiri də qoymaq istəyirdilər. Mən bu şöbənin müdiri olmağa razılıq verdim. Çünki həm cənab prezidentin komandasında bu siyasəti davam etdirmək imkanım olacaqdı, həm də kənd təsərrüfatının problemləri mənə məlum idi.  Ancaq bu da reallaşmadı.

- Hazırda ölkənin iqtisadi sferasında və cəmiyyətdə ən çox müzakirə olunan mövzu manatın devalvasiyası ilə əlaqədardır. Keçmiş nazir kimi, manatın dollar qarşısında məzənnəsinin ucuzlaşması barədə fikirlərinizi dinləmək yerinə düşər...  

- Madam ki, cənab prezident İlham Əliyev variantları ölçüb-biçdi və qərar oldu ki, manat ucuzlaşmalıdır, artıq tərbiyəm ona yol vermir ki, bunun başqa aspektlərini açıqlayım.

Mən həmişə yumşaq devalvasiyanın tərəfdarı olmuşam. Manat tədricən ucuzlaşmalıdır ki, cəmiyyət də, bazar da buna hazır olsun.

- İkinci devalvasiya gözlənilənilirmi?

- Bu, neftin qiymətindən asılıdır. Neftin qiyməti 60-65 dollar olacaqsa, devalvasiya gözlənilmir.

- Keçmiş komanda yoldaşlarınızdan bəziləri vəzifədən gedib, bəziləri isə hələ də  hökumətdədir. Onlarla əlaqələriniz qalıbmı?

- Azərbaycanda heç bir məmurla problemim yoxdur. Sadəcə, nə kiməsə mane oluram, nə də kiminsə boyunduruğunda olmaq istəyirəm. Kiminsə kabinetinə gedib nəsə xahiş edib, ağız açmaq mənlik deyil.

Kiminləsə xeyirdə, şərdə bir-birimizi görəndə hal-əhval tuturuq. Bəziləri də ad günümdə təbrik edirlər. Məndə bütün nazirlərin mobil telefon nömrələri var. Ancaq heç bir xahişlə onlara zəng etmirəm. 2008-ci ildə yeni təyin olunan nazirlərin 90 faizinə zəng vurub təbrik etdim.

- Ölkə daxilindəki iqtisadi prosesləri ətraflı təhlil etdiniz. İqtisadi hadisələrlə paralel olaraq siyasi proseslər də cərəyan edir. Bəlkə bir az ölkə daxilindəki siyasi durumdan danışasınız?

- Azərbaycanda demokratiya yolunda çoxlu addım atılıb. Bütün proseslərin, gedişatların həlli konsensusda, dialoqdadır. Mən də arada hökumət əleyhinə yazılan kəskin məqalələri oxuyuram. Bunlara ehtiyac yoxdur. Real sözlər demək lazımdır. Görülən işlərə ləkə vurmaq düzgün deyil. Hər şeyi qaralamağın əleyhinəyəm.

Müxalifət özü birləşib, ortaya bir konsepsiya qoyursa və inkişafın başqa önəmli yollarını tapırsa, bunu başa düşmək olar. Amma hər şeyə qara yaxmaq olduqca yanlış bir addımdır. Hər şeyi insaflı yazmaq lazımdır. Məni narahat edən cəmiyyətimizdir. İstəyirəm cəmiyyətimiz sivil, mədəni, inkişaf etmiş olsun.

Bir də görürsən, kimsə eyvanından zibil, siqareti çəkib yerə atır. Bəzən yeraltı və yerüstü piyada keçidləri ola-ola insanlarımız ondan istifadə etmirlər və magistral yoldan keçirlər. Elə hallar olub ki, yerə əyilib çörək qırıntısını götürüb kənara qoymuşam. Kənardan da camaat deyirdi ki, bəlkə belə lazım deyil?! Mən isə bildirirdim ki, ictimai mədəniyyət normalarına riayət etmək özümdən asılı deyil.

- Etiraf edək ki, siz nazir olan vaxtlarda mətbuatın tənqid hədəfinə çevrilmisiniz. O tənqidləri oxuyanda əsəbiləşirdiniz?

- Mən ən az tənqid edilən nazirlərdən biri olmuşam. Vətəndaşlarla açıq görüşə getmişəm, çoxlu qəbullar keçirmişəm. Parlamentdəki çıxışlarım da çox səmimi idi. İnsanlar da bunu duyurdu. Ancaq mənə qarşı insafsız tənqidlər də az deyildi. Məsələn, kiminsə qardaşını işdən çıxaranda, onun jurnalist qohumları şər-böhtan yazmağa başlayırdılar. Yaxud kimsə gəlib, tutaq ki, səndən kömək istəyir, eləməyəndə də gedib pul verir, istədiyini yazdırır. Bu gün ağlına gələni yazdınmı, gecə yatanda əlini ürəyinin üstünə qoyub vicdanın qarşısında hesabat verməlisən. Tənqid yazılmalıdır, amma bu, yerli-yerində, əsaslı olmalıdır.

- Müxalifət, adətən, sabiq məmurlarla təmas qurmağa çalışır və onları öz sıralarına cəlb etmək istəyir. Sizinlə belə əlaqələr qurmaq istəyiblər?

- Mənə belə bir təklif gəlməyib. Bunun əsas səbəbi budur ki, birmənalı adamam. Bunu onlar da yaxşı başa düşür. Mən bu komandada çalışmışam və burada yetişmişəm. Uğurlarım bu komanda ilə olub. Belə olan təqdirdə müxalifətə qoşulmağım qüruruma, şəxsiyyətimə, qanacağıma uyğun deyil.

- Sizin nazir olarkən Qərbi Azərbaycandan olan o vaxtkı hakimiyyət nümayəndələri – təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Əli İnsanovla birgə Bakıdan kənarda gizli görüş keçirdiyiniz haqqında da iddialar vardı. Bu iddialara necə aydınlıq gətirərdiniz?

- Mənim onlarla heç bir gizli görüşüm olmayıb. Nə beynimizdə belə bir ideya, nə də belə bir fakt olub. Bu iddialar tamamilə yalandır. Yəqin ki, mən onlarla yerli olduğuma görə kiməsə nəsə xoş  gəlməyib.

- Azərbaycanda kredit məsələsinə görə bir neçə iş adamı həbs edilib. Bu barədə nə deyə bilərsiniz?

- Biznesmen Beynəlxalq Bankdan pul alıbsa, onu qaytarmalıdır. Bu insanlar neçə ildir necə yatıblar?! Dövlətin vəsaitini xərcləyib rahat oturmaq olmaz. Beynəlxalq Bank Azərbaycan üçün böyük işlər görüb. Əgər bu bankın qalan kredit borcları qaytarılarsa, yaxşı olar. Bununla da Beynəlxalq Bank dirçələr və gələn pullar real iqtisadiyyata qoyular.

- Hökumətdə işləmək üçün tələbkar, intizamlı olmaq şərtdir. Yəqin ki, məmur olanda belə də olmusunuz. Maraqlıdır, Əvəz Ələkbərov ailədə də belə tələbkardırmı?

- İnsanın xasiyyəti necədirsə, o ailədə, cəmiyyətdə, işdə də eynidir. Bizim evdə təlim-tərbiyə çox güclüdür, kişi evə gələndə, xanımım, uşaqlar ayağa durmalıdır. Qərarı ata verir, bu müzakirə olunmur. Bununla belə, hamının fikirlərini də dinləyirəm.

İkincisi, adam atalığı, babalığı elə qazanmalıdır ki, sənə avtomatik olaraq hörmət bəsləsinlər. Zorla hörmət olmur. Ailədə həm sərt, həm də yumşağam. Nəvələrimlə çox yumşağam. Amma həddindən artıq tələbkar insanam və kaprizlərim çoxdur. Biz ailəlikcə teatra, musiqi festivallarına tez-tez gedirik.



Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir