Modern.az

Nüfuzlu beyin mərkəzi sünni-şiə ədavətindən, İranın Azərbaycanı “vurmasından” YAZDI

Nüfuzlu beyin mərkəzi sünni-şiə ədavətindən, İranın Azərbaycanı “vurmasından” YAZDI

Dünya

19 May 2015, 13:52


ABŞ-ın “Stratfor” analitik mərkəzi İslam dininin iki ən böyük məzhəbindən biri olan şiəliklə bağlı məqalə yazıb. Modern.az xəbər verir ki, məqalə müəllifi Kamran Buxari müsəlman ölkələrindəki şiələrin sayı ilə bağlı hesablamalar aparıb və bu məzhəbin Suriya və Yəməndəki hadisələr fonunda İslamdaxili yeni gücə çevrildiyini bildirir.

Müəllif bildirir ki, Qərbə doğru irəliləməyin düzgün iş olduğunu zənn edən Tehran “Ərəb baharı”ndan istifadə edərək, Ərəbistan yarımadasının içərisinə doğru irəliləməyə davam etdi.

Məqalədə daha sonra bildirilir:

“Yaxın Şərqdəki məzhəb davasının – iki düşərgəyə ayrılan sünni və şiələr arasında getdiyini ehtimal etmək olar. Amma reallıq daha mürəkkəbdir. Sünni həmrəyliyi mifdir. 90-cı illərdən gücü fasiləsiz olaraq artan şiəlik qaçılmaz olaraq təbii məhdudiyyətlərlə üzləşdi – onlar yalnız regional azlıq idilər.

Doğurdan da şiə düşərgəsini səciyyələndirən əsas özəllik onların İslamın yalnız bir fraksiyası olması idi. Müsəlmanların 3/4-ü sünni məzhəbinə aiddir. Yalnız 4 ölkədə - İran, Azərbaycan, İraq və Bəhreyndə şiələr çoxdur. Digər ölkələrdə - Yəmən, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Omanda şiələrin nüfuzlu azlıqları mövcud idi. 180 milyon Hindistan müsəlmanının da 20 faizi şiədir.

Sünnilər kimi şiələr də bir neçə təriqətə ayrılıb. Onlar arasında cəfərilər, ismaililər, zeydilər, ələvilər, druzlar və s. var. Həmin təriqətlər öz coğrafi, linqvistik, siyasi və ideoloji xüsusiyyətlərinə görə fərqlənirlər.

İslam tarixində şiə sülalələrinin hakimiyyətdə olmasına çox nadir hallarda rast gəlinib. 16-cı əsrdə İslam dünyasını sünni imperiyaları olan Osmanlı, yaxud Moğol sülalələri idarə edib. 

Şiə sülalələrinə Misirdəki fatimiləri (909-1171), İrandakı səfəviləri (1501-1736) və son olaraq Yəməndəki Zeyd imamlığını (897-1962) misal çəkmək olar.

1979-cu ildə Pəhləvi sülaləsinin devrilməsi ilə nəticələnən inqilab İranı dünyanın ən böyük və güclü şiə dövlətinə çevirdi. Bundan istifadə edən ayətullahlar müxətlif ölkələrdəki şiə icmalarını dəstəkləməklə ərəb dünyasındakı təsirlərini genişləndirməyə çalışırdılar. Lakin nüfuzu genişləndirmək asan başa gəlmir. İran öz ərazisindəki etnik azərbaycanlılardan qonşu Azərbaycanda maxinasiyalar üçün istifadə etmək istəyirdi. Amma Azərbaycan 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində idi və dünyəvi xalq idi. Dünyəvilik isə şiə təsirinin yayılmasına qarşı çox effektiv idi.         

Cənub-Şərqi Asiyadakı güclü dövlətlər – Hindistan və Pakistan, o cümlədən Əfqanıstandakı müharibə Tehranın Şərqə doğru irəliləməsini çox çətin etdi. Şimal-şərq və Şərq səmtləri onun üçün demək olar ki, bağlıdır. Yeganə genişlənmə istiqaməti Qərbə - ərəb ölkələrinə doğru gedir. 80-ci illərdəki dəhşətli müharibəyə baxmayaraq, İran İraqda özünə çox güclü dəstək yarada bilib. Ondan əvvəl İranla müttəfiq olan Suriya isə ilk növbədə sünni çoxluğu idarə edən ələvi rejiminin olması faktına görə buna getdi. Suriya hakimiyyəti “Hizbullah”ı güclü hərbi və siyasi gücə çevirməkdə İrana yarım da edib.

İndiki məqamda İran və şiələr Səudiyyə Ərəbistanı və sünnilərdən daha yaxşı görünür. “Hizbullah” və digər şiə milisləri Əsədə hakimiyyəti əldə saxlamağa icazə verdi. “İslam Dövləti” və “Cəbhət ən-Nüsrə” qruplaşmaları ilə müharibə İrana öz qüvvəsini toparlamağa imkan verdi. Digər tərəfdən, səudilər Yəməndəki şiə üsyanı ilə məşğul idilər.



Lakin şiələrin üstünlüyü daimi olmayacaq. Onların uğuru sünnilərin zəifliyi və dağınıq halda olması hesabına qazanılıb. Son hadisələr bu uğuru əks istiqamətə çevirə bilər. Üsyançıların İdlibdəki uğurları, Səudiyyə Ərəbistanı və Türkiyənin Əsədə qarşı birləşməsi bunların ən önəmlilərindəndir. Digər tərəfdən sünnilər şiələrdən çoxdur. Livanda “Hizbullah” güclü olsa da, hökumətdə dominantlıq edə bilmir. Yəməndə zeydilər öz təsirlərini ənənəvi yaşadıqları vilayətdən kənara çıxara bilmirlər. İraqda isə “İslam Dövləti” öz təsirini hətta şiə bölgələrində də saxlaya bilir.

Sünni cihadçıları İrana və onun şiə müttəfiqlərinə təhlükə törədirlər. İran ümid edir ki, səudilər geri çəkiləcəklər. Onların baxış bucağına görə Yəməndəki zeydilərin üsyanı Səudiyyə Ərəbistanının şiələr tərəfindən məskunlaşmış Cizan və Nəcran vilayətlərindəki şiələri də ayağa qaldıracaq. Hadisələrin bu axarda inkişaf etməsi İrana ideal şans yaradacaq ki, Səudiyyə Ərəbistanında nüfuz sahibi olsun. Amma şiələrin sayı onlara sünnilərə nəyisə diktə etməyə imkan vermir. Sünnilər heç zaman imkan verməzlər ki, Məkkə və Mədinə şiə nəzarətində olsun. Baxmayaraq ki, ərəb dünyasındakı şiələr birdirlər, amma onların arasındakı fərqlilikləri də görməmək olmur. Ərəblər əsas teoloji mərkəz olan Nəcəfə nəzarət edirlər və İranın Qum şəhərindəki şiə təhsilinin mərkəzi ilə rəqabət halındadırlar. İranlılar ümidlidirlər ki, İraqdakı hakimiyyət vakuumu onlara bu ölkədə öz təsirlərini möhkəmləndirməyə imkan verəcək. Amma bu arzular hələ ki çin olmayıb. İranın özündə liberal və mühafizəkarlar fraksiyası arasında rəqabət gedir. Bu qarşıdurma isə İranı beynəlxalq aləmdə baş verən proseslərdən kənarda qoya bilər.     

Buna görə də, İran qonşularının zəifliyindən istifadə etməyə nə qədər çalışsa da, Tehranın özündə baş verən dəyişikliklər onun regional lider olmaq ambisiyalarına zərbə vura bilər”.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər