Modern.az

Bahar Muradova: "Onlarla rəqib kimi də mübarizə aparacağıq»

Bahar Muradova: "Onlarla rəqib kimi də mübarizə aparacağıq»

27 Sentyabr 2010, 15:43

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu günlərdə açıqladığı namizədlər siyahısında tanınmayan qadın və gənc namizədlər xüsusilə çoxluq təşkil edir. Belə olan halda, YAP-ın yeni və tanınmayan namizədləri seçkilər prosesində tanınmış, o cümlədən nüfuzlu namizədlərlə mübarizədə rəqabətə davamlı ola biləcəklərmi?
Bununla bağlı Modern.az-a açıqlamasında MM sədrinin müavini, hakim partiyadan növbəti dəfə deputatlığa namizəd olan Bahar Muradova bildirib ki, rəqabətə davamlı olmaq üçün bu xanımlar və yeni simalar, o cümlədən gənclər daha ciddi şəkildə siyasi kampaniyada iştirak etməlidirlər.
Vitse-spikerə görə, həmin şəxslər öz fəaliyyətlərini ortaya qoymalıdırlar ki, onlara olan münasibət də ortaya qoyulsun.

«Əks təqdirdə bu insanları ictimaiyyətə necə təqdim etmək olardı? Bu insanlara indiyə qədər öz peşələrinin, seçdikləri sahənin nümayəndələri, eyni zamanda, YAP-ın fəalları kimi münasibət formalaşıb. Amma indi artıq onlar YAP-ın parlament seçkilərində iştirak edən rəsmi namizədləri qismində çıxış edirlər və təbiidir ki, bu fəaliyyət daha fərqlidir, ona münasibət də fərqli olacaq» - deyə vitse-spiker bildirib.

Bəzi YAP-çılar partiya rəhbərliyinin sərt açıqlamalarına rəğmən, hələ də öz namizədliklərini irəli sürməkdə israrlı oldunqlarını bildirirlər. Onların taleyi necə olacaq?
Hakim partiya təmsilçisinin qeyd etdiyinə görə, bu məsələ ilə bağlı YAP-ın mövqeyi hələ siyahı dərc olunmazdan xeyli əvvəl də bəlliydi və bu baxımdan, onlar YAP-ın hər bir üzvünün partiyanın qərarına hörmətlə yanaşacağını düşünürlər: «Bu gün də o mövqedəyik və qeyd edək ki, bu, cəmi bir neçə, çox az sayda faktdır. İnanırıq ki, həmin şəxslər də zamanında namizədliklərini geri götürərək, YAP-ın qərarının yerinə yetirilməsində fəal şəkildə iştirak edəcəklər».

Belə fikirlər də var ki, YAP-ın siyahısı əsl siyahı deyil, əsl, həqiqi siyahı başqadır və YAP, o cümlədən, iqtidar həmin siyahıdakıların deputat seçilməsinə çalışacaq. Elə ötən həftənin şənbə günü YAP-ın namizədlər siyahısında dəyişikliklər edilməsi də bu yöndə səslənən fikirlərin əsassız olmadığını göstərir.

Vitse-spiker isə bununla bağlı qeyd edib ki, YAP-ın bir siyahısı var, o da İdarə Heyətində təsdiqlənib, mətbuatda dərc olunub və Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. «Bundan əlavə, kimlər hansısa siyahılar düzəldib, onun ətrafında diskussiyalar aparırlarsa, bu, artıq onların öz işidir və mən şəxsən bununla bağlı şərh vermək istəmirəm».

 «Sizin fikrinizcə, bu namizədlərdən kimlər daha çox şanslıdır, kimlərin seçilmə ehtimalı daha güclüdür» sualına cavabında B.Muradova bildirib ki, bu məsələni seçicilər müəyyən edir, edəcək və YAP hər bir dairədən öz namizədini eyni dərəcədə müdafiə edəcək və daha şanslılar mandat da əldə edəcəklər.

Yeri gəlmişkən, müxalifət düşərgəsində 5 seçki bloku yaranıb. Görəsən, B.Muradova onlardan hansını hakim partiyaya daha ciddi ciddi rəqib sayır?
Vitse-spikerin dediyinə görə, seçki prosesində istər bloklardan, istər fərdi qaydada iştirak edən hər bir şəxs YAP-a rəqibdir: «Amma onların hansı daha ciddidir, bu barədə fikir söyləmək istəməzdim. Çünki bu, YAP-ın potensialı,malik olduğu sosial dayağı və digər imkanları qarşısında çox kiçik görünür. Bununla belə, biz onların hər birinə rəqib kimi yanaşırıq və onlarla rəqib kimi də mübarizə aparacağıq».

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır